Bazarda 20 min adda dərman var

“Bütün bunların hamısına nəzarət etmək, ölkəyə keyfiyyətli dərmanlar gətirmək çox çətin olacaq”




"İndiyə qədər keçirdiyimiz monitorinqlər zamanı qanun pozuntusu halları aşkarlanmayıb. Dərmanların üzərində qiymətlər göstərilib və bütün apteklərdə eyni adlı dərman vahid qiymətə satılır”. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

O bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri ölkədəki apteklərdə qiyməti təsdiqlənmiş dərman vasitələrinin monitorinqini aparırlar. Məlumat üçün bildirək ki, sentyabrın 15-dən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib.

Dərman bazarında tənzimlənmələrə ehtiyacın olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib ki, tənzimlənmələrə getmək üçün ilkin addım kimi icbari tibbi sığorta tətbiq olunmalı idi: "Belə olan halda insanlar dərmanların qiyməti haqda çox düşünməyəcəkdilər. Çünki icbari sığortanın əsas komponentlərindən biri vətəndaşın dərman preparatlarını alarkən sığorta tərəfindən qiymətin böyük bir hissəsinin ödənilməsi məsələsidir. İcbari sığortaya keçidlə bağlı 14 ildir ki, ilkin qərar var. Amma hələ ki, bu, reallaşdırılmayıb. Yəni qiymətin tənzimlənməsindən öncə, sözügedən addımın atılması vacib idi. Bu qərar bir çox problemlərin kökündən həll edilməsinə şərait yarada bilərdi. Əminəm ki, yaxın gələcəkdə hökumətin özündə bununla bağlı ciddi müzakirələr aparılacaq. İcbari sığortanın tətbiqi həyata keçiriləcək. Bu zaman dərmanların qiymətlərinin bazar tərəfindən tənzimlənməsi daha rahat olacaq”.

N.Cəfərlinin sözlərinə görə, dərman bazarında qiymət dövlət tərəfindən diktə olunacaqsa, bunun başqa fəsadları ortaya çıxacaq: "Tarif Şurası dərmanların adını deyil, malekullarını təsdiq edir. Həmin malekullar dünyanın müxtəlif ölkələrində istehsal olunur. Şirkətlər də gedib, onu Amerika və Almaniyadan baha qiymətə deyil, Hindistan və Pakistandan daha ucuz qiymətə alıb, gətirəcək. Yəni şirkətlər keyfiyyəti aşağı olan Hindistan və Pakistan dərmanlarına yönlənə bilərlər. Bu da malların keyfiyyətinə mənfi təsir göstərəcək. Əlbəttə, dərmanın keyfiyyəti yüksək olmayacaqsa, bu, insanların da səhhətinə ciddi ziyan vura bilər. Bu məsələyə kompleks yanaşmaq lazımdır. İndiki şəraitdə tək tənzimləmə mexanizmi ilə bütün bazara nəzarət etmək çox çətin olacaq. Çünki TŞ bu günə qədər bir neçə yüz dərman və malekulun qiymətini müəyyənləşdirib. Amma bazarda 20 min adla dərman dövriyyədədir. Bütün bunların hamısına nəzarət etmək, ölkəyə keyfiyyətli dərmanlar gətirmək çox çətin olacaq. Düşünürəm ki, paralel olaraq hökumət başqa addımlar da atmalıdır”.

Ekspertin fikrincə, Azərbaycan gömrük rüsumlarını xeyli aşağı sala bilər: "Çünki bu, iqtisadiyyatın ana qanunlarından biridir. Ölkə öz daxili istehsalçısını qorumaq üçün həmişə gömrük rüsumlarından istifadə edir. Bizdə daxili istehsal yoxdur. Ona görə də xaricdən gələn məhsulların gömrük qiymətlərini xeyli dərəcədə aşağı salmaq olar. Bu da qiymətlərin aşağı çəkilməsinə səbəb ola bilər. Bir çox mexanizmlər var ki, hökumət kompleks şəkildə bunu etməlidir və etsə, daha yaxşı effekt verər. Tək nəzarət və qiymətlə dərman bazarındakı problemlərin köklü həllinə nail olmaq mümkün olmayacaq”.

Ayyət Əhməd