Sinif otaqlarını dar ağacına dəyişirlər





Azyaşlıların intihar xəbərləri yeni dərs ilinin ilk gününü qaraltdı. İsmayıllıda 12 yaşlı oğlan məktəb çantası və köynəyi olmadığına görə intihar etdi. Dünənsə Cəlilabad rayonunda oxşar faciə baş verdi. Bu barədə "Report” saytına Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayonun Gülməmmədli kənd sakini, 12 yaşlı T.Ə. özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib.

Bilik günü məktəbə getməli, sinif yoldaşları ilə deyib-gülməli, yay tətili xatirələrini bölüşməli olan uşaqlar nədən fərqli yol seçdilər? Məktəbi, bilik almağı, həmyaşıdları ilə birgə sinif otaqlarında əyləşməyi dar ağacına dəyişdilər? Cəlilabad rayonundakı balacanın ölümünün səbəbləri bilinmir. İsmayıllıdakı intihara isə yeni məktəbli çantası və köynəyin olmaması göstərilir.

Bu səbəblərin nə dərəcədə həqiqət olduğunu bilmirik. 12 yaşlı oğlan bu barədə kimə danışıb, kimə gileylənib? Ola bilər, qonşuları, ya da həmin ailəyə yaxın birisi 12 yaşlı İsmətin çanta istədiyini, köynəyinin olmamasından gileyləndiyini eşidib. Bəlkə də İsmət sentyabrın 15-ni həsrətlə gözləyirmiş. Ata-anası ona məktəbli çantası və köynək alacaq deyə. Arzular puç olub, istəklər həyata keçməyib. Və İsmət həyatdan küsüb gedib. Məktəb çantası və ya təzə köynəyin yoxluğu 12 yaşlı uşağı ölümə apara bilərmi? Bəs bundan niyə onun təhsil aldığı məktəb, müəllimləri, qohum-əqrəbası xəbərsizmiş? Yəni, bir uşağa məktəb çantası və köynək almağa heç kimin maddi imkanı olmayıb? İnanmaq çətin olsa da, sosial durumu uşaqlarına məktəb ləvazimatları almağa yetməyən ailələrin olduğu da bir həqiqətdir.

Ötən gün ANS telekanalının "Salam, Azərbaycan” proqramında Xaçmazda məktəbli çantasına, məktəbli formasına həsrət uşaqlar göstərilib. ANS öz imkanları hesabına bu uşaqlara məktəbli forması və başqa ləvazimatlar alıb hədiyyə edib. Bəs yerdə qalanlara kim yardım edəcək? Efirdə var-dövlət nümayişi yarışına çıxanlar, aparıcıya avtomobil açarı təqdim edənlər, "biz cah-cəlala alışmışıq, taksiyə minsəm, ölərəm” deyən müğənnilər, barmağına üzük taxdıran, qoşa-qoşa mobil telefonlarla efirə çıxan, "balamı Avropa məktəbində oxutduracağam” deyən "ulduzlar” məktəbli çantasına həsrət qalan uşaqların olduğunu bilir, yəqin ki. Soruşsan, hamısı "biz xeyriyyəçiyik” deyib adamı borclu çıxararlar. Onları qoyaq bir kənara. Özünə güvənən, humanitar təşkilatlar yaradıb sədrlik edənlər, səhər yeməyini bir, naharı başqa restoranda, şamı isə ümumiyyətlə, xarici ölkə şəhərlərində edənlər... həm də bu uşaqların payını yediklərinin fərqində deyillərmi görəsən?!

İki azyaşlının faciəsindən ürək ağrısı ilə danışan sosioloq Əhməd Qəşəmoğlu isə "Şərq”ə açıqlamasında təhsil sistemində köklü islahatlara ehtiyac olduğunu dedi:

- Əvvəllər uşaqların təlim-tərbiyəsində, onların vətəndaş kimi tərbiyə edilməsində ailə və məktəb böyük rol oynayırdı. Son illər ailə uşaqların tərbiyəsindən sanki kənara çəkilib. Qalıb bircə məktəb. Ailə bu prosesdə iştirak etmədiyindən məktəbin funksiyaları artıb. Məktəb həm bilik verməli, həm də təlim-tərbiyə ilə məşğul olub vətəndaş yetişdirməlidir. Məktəbsə bu funksiyaların öhdəsindən gələ bilmir. Çünki bu işi təkbaşına aparmaq mümkün deyil. Məktəblə ailələr arasında rabitə pozulduğundan məktəb uşaqlar haqqında lazımi məlumatlara malik olmur. Məktəbin məlumat bankı olmalıdır və ailələrdəki vəziyyət barədə onlar müəyyən məlumatlara malik olmalıdırlar. Bilməlidirlər ki, şagirdlərin ailələrində vəziyyət necədir. Əgər hansısa ailədə maddi sıxıntı varsa, məktəb vasitəsilə həmin ailəyə ünvanlı sosial yardım ayrılmalı və ya hansısa humanitar təşkilatın xəttilə yardım edilməlidir. Bu işlər məktəbin tövsiyəsi ilə görülsə yaxşıdır. Məsələn, belə təkliflər səslənir ki, ibtidai sinif şagirdlərinə məktəbli forması, vacib məktəb ləvazimatları dövlət tərəfindən pulsuz verilsin. Amma elə bir dövrdür ki, bu iş hansı quruma tapşırılsa, orada yeyinti olmayacağına inam azdır. Amma bu iş məktəbin tövsiyəsi ilə, şagirdlərin ailələrinin maddi durumu barədə məlumatlara söykənilməklə və humanitar təşkilatların xətti ilə həyata keçirilsə, daha müsbət nəticələr əldə edilər. Görün, vəziyyət nə yerdədir ki, valideyn uşağına məktəbli çantası, köynək ala bilmir. Hardasa uşaqlar geyimləri, çantaları, dəftər-qələmləri yoxdur deyə, məktəbə gedə bilmirlər. Biz hansı əsrdə yaşayırıq?! Məktəb hər bir şagird haqqında ətraflı məlumatlara malik olmalıdır. Şagirdlərin həyatı, harada, hansı şərtlər altında yaşadıqlarını onların müəllimləri bilməlidir. Biz bu gün 12 yaşlı 2 uşağın intihar etməsindən xəbər tutmuşuq. Daha dəhşətlisi isə budur ki, bəlkə də 2000 uşaq mənən sınmış, gözü kölgəli gəzir. Daxilən, mənən sınmış uşaq əslində, intihar etmiş kimidir. Sağdır, amma həyatda yeri qalmayıb. Mənəvi zərbə almış insandan bütöv şəxsiyyət, ləyaqətli vətəndaş olacağını gözləyə bilmərik. Təhsil sistemimizin problemi budur ki, bir sinifdə 20 şagirddən 5-i yaxşı oxuyur, qalan 15-i zəif, pis oxuyursa, 11 il bu uşaqlar tənbeh edilir, danlanır, kiçildilir. "Niyə pis oxuyursan? Niyə filankəs kimi deyilsən?” və s. ifadələri uşaq hər gün eşidir. Bu, həmin uşağın şəxsiyyət kimi formalaşmasına artıq mane olur. Bu uşaq özünü bacarıqsız, fərsiz hesab etməyə başlayır. Hətta əlaçı şagirdlərə, varlı ailələrə qarşı onda nifrət, ikrah hissi də oyanır.

Sosioloq uşaqlardan bixəbərliyin, ağır maddi durumda yaşayan ailələrə yardım edilməməsinin səbəbini isə cəmiyyətdəki eybəcər axınla - maddiyyat yarışı ilə əlaqələndirdi:

- İndi insanlar maddiyat yarışına çıxıb. Bu, çox təhlükəli haldır. Harda ki, mənəvi dəyərlər deyil, maddiyyat yarışır, maddiyyat mənəviyyatdan önə keçir, o cəmiyyətdə eybəcərliklər çoxalır. 12 yaş çox təhlükəli bir dövrdür. Bu yaşlarda uşaqlarda formalaşma prosesi gedir. Uşağın gələcəkdə necə insan olacağı onun yeniyetməlik dövründə necə tərbiyə olunması, necə formalaşmağından asılıdır. Bir sinifdə valideyni yüksək vəzifə tutan, pullu bir uşaq varsa, digərlərindən üstünlüyünü nümayiş etdirir. Onu məktəbə bahalı avtomobillə aparıb-gətirirlər, əlinə bahalı mobil telefon verirlər, dərsdə öyrənmir, dərsdən sonra müəllim yanına gedir və s. Belə-belə həmin şagird və ya şagirdlər öz həmyaşıdlarından fərqlənməyə başlayır. Bununla heç də demək istəmirəm ki, hamı eyni olmalıdır, xeyr, amma insan başqa bir insandan üsünlüyünü maddiyata söykənərək nümayiş etdirməməlidir. Ailələr də bu cür məsələlərdə diqqətli olmalı, uşaqlarına düzgün tərbiyə verməlidirlər.

Məlahət