Orta məktəblərdə şagird sıxlığı yaranıb

Əjdər Ağayev: “Təhsil qanununa görə, hər bir sinifdə maksimum 25 şagird olmalıdır”



Yeni dərs ilinin ilk günündən təhsil sahəsindəki bitib-tükənməz problemlər yenidən aktuallaşıb. Bu sahədə elə problemlər var ki, ilk baxışdan bir o qədər nəzərə çarpmasa da, təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məsələn, orta məktəblərin ibtidai siniflərindəki şagird sıxlığı. Əvvəldən də orta məktəblər üçün "başağrısı”na çevrilən bu problem orta ümumtəhsil məktəblərin birləşdirilməsi ilə əlaqədar daha da ciddi hal alıb.

Bir sinifdə 35-40 şagird olduqlarını iddia edən məktəb şagirdləri sinifdə nəfəs ala bilmədiklərini deyib, o ki qala təhsil. Təbii ki, 12 kvadrat metrlik bir sinif otağında 35 nəfər şagird yerləşdirib və bunun fonunda onlardan bilik tələb etmək absurd məsələdir.

Hələ 40-45 nəfərdən ibarət olan sinifdə müəllim bir dərs ərzində neçə uşağı dinləyib, sonra da yeni dərsi izah edə bilər?! Bütün şagirdlərə vaxt ayırmaq, görüləsi işləri çatdırmaq müəllimdən əlavə bir bacarıq tələb edir. Nəzərə almaq lazımdır ki, nə müəllim, nə də şagird robotdur.

Sinif otaqlarındakı sıxlığın birbaşa təhsilin keyfiyyətinə təsir göstərəcəyini vurğulayan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məktəblərin birləşdirilməsi prosesinin məntiqsiz bir yanaşma olduğunu vurğulayıb: "Məktəblərin birləşdirilməsinin hansı məntiqə söykəndiyini, hansı maraq və məqsədə görə həyata keçirildiyini deyə bilmərəm. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, müəllimlər, şagirdlər və valideynlər bu cür birləşmələrdən narazıdırlar. Etirazlara da səbəb alışdıqları müəllimlərinin, sinif yoldaşlarının və alışdıqları məktəb şəraitinin yeni məktəbdə olmamasıdır. Belə ki, kiçik məktəblər böyük məktəblərə birləşdirilən zaman artıq orada böyük məktəblərin ənənələri keçərli olur və digər məktəbin imkanları zəifləyir”.

Professorun sözlərinə görə, təhsil qanununa görə, hər bir sinifdə maksimum 25 şagird olmalıdır. Ancaq bizim məktəblərin ibtidai siniflərində 30-40 şagird olur. Elə yuxarı siniflərin özündə də kifayət qədər şagird sıxlığı yaşanır. Bu qədər uşağa dərs demək də müəllim üçün müəyyən çətinliklər yaradır. Halbuki, qəbul olunmuş pedaqoji tələblərə görə, bunlar qəbul olunmur.

Ə.Ağayev hesab edir ki, orta ümumtəhsil məktəblərinin ali məktəblər qədər böyük olmasının özü də doğru deyil: "Orta məktəblər yığcam olmalı və şagirdlərin ümumi sayı heç 2000-ə çatmamalıdır. Halbuki, bizdə birləşdirilməyən məktəblərdə belə 2000-dən artıq şagird təhsil alır. Məktəb tikintisi üçün təqdim olunan layihələrdə şagirdlərin sayı da təqdim edilməlidir. Vaxtı ilə 1200 şagird üçün tikilən məktəblərdə bu gün 1800-2000 şagird təhsil alır. Təbii ki, bu da siniflərdə şagird sıxlığına və tədris keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də ta əvvəldən məktəblərin birləşdirilməsinə qarşı olmuşam. Bunları etiraz məqsədi ilə demirəm. Bu layihəni həyata keçirənlərin özləri bilərlər. Amma 50 illik təcrübəyə sahib bir müəllim, mütəxəssis, bu sahənin tədqiqatçısı olaraq məktəblərin birləşdirilməsini məqsədəuyğun hesab eləmirəm”.

Professor deyib ki, məktəbləri birləşdirməzdən əvvəl onun pedaqoji əsasları irəli sürülməlidir: "Bütün müəllimlər işlə təmin olunmalıdır. Bəzən kiçik məktəbləri özünə birləşdirən böyük məktəblər hakimlik edib, balaca məktəbdən gələn müəllimlərə iş vermir, onları kənarda qoyur. Bu kimi narazılıqlar fonunda məktəbləri birləşdirib iki ad vermək əvəzinə, hərbi məktəbin öz adı ilə fəaliyyət göstərməsi daha məqsədəuyğundur. 189 nömrəli məktəblə 190 nömrəlini birləşdirib 189-190 nömrəli məktəb elədilər. Bunun nə mənası var ki? "190”-nın böyük bir tarixi ənənəsi var. Bu məktəb Sona Tağıyeva kimi təşəbbüskar direktoru olan və tarixə düşən bir elm ocağıdır. Belə bir məktəbi başqasına birləşdirməkdə nə məqsəd ola bilər ki? Bunun nə elmi, nə tarixi, nə də milli dəyər baxımından əsası var. Əksinə, mövcud olan bütün prinsiplərə ziddir. Hesab edirəm ki, məktəblərin birləşdirilməsi prosesi daha böyük problemlərə yol açmadan dayandırılsa, yaxşı olar. Necə deyərlər, zərərin yarısından dönmək də xeyirdir”.

Şəymən