Bayramların yeri səhv düşüb

Təhsil Nazirliyi məktəbli gündəliyinin çapında məsuliyyət daşımır
Əjdər Ağayev: “Heç biri işləmir, amma nəşr üçün pul alırlar”


Orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.

Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.
Bununla belə nazirlik gündəlikdə qeydə alınan yanlışlıqla əlaqədar müvafiq araşdırma aparılacağını vurğulayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadənin sözlərinə görə, gündəlikdə qeyd olunan detallar nəşriyyatın öhdəsindədir, nazirlik ona nəzarət etmir. Qeyd edək ki, gündəlik "Şərq-Qərb” nəşriyyatında çap olunub.

Bəs onda bu böyük rüsvayçılığa bərabər bu xətaya cavabdeh kimdir?

Təhsil eksperti Əjdər Ağayev isə bu fikirdədir ki, buna görə məsuliyyəti nəşriyyat daşıyır: "Bu gün şərait elədir ki, kim hansı rəngdə, hansı formada istəsə, gündəlik çap edə bilir. Nəşriyyat gözüyumulu davranmamalıdır. Bəs onun redaktoru, direktoru, korrektoru hara baxır? Heç biri işləmir, amma nəşr üçün pul alırlar”.

Təhsil eksperti Nabatəli Qulamoğlu da deyib ki, nazirlik sosial sifarişçi olduğu üçün bu səhvdə birbaşa günahkar deyil: "Dərs ilinə qədər həmin gündəlikləri yoxlayıb, müəyyən korrektələr etməli idi. Bu boyda yanlış olmaz axı! Təhsil Nazirliyi sifarişçi qurum olduğu üçün əsas məsuliyyət həmin nəşriyyatı çapa verən nəşriyyatın üzərinə düşür. Ancaq bir məsələ var ki, bu cür vəsaitlərin tərbiyəvi əhəmiyyəti olduğu üçün nazirliyin günahı olmamış deyil”.

Şəymən