Deputat seçilənlər rektor vəzifələrini itirəcəklər

Fazil Mustafa: “Verilən qərarı doğru sayıram”



"Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər”.
Bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb: "Qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər”. Məlumat üçün bildirək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.

Qərarı dəyərləndirən Böyük Quruluş Partiyasının sədri (BQP), millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında qeyd edib ki, rektorluqla deputatlıq fəaliyyətini bir araya sığışdırmaq çox çətindir: "Ali məktəb idarəçiliyi və eyni zamanda deputatlıq fəaliyyəti çox mürəkkəbdir. Bu işləri bir araya sığışdırmaq asan deyil. Ona görə də verilən qərarı doğru sayıram. Bu, gələcəkdə vəzifəli şəxslərin həm icra, həm də qanunverici orqanda təmsil olunmasının qarşısını alacaq”.

Ayyət Əhməd