“YAP ölkənin siyasi gündəmini müəyyənləşdirən gücdür”

Hikmət Babaoğlu: “Ona görə də hakim partiyanın siyahısı bu qədər maraqla gözlənilirdi”
“Jurnalistlərin parlamentdə təmsil olunması olduqca normal hadisədir və dünya təcrübəsində mövcuddur”



Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkisi ilə bağlı təqdim etdiyi namizədlər arasında bir neçə tanınmış media nümayəndəsinin adı var. Namizəd siyahısında yer alan jurnalistlərdən biri "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur. Baş redaktorun namizədliyi 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürülüb.

Namizədliyi və ümumilikdə parlament seçkisi ilə bağlı "Şərq”in suallarını cavablandıran "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ona göstərilən etimaddan dolayı məmnunluğunu ifadə edib.

- Hikmət müəllim, hakim partiya tərəfindən namizədliyinizin irəli sürülməsini necə qarşıladız?

- Əvvəla deyim ki, YAP çox ciddi, intellektual resurslara sahib bir partiyadır. YAP-ın tərkibində onlarla, yüzlərlə, parlamentdə təmsil olunmağa layiq insanlar var. Namizəd siyahısına adım düşdüyünə görə, ilk növbədə partiyamızın sədri, möhtərəm cənab Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu etimadı mənə göstərdiyinə görə, partiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Əslində YAP-ın siyahısı ilə bağlı gözləntilər və onun ətrafında formalaşan ictimai əhval-ruhiyyə gözlənilən idi. Çünki YAP ölkənin siyasi gündəmini müəyyənləşdirən, təşkilatlanmış lokomotiv siyasi gücdür. Ona görə də hakim partiyanın siyahısı bu qədər maraqla gözlənilirdi. Nəhayət, siyahı açıqlandı və siyahının tərkibi ilə bağlı ən gözəl qiymətləndirməni partiyamızın sədr müavini, icra katibi Əli Əhmədov etdi. O dedi ki, YAP-ın siyahısı optimal və ədalətli siyahıdır. Mən bütün əqidədaşlarıma seçki kampaniyası prosesində uğurlar və qələbə arzulayıram.

- Jurnalistlərin parlament seçkilərinə qatılmasını tənqid edənlərə və bunu medianın siyasətə qarışması kimi dəyərləndirənlərə münasibətiniz necədir?

- İstənilən halda jurnalist peşəsi ilə siyasətçi peşəsi arasında bağlılıq, biri-birini qarşılıqlı tamamlama var. Çünki aktiv siyasi cəmiyyətlərdə siyasətçilərin fikirlərini cəmiyyətlə tanış edən jurnalistlərdir. Eyni zamanda cəmiyyətin problemlərini parlamentə, siyasətçilərin diqqətinə çatdıranlar da məhz jurnalistlərdir. Belə olan halda biz burda istər-istəməz həm daxili bağlılıq, həm də biri-birini tamamlayan iki komponentin şahidi oluruq: - jurnalist və siyasətçi. Ona görə də mən hesab edirəm ki, jurnalistlərin parlamentdə təmsil olunması olduqca normal hadisədir və dünya təcrübəsində mövcuddur. Eyni zamanda Azərbaycan parlamentarizmində də bu, artıq ənənə halını alıb. Çünki müstəqilliyimizi əldə etdikdən sonra formalaşan bütün parlamentlərdə jurnalistlər təmsil olunub. Təcrübə göstərir ki, bu, o qədər də pis nümunə deyil. Ölkənin iki ictimai intellektual institutunun biri-biri ilə qarşılıqlı əlaqələri cəmiyyətlə parlament arasındakı informativ kommunikasiyanın qurulması baxımından əhəmiyyətlidir.

- Parlamentin rəngarəngliyi baxımından müxtəlif yaş və peşə sahiblərinin deputat olmaq təşəbbüsünü necə dəyərləndirirsiniz?

- Azərbaycanda seçki öncəsi ictimai-siyasi əhval-ruhiyyənin fəallaşması ölkənin hüquq sisteminə və seçki institutlarına inamdan irəli gəlir. Çünki hər bir Azərbaycan vətəndaşı hesab edir ki, o, hüquqi dövlətdə yaşayır və bu ölkənin ictimai-siyasi institutları funksionaldır. Eyni zamanda ölkədə mövcud olan sosial ədalət mühiti onları sosial piramida da mövcud olan növbəti iyerarxiyaya yüksəldə bilər. Bu çox ciddi bir faktordur və Azərbaycan cəmiyyətindəki daxili ictimai etimadın bir göstəricisidir. Əlbəttə ki, gənclərin təşəbbüskarlığı və qadınların aktivliyi çox müsbət haldır. Azərbaycan təcrübəsi göstərir ki, parlamentdə gənclərin və qadınların təmsil olunma faizi kifayət qədərdir və bundan sonra da bu istiqamətdə optimist düşünməyə dəyər.

- Sizcə, deputatlara yaş həddi qoyulmalıdırmı? Məsələn, çox gənc və ya əksinə, çox yaşlı insanların parlamentdə təmsilçiliyi nə qədər səmərəli hesab oluna bilər?

- Hər bir cəmiyyətin sosial-siyasi varisliyi o cəmiyyətin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Varislik cəmiyyətin istənilən ictimai və siyasi institutlarında yeni və orta nəslin birgə təmsilçiliyi deməkdir. Azərbaycanın seçki hüququnda hər hansı yaş məhdudiyyəti yoxdur. Təkcə parlamentdə deyil, istənilən idarəetmə və yaxud digər institutlarda müxtəlif nəsillərin nümayəndələrinin birgə fəaliyyəti çox yaxşı haldır. Azərbaycan parlamentində də bu belədir. YAP tərəfindən irəli sürülən namizədlərin tərkibində də biz bunun şahidi oluruq. Həmin siyahıda ən müxtəlif yaş kateqoriyalarına aid insanlar var. Həm keçmişdə olan təcrübənin öyrənilməsi, həm də bu təcrübənin gələcəyə ötürülməsi baxımından varislik çox vacib amildir. Hesab edirəm ki, Azərbaycanda bu cür mozaik sistem mövcuddur.

- "Milli Şura”nın seçkini boykot etməsinə münasibətiniz necədir? Sizcə, bu təşkilatın əsas məqsədi nədir?

- "Milli Şura” adlandırılan qurumun Azərbaycan siyasi sisteminə heç bir aidiyyəti yoxdur. Çünki bu qurum Azərbaycanın daxili ictimai-siyasi sifarişindən yaranmış qruplaşma deyil. Bu təşkilat xaricdən Azərbaycan cəmiyyətinə sırınmağa çalışılan bir qurum, daha doğrusu, yamaqdır. Ona görə də onların seçkidə iştirak edib-etməməsi heç bir əhəmiyyət daşımır. Bəzən düşünürəm ki, "Milli Şura”nın seçkini boykot etməsinin bir səbəbi də həmin qurplaşmada dairələrə yetəcək sayda namizədlərin olmamasıdır. Fikrimcə, bu qədər kiçik bir təşkilat Azərbaycandakı seçkilərin taleyi baxımından heç bir əhəmiyyət daşımır.

- ATƏT-in seçkidə müşahidəçilikdən imtinası, sadəcə, seçki prosesi ilə bağlıdır, yoxsa arxasında hansısa siyasi maraqlar, məqsədlər durur?

- Biz bəzi Avropa qurumlarının Azərbaycana münasibətdə ədalətli olmayan mövqe sərgiləməsinin şahidi olmuşuq. Bilirsiz ki, Avropanın əksər institutlarında proseslərə və hadisələrə yanaşmada ikili standart mövcuddur. Demokratiya və onun qiymətləndirilməsində də ən azı ikili standartlar var. Xüsusən, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyi güclənəndə, dərhal Avropa təşkilatlarından bu və ya digər şəkildə zərbə alırıq. Son günlərdə təmas xəttində ordumuzun çox uğurlu özünümüdafiəsinin şahidi oluruq və paralel olaraq Qərb dairələrinin təxribatlarının aktivləşdiyini görürük. Bəlli olur ki, Avropa Parlamentinin nümayəndələri separatçı Dağlıq Qarabağ qurumunun nümayəndələri ilə görüşüb və ora səfərlər ediblər. Nəticə etibarı ilə Azərbaycanı təhdid edən və milli hakimiyyətə şantaj sayıla biləcək qərəzli qətnamələr qəbul ediblər. Ancaq bunların heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda milli siyasi iradə mövcuddur. Azərbaycanda xalqın siyasi iradəsini təmsil edən milli hakimiyyət var. Elə Avropanın bir sıra dairələrində qısqanclıq yaradan amil də məhz Azərbaycanın güclənməsidir.

İsmayıl