Bakı müsbət cavab verib

Erməni QHT-çiyə Azərbaycanda sığınacaq veriləcək
Azay Quliyev: “Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərba



Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. Məlumata görə, V.Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü təşkilatın fəaliyyətinə görə Ermənistan dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Bu səbəbdən erməni müxalifətçi özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar ölkəsindən qaçaraq Azərbaycana gəlib.

Ermənistanda vəziyyətin həddən artıq ağır olduğunu söyləyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Şərq”ə söyləyib ki, həmin təşkilat sədrinin addımı bunu sübut edir: "Bu, siyasi məsələdir. Hesab etmirəm ki, o, doğrudan da Azərbaycanı istəyib gəlir. Bu onun öz hökumətinə qarşı etirazıdır. Azərbaycan hökuməti məsələyə baxmalıdır. Ermənilərin gəlib, Azərbaycanda məskunlaşması arzuolunan deyil. 200 il öncə onlara imkan verdik ki, gəlib Azərbaycanda sığınsınlar. Onlar bu müddət ərzində ölkəmizə qarşı dəfələrlə xəyanət törətdilər. Sovet imperiyası dönəmində ermənilərə hər cür şərait yaradıldı. Amma sonda Azərbaycanın arxasından zərbə vurdular. Bu baxımdan mənfurlara sığınacaq verilməli deyil. Mən bunun əleyhinəyəm. QAT olaraq hansısa erməni siyasətçinin gəlib, Bakıda yaşamasına mənfi yanaşırıq”.

Millət vəkili Elman Məmmədov isə bildirib ki, onlar Azərbaycandakı vəziyyəti müşahidə edib, öyrənirlər: "Bu iki dövlət müharibə vəziyyətindədir və biri-birinə düşmən mövqeyindədir. Ancaq görün , o, nə qədər çətin durumda qalıbsa, Azərbaycana üz tutub. Müraciət edib, sığınacaq istəyir. Bu onun Azərbaycana olan sevgisindən irəli gəlmir. Sadəcə, özü və ailəsinin həyatının təhlükəsizliyini təmin edir. O, Azərbaycandakı tolerantlıq, humanizm və azad mühiti nəzərə alaraq bu qərara gəlib. Düşünür ki, Azərbaycan ona sığınacaq verib, saxlayacaq. Serj Sarkisyan kimi hərbi canilərdən xilas edəcək. Mənə elə gəlir ki, ağıllı düşünən ermənilər qərar qəbul edib, o caniləri hakimiyyətdən uzaqlaşdırıb, ümumxalq səs verməsi ilə Azərbaycana müraciət etməlidirlər ki, gəlin torpaqlarınıza sahib çıxın. Çünki onlar tarixən Azərbaycan, türk xalqlarının humanistliyi və insanpərvərliyini görüb. Bilir ki, gəlib bizə sığınsa, düşmən olmasına baxmayaraq biz onu və ailəsini qoruyacağıq”.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də qeyd edib ki, V.Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutub. Onun sözlərinə görə, V.Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin” həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək, Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib: "Azərbaycandan sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.

A.Quliyev bəyan edib ki, bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədib: "Baxmayaraq ki, bu gün biz ermənilərlə müharibə şəraitində yaşayırıq və onlar bizim torpaqlarımızı işğal ediblər, biz yenə də Ermənistan rejimindən pənah gətirən və erməni işğalına etiraz edən, əli yüzlərlə azərbaycanlının qanına batan Serj Sarkisyan rejimini ifşa edən bu cür şəxslərə insan hüquqları təşkilatlarının diqqət ayırmasını istəyirik. Ermənistanda QHT fəallarına və hüquq müdafiəçilərinə qarşı törədilən bu zorakılığa, qeyri-insani rəftara və onların fiziki baxımdan zərərsizləşdirilməsi istiqamətində rəsmi İrəvanın atdığı addımlara Avropa Parlamenti, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları adekvat qiymət verəcək və Ermənistan hakimiyyətini ittiham edən müvafiq qətnamə qəbul edəcəklər. Əks halda, bu, həmin təşkilatların əsl mahiyyətini bir daha nümayiş etdirmiş olacaq. Eyni zamanda bizim Dağlıq Qarabağda olan erməni vətəndaşlarımız bilməlidirlər ki, onların gec-tez tək bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Onlar yalnız o zaman Sarkisyan rejimindən yaxa qurtara və öz gələcəklərini qura bilərlər. Biz Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onlara konstitusiya çərçivəsində hər cürə dəstək verməyə hazırıq. Hətta biz onlara maliyyə yardımı da etməyə hazırıq. Yetər ki, onlar Ermənistandakı rejimə və işğalçılıq siyasətinə etiraz etsinlər”.

Məsələyə münasibət bildirən N.Cəfəroğlu vurğulayıb ki, erməni müxalifətçi Azərbaycandan siyasi sığınacaq almaq üçün ona müraciət edib: "Mən də onun müraciətini deputat A.Quliyevə göndərdim. V.Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib”.

Ayyət Əhməd