Qarabağ münaqişəsinin həllində üç dövlət sözünü deməlidir

“İndiki situasiyada sadəcə Rusiyanın münaqişəni həll etməsi ağlabatan deyil”




ABŞ-ın özəl (kölgə) kəşfiyyat şirkəti "Stratfor” bu günlərdə Cənubi Qafqazla bağlı sensasion analiz ilə çıxış edib. Hesabatda Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlı da sensasion sayılacaq fikirlər yer alıb. Mərkəzin analitikləri hesab edir ki, artıq Rusiyanın Qafqaz siyasəti dəyişib. Bunun fonunda isə tezliklə Dağlıq Qarabağda status-kvonun dəyişəcəyi ehtimal olunur:

"1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu region faktiki olaraq Ermənistanın nəzarəti altındadır, situasiya isə dondurulmuşdu. İndi isə Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər” . Şirkətin təhlilçiləri hesab edir ki, Azərbaycan hakimiyyəti Kremllə gizli sövdələşmə əldə edə, bu sövdələşməyə əsasən tezliklə Dağlıq Qarabağa rus sülhməramlıları yeridilə bilər. Bu isə daha sonra regionun Bakının nəzarətinə qaytarılmasına imkan yaradacaq. "Stratfor”un "Dağlıq Qarabağı rus qoşunları qaytarır” iddiasını şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə hesab edir ki, Rusiya Prezidenti və onun xarici işlər nazirinin Dağlıq Qarabağa dair çıxışları, Sergey Lavrovun Bakı səfəri, Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun Moskva səfəri, Bakı ilə Moskva arasındakı istiləşmə münaqişəyə dair status-kvonun dəyişilməsi ehtimalını yaradır. Konfliktoloqun sözlərinə görə, Azərbaycanla Qərb arasındakı münasibətlərin gərginləşməsi Bakının Kremlə üstünlük verməsindən xəbər verir: "Azərbaycan-Qərb münasibətlərinin inkişafı şimal qonşumuzu həmişə qayğılandırırdı. Amma ölkəmiz artıq Rusiyaya doğru yönəlib. Ona görə də ölkəmizin Putinin Avrasiya İqtisadi Birliyinə qatılması istisna edilmir. Bütün gedişlər deməyə əsas verir ki, Rusiya Azərbaycanla strateji yanaşmalarda gedişləri öyrənərək hərəkət etməyə çalışır. Çünki Moskva Cənubi Qafqazda rolunu və nüfuzunu artırmaq istəyir. Fikir verin, hələ bir neçə il qabaq Ermənistan Rusiyaya bağlı olduğunu bildirib və bunu müqavilələrlə təsdiqləyib. İndi Azərbaycan da o yolu tutarsa, Moskva Dağlıq Qarabağ münaqişəsini həll etməkdə maraqlı olacaq. Kremlin baxışı belədir”. Politoloqun sözlərinə görə, Qərblə körpülər yandırıldıqdan sonra təklənmiş Azərbaycan ağır şərtlərdə də olsa, Avrasiya İqtisadi Birliyinə qatıla bilər: "Belə olan halda ərazilərimiz işğaldan azad oluna bilər. Lakin bu vəziyyətdə ölkəmizin çəkisi azalır”.

Prezident yanında Dövlət İdarəçilik Akdemiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə deyib ki, bir çox hallarda xarici kəşfiyyat idarələri və şirkətləri bu cür informasiyalarla manipulyasiyalar edib, ictimai rəyə təsir etmək və öz maraqlarını təmin etmək istəyirlər: "Faktiki olaraq, bu münaqişənin həllində 3 dövlətin vasitəçiliyi əsas rol oynayır. Danışıqlar prosesində isə Azərbaycan və Ermənistanın iştirakı əsas şərtdir. Vasitəçilərin və tərəflərin uzun sürən görüşlərinə rəğmən münaqişənin həlli istiqamətində hansısa bir irəliləyiş əldə olunmayıbsa, indiki situasiyada sadəcə Rusiyanın münaqişəni həll etməsi ağlabatan deyil. Dağlıq Qarabağ kimi uzun sürən bir münaqişənin həlli üçün mütləq ümumi razılaşma olmalıdır. Doğrudur, Rusiyanın münaqişəni həll etmək potensialı çox böyükdür. Kreml Ermənistan üzərində çox ciddi təsir imkanlarına sahibdir. Amma müəyyən kəşfiyyat dairələrinin, guya, Azərbaycanla Rusiya arasında məxfi razılaşmalar var, guya ki, Dağlıq Qarabağa rus sülhməramlıları yeridilir kimi informasiyalar yayması bir növ Rusiyaya təzyiq vasitəsi ola bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycan hökuməti istənilən halda münaqişənin həmsədrlərin vasitəçiliyi ilə dinc yolla həllində maraqlıdır və öz siyasətini belə qurub: "Ancaq problemin həlli dinc vasitələrlə mümkün olmayacağı təqdirdə ölkə Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi ərazi bütövlüyümüzün həlli hərbi yolla gerçəkləşə bilər. Buna görə də bütün məsuliyyət Ermənistanın və vasitəçilik missiyasını həyata keçirən, buna rəğmən indiyə qədər heç bir nəticə əldə etməyən Ermənistanın üzərinə düşür. Ara-sıra müəyyən dairələr, kəşfiyyat xidmətləri bu kimi informasiyaları yayırlar ki, bu da özlərinin geopolitik maraqlarına xidmət edir”.

Dağlıq Qarabağın Azərbaycana qaytarılması fonunda rus sülhməramlılarının orada yerləşdirilməsinə rəsmi Bakının münasibətinə gəldikdə isə politoloq deyib ki, Azərbaycan dövləti üçün əsas məsələ Azərbaycanın erməni işğalındakı torpaqlarının geri qaytarılmasıdır: "Sülhməramlı qüvvələrə gəldikdə isə bu məsələ uzun və çox mürəkkəb danışıqların predmetidir. Sadəcə onu deyə bilərəm ki, adının necə qoyulmasından asılı olmayaraq bizim üçün əsas olan Azərbaycanın işğal altında qalan torpaqlarının son qarışına qədər geri qaytarılmasıdır. Qalan məsələlər artıq sonrakı prosesdir. Rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi detalları ilə müzakirəyə çıxarılmalı, onların məqsəd və vəzifələri müəyyən olunmalıdır. Eyni zamanda beynəlxalq birliyin kompromisə gəlməsi və digər həmsədrlərin mövqeyi sual altındadır. Bizim üçün birmənalı olan odur ki, hansı yolla olur-olsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Şəymən