Neftin qiyməti qalxa bilər

“Bazarda tələb təklifi üstələməlidir”



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətindən danışıb. O, "Şərq”ə bildirib ki, neftin qiyməti 55 dollara qədər qalxa bilər. Mərkəz sədrinin sözlərinə görə, adətən sentyabr ayının ikinci yarısında neft qiymətlərində müəyyən dərəcədə artım müşahidə olunur:

"Əslində bu, yığımla bağlıdır və mövsümi xarakter daşıyır. Ehtimallara görə, neftin qiyməti mövsümlə bağlı olaraq arta bilər. Lakin hazırda neft iqtisadi faktorlardan asılıdır. İndiki vəziyyətdə dünya bazarında təklif tələbi üstələyir. Avqust ayından bu günə qədər müşahidə etmişik ki, neftin qiyməti aşağı düşdüyü qədər sonradan həmin dərəcədə artır. Buna görə də neftin qiyməti 55 dollara qədər qalxa bilər”.

Müsahibimiz diqqətə çatdırıb ki, neftin qiymətlərinə dair verilən proqnozlar da bu qiymətlərə təsir göstərir: "Ötən həftə Amerikanın Enerji Agentliyi neft qiymətləri ilə bağlı açıqlama verdi. Bu proqnoz həftənin sonunda neftin qiymətinə öz təsirini göstərdi və neft 47 dollara qədər ucuzlaşdı. Bu tip öncədən verilən proqnozlar bazara neqativ təsir edə bilir”.

İ.Şabah onu da əlavə edib ki, enerji bazarını qızdıran amillər olmalıdır: "Bazarda tələb təklifi üstələməlidir. Əgər bu qış soyuq keçərsə, bu zaman enerji ehtiyatına ehtiyac çoxala bilər. Ya hər hansı bir təlatümlü vəziyyət yaranarsa, bu da qiymətlərə öz təsirini göstərə bilər”.

Ayyət Əhməd