Partiyalardan boykot çağırışı...

Aydın Mirzəzadə: “55 partiyadan cəmi bir-ikisinin seçkiyə qatılmamasının seçkiyə heç bir təsiri ola bilməz”



Bir neçə aydan sonra ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi başlayıb. Artıq siyasi partiya üzvləri, müstəqil ekspertlər, media nümayəndələri namizəd olacaqları dairəni dəqiqləşdirib bu barədə ictimaiyyətə məlumat ötürüblər. Onu da deyək ki, bir sıra müxalifət partiyaları isə parlamentdə təmsil olunmaq üçün öz təbliğatlarını qurmaq əvəzinə, populist bəyanatlar verir, seçkiləri boykot anonsu verirlər.

Bir müddətə qədər seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib. Hətta seçkidə iştirak edən yeganə seçki bloku "Azadlıq 2015”-dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb. Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib və digər müxalifət partiyalarını da onları dəstəkləməyə çağırıb.

Müxalif partiyaların seçkiləri boykot çağırışlarına münasibət bildirən millət vəkili, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Mirzəzadə deyib ki, ölkədə dövlət qeydiyyatında olan 55 partiyadan cəmi bir-ikisinin seçkiyə qatılmamasının seçkiyə heç bir təsiri ola bilməz: "Seçkidə iştirak etmək arzusunu bəyan edən kifayət qədər çoxsaylı partiyalar var. Seçki siyasi rəqabət şəraitində, demokratik, şəffaf keçəcək. 55 partiyadan birinin seçkini boykot etməsi isə onun özünün problemidir. Sözügedən partiyaların bu gün hər hansı nüfuzundan, əhəmiyyətli sosial bazasından danışmağa dəyməz. Onların Azərbaycan coğrafiyası üzrə yerli təşkilatları ya yoxdur və yaxud da bir-iki nəfərlə təmsil olunurlar. Seçkiləri boykota çağıran partiyaların tərkibində arxasınca milyonları apara biləcək insanlar yoxdur. Onlar Azərbaycanın problemlərinə dair hər hansı bir yaradıcı proqram ortaya qoya bilmir. Ona görə də onların seçkidə iştirak onların özləri üçün böyük bir problemdir. Onların seçkidə iştirakı onların siyasi iflasının rəsmi şəkildə təsdiq edilməsi olardı. Üzdə olan bir neçə nəfər isə kabinet siyasəti çərçivəsindən kənara çıxmırlar. Cəmiyyətin onların mövcudluğundan ümumiyyətlə xəbəri yoxdur. Onların hansı siyasət yeritməsi, seçkidə iştirak edib-etməməsi cəmiyyətin marağında deyil”.

YAP təmsilçisi hesab edir ki, seçkini boykot etmək barədə çağırışları isə müəyyən qüvvəsi olan, parlament seçkilərində iştirak edib özünü təsdiqləmək istəyən partiyaları bu yoldan çəkindirmək məqsədi daşıyır: "Düzdür, bu gün Yeni Azərbaycan Partiyasının yenidən qələbə çalacağı gözlənilir, partiyanın apardığı siyasət milyonlarla insanı öz ətrafına toplayır. Lakin digər partiyaların və bitərəflərin də parlamentdə yer qazanmaq şansları yüksəkdir”.

Politoloq Natiq Miri isə deyib ki, müxalifət hələ güclü elektorat dəstəyinə malik olduğu zamanlarda belə boykot taktikası işə yaramayıb: "Amma ümumiyyətlə boykot taktikası passiv dirəniş sistemidir ki, bunun da topluma və seçkinin nəticələrinə təsiri çox az olur. Bu gün boykot tərəfdarları bu addımı atmaqla hansı siyasi nəticə əldə etmək fikrindədirlər ki, bunu topluma açıqlasınlar. Seçki ən sivil siyasi mübarizə sistemidir. Siyasi mübarizə indiki zamanda küçədən parlamentə daşınmalıdır. Özünə güvənənlər buyurub bu seçki qovğasında özünü sınaya bilərlər. Bunu istəməyənlər zəif olanlardır. Ona görə də boykot onlar üçün bir siyasi bəhanə aləti olaraq istifadə edilir. Amma seçki sistemi də demokratik olmalıdır ki, bu sistemə toplumda bir güvən hissi olsun”.

Şəymən