Bəxtiyar Sadıqov: “Parlamentdə dəyişiklik tədricən baş verməlidir”

“Jurnalist bir növ yarım siyasətçidir”





Yeni Azərbaycan Partiyası parlament seçkisi ilə bağlı namizəd siyahısını açıqlayıb. Hakim partiya 118 dairədən namizəd irəli sürüb. YAP-ın namizəd göstərdiyi tanınmış şəxslər arasında "Azərbaycan” qəzetinin baş redaktoru, hazırkı millət vəkili Bəxtiyar Sadıqov da var. Parlament seçkisi və cəmiyyətdə müzakirə olunan məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran baş redaktor deyib ki, jurnalistlərin Milli Məclisdə yer almaq haqqı var. Çünki dövlət də, xalq da media nümayəndələrinə etimad göstərir.

- Bəxtiyar müəllim, bəziləri elə hesab edirlər ki, jurnalistlərin parlamentdə təmsil olunması onların özlərinə, peşələrinə qarşı hörmətsizlikdir. Onlara görə, jurnalist öz peşəsi ilə məşğul olmalı və siyasətə qarışmamalıdır. Bu fikirlərə münasibətiniz necədir?

- Bəzi adamlar qıcıqlandırıcı açıqlamalarla mətbuat nümayəndələrinin diqqətini cəlb etməyə və gündəmdə qalmağa çalışırlar. Əlbəttə, bu, onların öz işidir. Amma Azərbaycan parlamentində bütün çağırışlar üzrə çoxsaylı jurnalistlərin olması çox gözəl haldır. Çoxsaylı deyəndə mən bir-iki nəfəri nəzərdə tutmuram. Dördüncü çağırışda 6-7 jurnalist var idi. Hesab edirəm ki, parlamentə seçilən jurnalistlər özlərini doğruldublar. Əvvəla, jurnalistlər təkcə parlamentə düşəndən sonra deyil, elə əvvəlcədən siyasətlə məşğul olurlar. Jurnalistlər daim siyasətçilərlə  işləyir, onlardan müsahibələr alırlar. Yəni müxbirlər siyasi mövzular yaza-yaza dünyada və Azərbaycanda baş verən proseslərdən xəbər tuturlar. Ölkənin inkişaf xəttini və əsas prinsiplərini dərindən öyrənirlər. Bu baxımdan jurnalist bir növ yarım siyasətçidir. Ona görə də qanunvericilik prosesində səmərəli şəkildə işləyə bilirlər.

- Xarici ölkələrdə də jurnalistlər parlamentdə təmsil olunurlarmı?

- Bəli, dünya praktikasında da jurnalistlər hər zaman parlamentə seçiliblər. Bilirsiz, media sənəti elədir ki, jurnalistlər cəmiyyət içində tanına bilirlər. Bu baxımdan onların ictimaiyyətdə səs yığması daha asan olur. Gözəl məqamlardan biri odur ki, YAP-ın ötən gün açıqlanmış siyahısında da bir neçə jurnalistin adı var. Bu o deməkdir ki, hakim partiya jurnalistləri dəstəkləyir və onların namizədliyini irəli sürür. Eyni zamanda bizim xalqımız ağlı başında olan, dövlətçiliyə xidmət edən, peşəkar yazılar yazan, insanları bir istiqamətə yönəldən jurnalistləri tanıyır və seçkidə onlara etimad göstərirlər. Həm iqtidarın jurnalistlərlə olan yaxşı münasibəti, həm xalqımızın mətbuat işçilərinə etimad göstərməsi və jurnalistlərin bu sahədə özlərini doğrultması sübut edir ki, media nümayəndələrinin Milli Məclisdə yeri var. Bu, birmənalıdır. İnanıram ki, indiki seçkidə də Azərbaycan xalqı öz namizədliyini irəli sürmüş jurnalistlərə dəstəklərini verəcəklər.

- Müxtəlif təbəqədən, fərqli peşələrdən insanlar da parlamentə düşmək üçün can atırlar. Qanunvericilik orqanında təmsil olunmaqla bağlı irəli sürülən təşəbbüsləri necə dəyərləndirirsiniz?

- Kiminsə parlamentdə təmsil olunmaq istəyi çox yaxşı arzudur. Özünə güvənən insanlar adətən bu addımı atırlar. Amma parlament elə bir yerdir ki, bura yalnız səsvermə zamanı seçicilərin səsini qazanmaqla düşmək mümkündür. Ona görə də, arzulara nə qədər hörmətlə yanaşsaq da, nə qədər alqışlasaq da, son nəticəni xalqın rəyi həll edir. Müxtəlif peşə sahiblərinin parlamentə düşüb-düşməməsinə gəldikdə isə, hər hansı sahəyə məxsus adamın Milli Məclisdə yer ala bilməməsi və yaxud həmin sahədən sadəcə bir şəxsin parlamentə düşməsi o demək deyil ki, həmin sahə ilə bağlı heç bir qanun qəbul olunmayacaq və axsama olacaq. Məsələyə belə yanaşmaq düzgün deyil. Çünki parlamentdə ayrı-ayrı komitələr var. Hər sahənin öz mütəxəssisləri var. Onlar məsələni araşdırır, müzakirə edir və onunla bağlı müvafiq qərarlar, təkliflər hazırlayırlar. Dövlətimiz də lazımi addımları atır. Cənab Prezidentin imzası ilə sistemli şəkildə qanun layihələri Məclisə daxil olur. Lakin buna baxmayaraq, özünə güvənən istənilən peşə sahiblərinin parlamentə düşməsini və təmsil etdiyi sahənin inkişafına xidmət etməsini alqışlayıram.

- Son zamanlar müzakirə olunan məsələlərdən biri də deputatların yaş həddi ilə bağlıdır. Sizcə, qanunverici orqanda təmsil olunan şəxslərin çox gənc və ya çox yaşlı olması problem yaradan amil hesab olunurmu?

- Bizim əlimizdə olan iki mühüm sənəddən biri Konstitusiya, digəri isə Seçki Məcəlləsidir. Azərbaycan Konstitusiyası deputat seçimi ilə bağlı başlanğıc yaşı müəyyən edib. Amma son yaş həddi təyin olunmayıb. Xalqımızın gözəl misalı var, deyirlər, "ağıl yaşda yox, başdadır”. Gedib seçicilərlə görüşən, onlarla iş aparan, parlamentə düşəcəyi təqdirdə faydalı və səmərəli iş görəcəyi ilə bağlı seçiciləri inandıran şəxslər seçkidə xalqdan mandat ala bilirlər. Çünki camaat həmin adamın yaşı ilə yox, daha çox gördüyü işlərlə maraqlanır. Fikrimcə, parlamenti gəncləşdirmək olmaz. Çünki parlament gənclər məclisi deyil. Təbii ki, Milli Məclisdə gənclərin nümayəndəsi olmalıdır. Bu ayrı məsələ. Amma seçimi xalq edirsə, xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Parlament daha çox təcrübəli insanların, dünya görmüş adamların, müxtəlif məsələlərə bələd olan şəxslərin, mütəxəssislərin yeridir.

- Bəs, həddindən artıq yaşlı insanların parlamentdə yer alması nə qədər səmərəli hesab oluna bilər?

- Axı biz deyə bilmərik ki, kimsə yaşa dolubsa, o artıq qocadır, ona görə də parlamentə gəlməsin. Ağsaqqal sözü hər zaman önəmlidir. Parlamenti müdrik insanlardan məhrum etmək olmaz. Əgər biz süni maneə yaratsaq, bu, insanların haqqının, hüququnun pozulmasına səbəb olacaq. Parlamentin budəfəki çağırışında müəyyən faiz gənclər və eyni zamanda yaşlı insanlar var idi. Şəxsən mən hesab edirəm ki, Azərbaycan parlamentində ənənənin yaşaması üçün yaşlı və təcrübəli insanların, bir neçə dəfə mandat almış şəxslərin yenidən deputat olmasına çox böyük ehtiyac var. Qoy, gənclər gəldikcə yaşlı nəsil ənənəni onlara ötürsünlər və sonra orta nəsil yetişsin. Onsuz da insanlar ömürlərini başa vurduqdan, yəni sıradan çıxdıqdan sonra gənc nəsil istər-istəməz yaşlıların yerini tutur və ənənəni özündə yaşadır. Parlamentdə dəyişiklik tədricən baş verməlidir. Amma Milli Məclisdə süni şəkildə gənclərin sayını artırmaq, qocaları ora buraxmamaq qəbuledilməzdir. Parlament təmkinli, səbr etməyi bilən, ən ağır situasiyalarda dövlətçiliyi düşünən, dövlətin xeyrinə qərar çıxartmağı bacaran insanların, səriştəli ziyalıların yeridir. Əks halda, parlamentin dövlətimizə və xalqımıza faydası dəyməz.

- ATƏT-in beynəlxalq müşahidəçilikdən boyun qaçırması, seçkiyə bu cür münasibət göstərməsi nədən qaynaqlanır?

- Heç kimə sirr deyil ki, Azərbaycana qarşı bir qərəz, bir ədalətsizlik var. Azərbaycanın müstəqil siyasət yürütməsi bütün məsələlərdə yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarını güdməsi, forpost ölkəyə çevrilmək istəməməsi ölkəmizə qarşı güclü qıcıq yaradır. Qərb dairələri istəyirlər ki, Azərbaycan onların dedikləri ilə oturub-dursun. Ancaq Azərbaycan Heydər Əliyev siyasi kursu ilə yolunu davam etdirir. Bizim çox müdrik Prezidentimiz var. O, Azərbaycan xalqının və dövlətinin maraqlarını birmənalı şəkildə, yüksək səviyyədə qoruyur və öz siyasətini təmkinlə yeridir. Bu qurumlar görəndəki artıq Azərbaycan onların "çaldığına oynamır”, çalışırlar ki, seçki ərəfəsində hansısa təzyiq üsulları ilə aranı qarışdırsınlar. Ancaq bu, baş tutmur. Çünki ATƏT-ə üzv olan, Avropa İttifaqına üzv olan bir çox ölkələrlə bizim ikitərəfli yaxşı əlaqələrimiz var. O əlaqələr hesabına hər bir dövlətdən ayrı-ayrı müşahidəçilər Azərbaycana gələcək və seçkini izləyəcəklər. Bütün müşahidəçilər şahid olacaqlar ki, Azərbaycanda seçkilər necə demokratik və şəffaf keçir.

- Ölkə daxilində də seçkiyə birmənalı münasibət olmadı. "Milli Şura” adlanan qurumun seçkini "boykot” etməsini necə dəyərləndirirsiniz?

- Təəssüflər olsun ki, bizdə də xaricdəki anti-Azərbaycan şəbəkələrinə xidmət edən qüvvələr, "5-ci kolon”a üzv olanlar var. "Milli Şura” adlı qurumda cəmləşən həmin bu qruplaşmalar qrant aldıqlarına görə, xaricdəki ağalarının dediklərini təkrar edirlər. Boykot o deməkdir ki, əgər sən seçkidə iştirak etmirsənsə, o seçki baş tutmur. Əsl boykot budur. "Milli Şura”nın seçkidə iştirak etməməsi seçkinin nəticələrinə zərrə qədər təsir göstərirmi? Qətiyyən yox. Deməli, onların seçkidən imtinasını boykot adlandırmaq düzgün deyil. Onlar qorxurlar, çünki heç bir potensiala malik deyillər. Seçkidə uduzacaqlarını bildikləri üçün bəri başdan marafona qatılmırlar. Yəni əslində seçkini yox, özlərini boykot edirlər. Çünki yaxşı bilirlər ki, xalq dövlətin maraqlarını qorumayan həmin şəxslərin özlərini boykot edəcək.

İsmayıl