Avropa Parlamentinə qarşı böyük bir qəzəb var

“Heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun”




Sentyabrın 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe ortaya qoyaraq, həqiqətə uyğun olmayan qətnamə qəbul etdi. Heç bir məntiqə və fakta əsaslanmayan qətnamə haqlı olaraq, ölkəmizdə ciddi etirazlara səbəb oldu. Nəticədə Azərbaycan Avropa Parlamenti və "Avronest”lə əlaqələrin kəsilməsinə dair qərar verdi.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, artıq Avropa Parlamenti anti-Azərbaycan mərkəzinə çevrildiyini gizlətmir: "Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim, üçüncü dəfə dedin - artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci qeyri-obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda deyil, həm də Avropa Parlamentinin davranışının mahiyyətindədir. Bu qurum açıq şəkildə anti-Azərbaycan mərkəzinə çevrildiyini gizlətmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün Azərbaycanda Avropa Parlamentinə qarşı böyük bir qəzəb müşahidə olunur”.

Ə.Əhmədovun sözlərinə görə, heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun: "Avropa Parlamenti çalışır ki, müstəqil dövlətlərə davranış qaydaları öyrətsin. Azərbaycan əməkdaşlıq ideyasının əleyhinə deyil. Lakin hər bir əməkdaşlıq qarşılıqlı olmalıdır. Avropa Parlamentinin Azərbaycana qarşı açıq hiss olunan qərəzli mövqeyi əməkdaşlıq imkanlarını heçə endirir. Nəzərə alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan indiyədək heç nə qazanmayıb, ələlxüsus Dağlıq Qarabağ məsələsində ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz bir şey yoxdur”. Baş nazirin müavini deyib ki, Avropa qurumları Azərbaycana qarşı qərəzli mövqelərini saxladıqca, ölkəmizi o qədər özlərindən uzaqlaşdırmış olacaqlar: "Qeyri-qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək cəhdlərini düzgün və ədalətli saymıram. Avropa Parlamenti unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli maraqlarını qorumaq haqqı var və bu haqqını heç kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə almalıdır ki, Azərbaycan haqqında yerli-yersiz ədalət və obyektivlikdən uzaq qətnamələr qəbul etməklə özünü və qətnamələrini gözdən salır”.

Azərbaycanı "Avronest”də təmsil edən millət vəkili Fərəc Quliyev də açıqlamasında bildirib ki, Azərbaycanın qəbul etdiyi qərar tamamilə doğrudur: "Onlar bizə əllərindən gələni etdilər. Bundan artıq nə olacaq ki? Biz Avropanın bütün institutları ilə bərabərtərəfli əməkdaşlığın qurulmasında maraqlı olmuşuq. "Şərq tərəfdaşlığı” Proqramını dəstəklədiyimiz səbəbindən "Avronest”ə qoşulduq. Hətta "Avronest”in ilk iclasını da Bakıda keçirdik. Sonra gördük ki, Avropa öz məqsədlərinə çatmaq üçün "Avronest”dən bufer kimi istifadə edir. Bizim Avropa ilə əməkdaşlığımızı sübut edən iqtisadi göstəricilərə baxın. Avropa ilə aramızda olan istər idxal, istərsə də ixracatda biz Ermənistanı qat-qat üstələyirik. Amma münasibətlərə fikir verin. Onları gözlərinin üstündə bəsləyirlər. Hesab edirəm ki, bu, düzgün seçilməyən bir əməkdaşlıq növüdür. Azərbaycan qurumdan çıxmaqla bağlı prosedura başlayıb və düz də qərar verib. Avropa bizə qarşı əlindən gələn nə vardısa, hamısını etdi. Bundan sonra ehtiyat edəcəyimiz nəsə yoxdur”.

İsmayıl