Məktəbdə biabırçılıq...

“Valideynlər püşk çəkiblər və beləliklə, 22 nəfər şagird tanınmış müəllimənin sinfində oxumaq hüququ qazanıb”



Jurnalist həmkarımız Rufik İsmayılov sosial şəbəkədə dünən yeni tədris ili ilə bağlı, necə deyərlər, qatı açılmamış məlumat paylaşıb. "Abşeron rayonundakı orta məktəblərdən birində məktəb direktoru "yeni metod”dan yararlanıb. Yaxşı ibtidai sinif müəlliməsi kimi tanınan bir xanımın sinfinə uşaq qəbulunda "şirinlik” adı ilə hər valideyndən 20-50-80 AZN pul alınıb. Sentyabrın 15-i Bilik günü aydın olub ki, həmin müəllimənin sinfində oxuyan "şirinlik qurbanları”nın sayı həddindən çoxdur. Yəni, həmin sinifdə maksimum 22 uşaq oxumalı olduğu halda, nə az, nə çox, düz 40 nəfər uşaq yığılıb. Valideynlərə bildiriləndə ki, bu sinifdə bu qədər uşaq çoxdur, bəziləriniz uşaqlarınızı digər müəllimlərin sinfinə yazdırın, əməlli-başlı narazılıq yaranıb. Hər kəs "şirinlik” verdiyindən tələb edib ki, məhz onun uşağı bu müəllimənin sinfində qalmalıdır. Axırda məktəb direktoru bu məsələni püşkatma yolu ilə müəyyənləşdirməyə çalışıb. Valideynlər püşk çəkiblər və beləliklə, 22 nəfər şagird tanınmış müəllimənin sinfində oxumaq hüququ qazanıb. Amma bu gün narazı valideynlərdən bir qismi yenidən uşaqlarını gətirib məhz həmin müəllimənin sinfinə qoymaq üçün təkid ediblər. Beləliklə, "tamaşa” davam edir...”

Sosial şəbəkədə yazılanlara münasibət bildirən təhsil eksperti, təcrübəli pedaqoq Nadir İsrafilov isə bu fikirdədir ki, məlumatı yayan şəxs məktəbin ünvanını konkret göstərməlidir. Təhsil naziri dəfələrlə bildirib ki, rast gəlinən neqativ hallarla bağlı nazirliyin "Qaynar xətt”inə məlumat verilsin. Ya da, məktəbin ünvanını konkret göstərməklə, işin məsuliyyətini əlaqədar qurumların öhdəsinə buraxmaq lazımdır:

- Təəssüf ki, belə hallara hələ də rast gəlinir. Amma məktəbin nömrəsini göstərməməklə məlumatın doğruluğu şübhə altına düşür. Burada nə var, hansı məktəbdir, açıq bildirsinlər, ölçü də götürülsün. Ölçü götürülməsə, o zaman mənfi rəy bildirmək olar. Mən dəfələrlə demişəm ki, məktəblərdə rüşvət, korrupsiya hallarına yol verilməsində çox zaman birbaşa valideynlər günahkardır. Valideyn rüşvət tələbi ilə üzləşirsə, bunu lazımi orqanlara bildirməlidir. Daha "ayıbdır”, "uşağım o sinifdə oxuyur, müəllimlə sabah üz-üzə gələcəyəm” yersiz bəhanələri ilə özünü kənara çəkməməlidir. Belə gedəcəksə, çətin ki, biz təhsildə dəyişikliklərə nail olaq.

Məlahət