Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır. Bu barədə "Jamanak” qəzeti məlumat yayıb. Nəşrə istinadən verilən məlumata görə, KTMT-nin Baş katibinin müavini Valeri Semerikov bildirib ki, qurum yalnız üzv ölkələrin ərazisində deyil, kənarda da, o cümlədən Qarabağda da sülhməramlı missiya gerçəkləşdirə bilər.
Məsələni şərh edən ekspertlər isə deyirlər ki, Rusiyanın himayəsində olan təşkilata işğalçı Ermənistanın üzv qəbul olunması və təcavüzkar bir ölkənin sülhməramlı qismində çıxış etməsi absurddur. Onların fikrincə, Qarabağda hər hansı ölkəyə məxsus qoşunların yerləşdirilməsi bölgənin tamamilə itirilməsi deməkdir.
İddia ilə bağlı "Şərq”ə danışan politoloq Sülhəddin Əkbər deyib ki, Rusiyanın son illər apardığı aqressiv siyasət Moskvanı işğalçılıq missiyasını genişləndirməyə daha da həvəsləndirib: "Rusiya digər istiqamətlərdə, Qafqaz və Mərkəzi Asiya regionunda öz təsirini gücləndirməyə çalışır. Bu təsiri gücləndirməyin ən yaxşı vasitələrindən, alətlərindən biri KTMT-nin bu ad altında yaradılan "sülhməramlı” qüvvələridir. Bildiyimiz kimi, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Əldə olunan ilkin razılaşmaya əsasən əgər regionda sülh əldə olunarsa, bura yeridiləcək sülhməramlı qüvvələr daxilində həmsədr ölkələrin qüvvələri ola bilməz. Rusiya bunu yaxşı bildiyinə görə, dolayı yolla hərəkət etməyə çalışır və KTMT-nin "sülhməramlı” qüvvələri adı altında Qarabağa qoşun yeritməyə cəhd edir. Xatırlayırsızsa, Rusiyanın Gürcüstanda belə bir təcrübəsi oldu. O zaman Moskva Abxaziyaya MDB-nin "sülhməramlı” qüvvələri adı altında ordu yeritdi və onun nəticəsinin necə olduğunu hamımız gördük. Proses Abxaziyanın "müstəqilliyinin” Rusiya tərəfindən tanınması, Gürcüstandan qoparılması və rus hərbi bazasının orada yerləşdirilməsi ilə nəticələndi. Yəni məsələni dərk etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Elə qonşu Gürcüstana, Abxaziya və Cənubi Osetiyanın taleyinə baxanda siyasi oyunu anlamaq mümkündür. Rus qoşunlarının torpaqlarımıza gəlməsi Dağlıq Qarabağın birdəfəlik Azərbaycandan qoparılmasıdır. Bu, dəfələrlə rus siyasətçiləri tərəfindən də etiraf olunub”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirib ki, Rusiya hələlik aşağı səviyyəli müəyyən rəsmilərin, məmurların dilindən bu cür məlumatları yayır. Kreml məsələyə Azərbaycan tərəfinin reaksiyasını öyrənmək istəyir: "Azərbaycan hakimiyyəti qətiyyən buna razılıq verməməlidir. İnanmıram ki, bu, reallaşsın. Rusiya buna cəhd edərsə, Azərbaycan tərəfinin mütləq şəkildə razılığı olmalıdır. Əgər Rusiya qoşunları Dağlıq Qarabağın ətrafına yeridilərsə, biz həmin əraziləri qəti şəkildə itirəcəyik. Rusiyadan yaxşı heç nə gözləyə bilmərik. Rusiyanın Azərbaycana qarşı niyyətləri həmişə məkrli olub. Moskva Dağlıq Qarabağ münaqişəsini, 20 Yanvar faciəsini törədib. Eləcə də Xocalının işğal olunmasında iştirak edib. Bunları inkar etmək olmaz. Ona görə də Azərbaycan xalqı da, hökumət nümayəndələri də bu məsələni diqqətdə saxlamalıdır”.
İsmayıl