Jurnalistikaya marağın azalmasının səbəbi bir deyil

Mütəxəssislərin, baş yazarların fikirləri jurnalistika fakültəsinin müəllimlərinin fikirləri ilə üst-üstə düşmür



(... əvvəli ötən sayımızda)

Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir.

Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir. Jurnalistika cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.

Lakin 2015-2016-cı tədris ili üçün ali məktəblərin qəbul proqramı çərçivəsində jurnalistika fakültəsi üzrə keçirilən qabiliyyət imtahanının nəticələri jurnalistika barədə deyilən bu sözləri şübhə altına alır.

Qeyd edək ki, jurnalistikaya cəmiyyətdə marağın olmamağı, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər. Ancaq bu il qəbul imtahanının nəticələrindən bu peşəyə marağın azaldığını açıq şəkildə görmək mümkündür. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində "Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.

Bəs bu peşəyə marağın azalmasına səbəb nədir?

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli bu faktı jurnalistikaya marağın azalması yox, qəbulun qüsurlu aparılması ilə izah edib. Qüsur isə TQDK-dan yox, qabiliyyət imtahanı ideyasının qızğın tərəfdarlarından qaynaqlanır: "TQDK normal standartlar və qiymətləndirmə meyarları hazırlayaraq təqdim edib. Amma adı esse qoyulmuş "inşa” yazılarını kimin yoxlaması vacibdir. Məsələn, mən burada qəzet redaktorlarının yazı yoxlamasının qəti əleyhinəyəm, çünki onların bəziləri bu yazıları psixoloji olaraq qəzet səhifəsinə çıxacaq material kimi gözdən keçirirlər. Digər tərəfdən, axı bir inşa yazmaqla biz necə müəyyənləşdirə bilərik ki, bu gənc yaxşı jurnalist olacaq? Bir də axı jurnalistika bədii yaradıcılıq deyil ki, tələbənin fantaziyasını, necə uydurmasını qiymətləndirək. Jurnalist materialı fakt əsasında, sənədlərə istinadən yazılan publisistik əsərdir. Yəni jurnalist gördüyünü, olanı doğru-dürüst yazmalıdır, yoxsa indidən təxəyyülə güc verən abituriyent sabah necə jurnalist olacaq. Ona görə də ya qabiliyyət imtahanının forması dəyişməli, ya da onu ləğv etməliyik. Məncə, ikinci yol daha doğru olardı ki, biz abituriyentin seçim imkanını məhdudlaşdırmayaq”. Professor belə hesab edir ki, iki il dalabadal uğursuz nəticənin göstərilməsi o deməkdir ki, "bizim qabiliyyət imtahanında "həvəsi olanlar gəlsin” arqumentimiz abituriyentlər üçün ciddi psixoloji maneəyə çevrilib. Ona görə də bir tədbir görülməlidir”.

Cəmiyyətin jurnalistika sahəsinə münasibətini şərh edən "Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, bu peşənin sahibi olmaq istəyənlərin sayının azalması bu günün və ya dünənin hadisəsi deyil. Bu proses uzun illər əvvələ gedib çıxır: "Mən 15 il əvvəl Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə dərs deyərkən bu ixtisas üzrə təhsil alan 25 nəfərdən maksimum 3-ü sırf jurnalist olmağı qarşısına məqsəd qoymuşdu. Göründüyü kimi, bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb. Qabiliyyət imtahanı tətbiq ediləndən sonra bu sahəyə yaxın duranların sayı azalıb. Çünki bu üsulla qəbul test üsuluna nisbətən çətin olduğundan, bu ixtisası sırf jurnalist kimi çalışmaq istəyənlər, bu peşəyə yiyələnməyi arzu edənlər seçir”.E.Şıxlının sözlərinə görə, ixtisas seçimində 1000 nəfər jurnalistika fakültəsini yazıb, əslində isə onların cəmi 10-u bu peşəyə yiyələnmək istəyəcəksə, ondan da 198 qəbul planı üzrə 100 nəfərin sırf bu ixtisası seçməsi daha məqbuldur: "Beləliklə, heç olmasa, 20 nəfər peşəkar jurnalist yetişər”. Elçin Şıxlı yaranmış vəziyyəti həm də ölkədə jurnalistikanın nüfuzdan düşməsilə əlaqələndirir: "Xalq jurnalistikası” deyilən anlayış var ki, bu da peşəkar jurnalistikaya ən böyük zərbədir. İnsanlar elə düşünür ki, onlar hər zaman jurnalist kimi çıxış edə bilər, xüsusən də sosial şəbəkələrdə. Bu gün demək olar ki, hər kəs sosial şəbəkələrdədir. Problem ondadır ki, kimsə orada hər hansı bir xəbəri paylaşan kimi özünü jurnalist hesab edir”.

Baş redaktor hesab edir ki, jurnalistika bir həyat tərzidir: "Əgər jurnalist həyat prinsiplərini ədalət anlayışı üzərində qurursa, qanunların işləməyini istəyirsə, ədalətsizliyə qarşı dözümsüzdürsə və haqsızlığı açıq formada ictimaiyyətə çatdırırsa, deməli, o, peşəsinə qəlbən bağlıdır. Yox, əgər özünü jurnalist sayan kəs sadalanan xüsusiyyətləri özündə görmürsə, bu peşə ilə sırf iş xatirinə məşğuldursa, iş saatı bitdikdən sonra artıq peşə fəaliyyətinin bitdiyini hesab edirsə, deməli, o, bu sahəyə qəlbən bağlı deyil. Əsl jurnalist günün 24 saatı da jurnalistdır”. Onun fikrincə, Azərbaycanda bu peşə sahiblərinin əməyinə uyğun əməkhaqqı ala bilməməsi də marağın azalmasına səbəb olan amillərdəndir: "Bu peşə sahibləri çəkdikləri əziyyətin müqabilində danlaq, təzyiq və ya az əməkhaqqı gördüyündə təbii ki, peşəsindən imtina etməli olacaq”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə o fikirdədir ki, jurnalistika sahəsinə maraq çoxdan - hələ 90-cı illərdən etibarən azalmaqdadır. İstənilən peşə sahibi fəaliyyəti zamanı özünü təsdiq etməklə yanaşı, həm də maddi qazanc əldə etmək istəyir. Amma bu gün jurnalistikada nə bilavasitə təsdiq imkanları var, nə də maddiyyat məsələsi istənilən səviyyədədir: "Bu baxımdan, təhsilli gənclər seçimlərini edərkən bu amilləri nəzərə alırlar. Bu sahədə artıq peşə romantikası da əvvəlki səviyyədə deyil. Eyni zamanda, bu peşə sahiblərinin sərgilədikləri işlə hər hansı böyük uğura yetişdiyini də görmək olmur. Göstərdikləri vicdanlı fəaliyyət onları daha çox üzü həbsxanaya tərəf istiqamətləndirir. Belə hallar insanların düşüncələrinə sirayət edir. Təkcə gənclərin deyil, eyni zamanda cəmiyyətin də jurnalistikaya münasibətinə mənfi təsir göstərir”.

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsinin dosenti Vüqar Zifəroğlu da o qənaətdədir ki, əslində verilən qəbul planından daha az abituriyentin jurnalistika fakültəsinə qəbul edilməsi, bu ixtisasa olan marağın azalması kimi qəbul edilə bilməz: "Əksinə, hətta başqa ixtisas sahiblərinin belə jurnalistikaya maraq göstərməsini, son dövrlərdə informasiya texnologiyalarının inkişafı ilə sosial kommunikasiya vasitələrinin daha da populyarlıq qazanması və bununla da vətəndaş jurnalistikasına marağın artmasını nəzərə alsaq, birmənalı şəkildə vurğulamalıyıq ki, bu peşəyə maraq daha da artmaqdadır. Sadəcə, qəbul prosesində müəyyən prinsipial detalların nəzərə alınmaması və ya daha sərt şəkildə tələb olaraq irəli sürülməsi, qəbul prosesini müəyyən qədər çətinləşdirir. Məsələn, yoxlamada iştirak edən dil-ədəbiyyat müəllimləri bir çox məqamlarda 11-ci sinfi yenicə qurtarmış abituriyentin, filologiyaya deyil, jurnalistikaya sənəd verdiklərini bəzən nəzərə almırlar. Ümumiyyətlə, yaxşı olardı ki, qabiliyyət imtahanında yoxlamanı təşkil edən TQDK ali məktəblərin, istər BDU, istər BSU-nun jurnalistika fakültələrinin müəllimlərinin əməyindən daha geniş istifadə etsin”.

"Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə deyib ki, buna da şükür eləmək lazımdır: "Bu il jurnalistika fakültəsinə 57 tələbə qəbul olubsa, deməli, builki abituriyentlər arasında həqiqi jurnalist olmaq istəyənlər 57 nəfər olub. Əvvəlki illərdə jurnalistika fakültəsinə daxil olan 150 nəfərin arasında da elə həqiqi jurnalist olmaq istəyənlərin sayı çox az idi. Əksəriyyəti hüquq fakültəsinə və ya başqa fakültələrə sənəd verənlər idi, yer boş qalmasın deyə jurnalistikanı da yazırdılar və bəxtəbəxt jurnalistikaya düşürdülər. Mənimlə eyni qrupda oxuyan 21 nəfərdən bu gün 3-4 nəfəri ancaq jurnalistika ilə məşğuldur. Hamımız bir yerdə BDU-nun jurnalistika fakültəsini bitirdik, amma indi cəmi 3-4 nəfəri bu sahədə görürəm. Qalanları tikinti, dərman və ya digər sahələrdə çalışırlar. Əslində elə jurnalistika fakültəsinə qabiliyyət imtahanının tətbiq olunması bu tendensiyanı aradan qaldırmaq üçün lazım idi. Kimin üçünsə, qabiliyyət imtahanının nəticəsinə görə 57 tələbənin jurnalistikaya daxil olması məqbul olmaya bilər, amma məncə, bu yaxşı haldır. Pis olan isə odur ki, cəmiyyətdə jurnalistikaya münasibət dəyişib. Bunun da qəbul imtahanları və jurnalistikaya marağın azalması ilə heç bir əlaqəsi yoxdur. Bu gün o qədər reket, avara adamlar adını jurnalist qoyub, iyrənc əməllərlə məşğul olurlar ki, hamı elə bilir bütün jurnalistlər belədir. Ona görə də gənclərin çoxu bu sahəyə gəlmək istəmir. Valideynlərin əksəriyyəti öz övladını bu sahədə görmək istəmir. Nə yaxşı ki, jurnalistikada hələ də peşəkar jurnalistlərimiz var. Məhz onların sayəsində mediamız ayaqdadır. İllər sonra necə olacaq, bax onu düşünə bilmirəm”.

Şəymən