Media və seçkilər...

Müşfiq Ələsgərli: “KİV-in aktiv prosesə qatılması üçün seçki məcəlləsini və MSK-nın təlimatlarını öyrənmək və yerinə yetirmək vacibdir”
Eyvaz Qocayev: “Media namizədlə seçici arasında bir körpüdür”


(Əvvəli ötən sayımızda)

İstənilən proseslə bağlı "cəmiyyətin güzgüsü” sayılan medianın rolu bütün dünyada yüksək qiymətləndirilir. Məxsusi olaraq seçkilər dövründə KİV-ə çox böyük üstünlük verilir. Çünki siyasilər hər zaman öz təbliğatlarının istər yazılı, istərsə də elektron mətbuatda aparılmasında maraqlı olurlar. Ona görə də müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən rəngarəng KİV-lərin olması tələb olunur. Bu da bütövlükdə media qurumları arasında rəqabət mühiti yaradır.

Heç kimə sirr deyil ki, indiyədək ölkəmizdə bir çox seçki prosesi baş tutub. Bu seçkilərin hər birində ölkə mediası daha mütəşəkkil şəkildə iştirak edib. Şübhəsiz ki, müstəqilliyin ilk illərində seçkilərin mediamızda işıqlandırılması bu sahədə daha təcrübəli olan Qərb ölkələrinin KİV-lərindən geri qalırdı. Amma indiki halda Azərbaycan KİV-i müəyyən qədər təcrübə qazana bilib. Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli və beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında və vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər. Hətta son illər mətbuatın seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu da seçicilərdə maraq oyadır. Buna rəğmən qeyd edək ki, bəzi media orqanları seçki prosesində seçki və media prinsiplərinə zidd davranışlara yol verir. Bunun da səbəbini ekspertlər müxtəlif amillərlə - qeyri-peşəkarlıq, tərəfli mövqe və s. izah edirlər. Əlbəttə, belə arzuolunmaz nöqsanlar "Seçki prosesində Azərbaycan mətbuatı necə davranmalıdır” sualını gündəmə gətirir. Elə biz də bu sualın cavabını media kapitanları ilə aydınlaşdırmağa çalışdıq.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq”ə deyib ki, seçki prosesində medianın rolu böyükdür: "Ümumiyyətlə, KİV-in fəaliyyəti olmadan seçkini təsəvvür etmək mümkün deyil. Əslində media orqanları seçki prosesini işıqlandırmaqla yanaşı, həm də ayrı-ayrı namizədlərin reklamlarının dərc olunması baxımından da müstəsna önəm daşıyır. Bu baxımdan KİV-in seçki dövründə fəaliyyətini tənzimləmək üçün seçki məcəlləsində müəyyən maddələr nəzərdə tutulur. Eyni zamanda Mərkəzi Seçki Komissiyası (MSK) seçki məcəlləsindən irəli gələn bir sıra təlimatlar qəbul edib ki, bu təlimatlar da seçki dövründə KİV-in fəaliyyətinin tənzimlənməsi ilə əlaqədardır. Hesab edirəm ki, media quruluşları seçki prosesində həm müşahidəçi rolunu oynayacaq, həm də seçkinin gedişatını işıqlandıracaq. Onlar həmin təlimatlarla yaxından tanış olmalıdırlar. Bir daha qeyd edirəm ki, mətbuat seçki prosesində həm müəyyən namizədlərin reklamını vermək, həm seçkini işıqlandırmaq, həm də konkret müşahidəçilik aparmaq hüququna malikdir. Medianın seçkidə rolu budur. Bu baxımdan KİV-in aktiv prosesə qatılmaları üçün seçki məcəlləsini və MSK-nın təlimatlarını öyrənmək və yerinə yetirmək vacibdir”.

Müsahibimiz diqqətə çatdırıb ki, seçki prosesində iki istiqamətdə ciddi problemlər olur: "Bunlardan biri odur ki, KİV-lər ayrı-ayrı namizədlərlə müqavilələr imzalayıb, onların reklam xarakterli materillarını dərc edirlər. Belə məqalələrdə reklam işarəsinə mütləq diqqət yetirmək lazımdır. Yəni oxucu bunun reklam xarakterli yazı olduğunu bilməlidir. Bunun üçün fərqləndirmə işarələrindən istifadə olunmalıdır. Digər yandan KİV-də hansısa namizədlərlə reklam müqavilələri imzalanır və reklamı aparılır. Amma bu reklamlar etik çərçivədə olmalıdır. Çox müşahidə olunan məsələlərdəndir ki, seçki vaxtı ayrı-ayrı rəqib namizədlər biri-birinə qarşı kompramat xarakterli açıqlamalar verir. Etik prinsiplərdən kənar davranışlara yol verilir, təhqir və böhtana əl atılır. Bu cür namizədlərin KİV-lərlə reklam müqaviləsi olsa, media etik prinsiplərdən kənar olan materialları verməməlidir. Bu, mütləq prinsip kimi qorunmalıdır”.

Təşkilat sədrinin qənaətincə, seçki günündə KİV-lər yalnız müşahidə aparmaq hüququna malikdirlər: "Onların hansısa prosesə müdaxiləsi yolverilməzdir. KİV-lər bu barədə məlumatlı olmalıdırlar. Adətən, əvvəllər seçkilər dövründə mətbuat seçki prosesində biri-birinə qarşı mübarizə və kampaniya aparmamaq kimi müqavilələr imzalayardılar. Bu təcrübə var idi. Hesab edirik ki, xüsusi bir xartiyanın hazırlanmasına ehtiyac duyulmur. Hər halda media həssas məqamlarda diqqətli olmalıdır. KİV-lər öz aralarında rəqabət xatirinə qeyri-etik prinsiplərə yol verməkdən çəkinməlidirlər. Əlbəttə, bunlar qanunvericiliklə tənzimlənir. Həmçinin bununla yanaşı, jurnalistlərin etik davranış kodeksi var. Çox arzuolunandır ki, KİV-lər həmin prinsipləri əsas tutsunlar”.

"Seçki ərəfəsində xarici basqılar zamanı KİV-lər necə davranmalıdır” sualına gəlincə, M.Ələsgərli qeyd edib ki, bütün məlumatları cəmiyyətə çatdırmaq lazımdır: "İstər bəzi beynəlxalq təşkilat tərəfindən, istərsə də bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı təzyiqlər və qərəzli münasibətlər olur. Hazırda da bunun şahidiyik. Məxsusi olaraq, belə basqılar siyasi aktivlik dövründə daha da güclənir. Təbii ki, KİV-lər baş vermiş hadisə barədə informativ məlumatlar verməlidirlər. Bütün hallarda Azərbaycan jurnalistikası dövlətin yanında olub və yenə də dövlətin yanındadır. Hamı bilir ki, ölkəmizə qarşı başladılan kampaniya qərəzli xarakter daşıyır. Ona görə də, belə məlumatlar cəmiyyətimizə çatdırılmalıdır ki, insanlar ayıq olsun. KİV cəmiyyətin marağına xidmət göstərməlidir. Azərbaycan ictimaiyyətinin düzgün yol tutmasına çalışmalıdır”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanın yerləşdiyi ərazi dünyanın ən problemli regionlarından biridir: "Strateji baxımdan hədəfdəyik. Diqqət yetirsək görərik ki, qonşuluğumuzda olan bütün dövlətlər hazırda ağır vəziyyətdədir. Ona görə də jurnalistlərimiz çalışmalıdırlar ki, ölkəmizi problemli proseslərə sürükləməsinlər. Azərbaycanda sabitlik və dövlətçilik maraqları sona qədər qorunsun”.

"Sumqayitxeber.com” un baş redaktoru Eyvaz Qocayev diqqətə çatdırıb ki, 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri Azərbaycan üçün olduqca önəmli bir hadisədir: "Ölkənin növbəti 5 il üçün qanunverici orqanının tərkibini formalaşdıracaq bu seçkilərdə bir sıra taleyüklü məsələlərin həllinə töhfə verə biləcək layiqli insanların seçiləcəyinə inanıram. Bütün namizədlərə özüm də daxil olmaqla uğur diləyirəm. O ki qaldı medianın roluna, qeyd etməliyəm ki, həm media, həm də ictimai təşkilatlar prosesin həm açıq və şəffaf keçirilməsinə, həm də seçki prosesi üzərində ictimai nəzarətə töhfə verməlidirlər”.

"Qeydə alınmış namizədlərin təbliğatında medianın rolu nədən ibarətdir” sualına gəlincə, baş yazar bildirib ki, media namizədlə seçici arasında bir körpüdür. Onun əsas funksiyası əlaqələndirmədir: "Ancaq bu prosesdə media tərəfsizlik, peşəkarlıq və etik prinsiplərə əməl etməlidir. Namizədin birinin və ya bir neçəsinin qəsdən neqativ obrazını formalaşdırmaq və bunu digər bir namizədin xeyrinə tərəfgirlik etməklə həyata keçirmək yolverilməzdir. Media nümayəndələri millət vəkili olmaq üçün namizədliyini irəli sürmüş fərqli ictimai qruplara məxsus insanlarla tez-tez müsahibələr və reportajlar hazırlamalıdırlar”.

Xaricdən göstərilən basqılara toxunan müsahibimiz vurğulayıb ki, Azərbaycan demokratikləşmə yolunda addımlar atıb özünəməxsus nailiyyətləri olan bir ölkədir: "Ölkə heç bir qərəzli xarici təzyiqə boyun əymədən demokratikləşmə, media azadlığı, güclü ictimai sektorun qurulması yolunda önəmli addımlar atmağa davam etməlidir. Bu zaman xalqla dövlətin vəhdəti və harmoniyası Azərbaycanın mövqeyini və basqılar qarşısında gücünü daha da artıra bilər. Yəni ölkə daxilində davamlı islahatlar və dövlət-xalq vəhdəti ölkənin xaricində dövlətimizin gücünü artırar”.

Həmsöhbətimizin fikrincə, seçkilərin şəffaf keçirilməsində medianın rolu danılmazdır: "Belə ki, media reklam materialları ilə yanaşı, seçki xəbərlərini də yaymaqda maraqlı olmalıdır. Vaxtaşırı olaraq mərkəzi seçki dairələrində, hətta seçki məntəqələrində seçkiyə hazırlığın gedişi ilə bağlı xəbərlər media tərəfindən ictimaiyyətə təqdim edilməlidir. Habelə seçki qanunvericiliyindəki dəyişikliklərin mütəmadi olaraq çap və elektron mediada işıqlandırılması və seçki maarifləndirilməsinin media vasitəsilə təkmilləşdirilməsi vacibdir”.

Həmkarımız düşünür ki, namizədlər həmişə media və ictimaiyyətlə əlaqələrə önəm verməlidirlər: "Bu, birbaşa seçkidə namizədin toplaya biləcəyi səslərə təsir edə bilən bir faktordur. Namizəd özünü, keçdiyi həyat yolunu və millət vəkili seçildikdən sonra görəcəyi işləri məhz media

vasitəsilə seçicilərinə çatdırır. Son zamanlar çap mediası ilə müqayisədə elektron və ya onlayn-internet mediasının rolunun gücləndiyini görürük. Bu da internet istifadəçilərinin sayının artması, sosial şəbəkədə hesabı olan aktiv insanların çoxalması, informasiyanın onlayn rejimdə daha sürətlə yayılması və bunun daha az xərclə baş tutması ilə əlaqədardır.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb