Az deyil: Millət vəkili elmə ayrılan vəsaiti normal sayır





2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri isə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılıb. Büdcə proqnozlarını şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlunun hesablamalarına görə, növbəti ildə xərclərin həcmi bu illə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılıb.

Beləliklə, növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiyə, 14 manatı dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpiyi sosial müdafiəyə və təminata, 11 manat 30 qəpiyi müdafiəyə, 10 manat 50 qəpiyi təhsilə, 7 manat 60 qəpiyi dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manatı məhkəmə hakimiyyəti, hüquq-müdafiə və prokurorluğa, 4 manat 60 qəpiyi səhiyyəyə, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqçılığa, 81 qəpiyi elmə, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcminin cari illə müqayisədə az proqnozlaşdırılması və hər 100 manatdan 81 qəpik ayrılması bir çox elm xadimi, habelə iqtisadçı-ekspertlər tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Bəs görəsən, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik, millət vəkili Nizami Cəfərov necə düşünür?

Proqnozlaşmadan əvvəl dövlətin büdcə siyasətinin dərindən araşdırıldığını və xüsusi müəyyənləşdirmələrin aparıldığını vurğulayan millət vəkili bu gün Azərbaycanda elm sahəsinin kifayət qədər inkişaf etdiyi qənaətindədir. Elmin daha çox inteqrasiya sahəsi olduğunu deyən professorun qənaətincə, bir ölkədə elmin inkişafından danışmaq xeyli dərəcədə şərtidir. Konkret olaraq, büdcədən elmə ayrılan vəsaitin azlığına gəldikdə isə N.Cəfərov Azərbaycan elminin xərcləri tək dövlət büdcəsi hesabına həyata keçirilmədiyini bəyan edib: "Elmə xərclənən vəsait arasında beynəlxalq qrantların da xüsusi çəkisi var. İstənilən halda böyük elm öz nailiyyətini tapır. Burada yalnız Azərbaycan büdcəsindən ayrılan vəsait rol oynamır. Dövlət büdcəsi heç vaxt elmə gərəkdiyindən az vəsait ayırmır. Əgər gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi azaldılıbsa, deməli, həyata keçiriləcək elmi tədqiqatlara həmin miqdarda xərc tələb olunur. Hətta mən hesab edirəm ki, elm sahəsində daha çox islahatlar aparmaq lazımdır. Heç kəsə sirr deyil ki, bir çox hallarda dövlət büdcəsindən elmi tədqiqatlara ayrılan vəsait elmin özünə gedib çatmır. Bu mənada dövlət büdcəsindən elmə nə qədər pul ayrılmasından daha çox həmin vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi üzərində düşünmək lazımdır”.

Bugünkü iqtisadi böhran şəraitində elmə ayrılan vəsaitin heç də az olmadığını vurğulayan millət vəkilinin sözlərinə görə, bütün sahələrdə xərclər azaldılıb: "Həm də ki, elmə ayrılan vəsaitin bir qədər azaldılmasının perspektivə heç bir təsiri olmayacaq. Dediyim kimi, burada inteqrasiya, beynəlxalq qrantlarla bağlı şərtlər, ünvanlı ayırmalar var. Büdcədən elmə ayrılan vəsait daha çox formal xarakterlidir”.

Şəymən