1 noyabr seçkilərindən sonra siyasi dairələrdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) atacağı addımlar barəsində müzakirələr gedir. Ərdoğanın komandasının yeni konstitusiya və Prezident üsul-idarəsi üçün parlamentdə AKP+13 düsturunu həyata keçirmək istədiyi bildirilir. Baş nazir Əhməd Davudoğlu da seçkilərdən sonra etdiyi balkon çıxışı zamanı növbəti dəfə konstitusiya dəyişikliyi məsələsinə toxunub.
Baş nazir parlamentə daxil olan bütün partiyaları yerli, mülki və milli bir konstitusiyaya keçməyə səsləyib. Parlamentdə 317 millət vəkili ilə təmsil olunan AKP-nin partiya xaricindən 13 millət
vəkilinin dəstəyini alaraq konstitusiya dəyişikliyini və Prezident üsul-idarəsini referenduma apara biləcəyi ehtimal olunur.
Çünki parlamentdə hər hansı bir məsələ üçün referenduma getmək qərarının təsdiqlənməsi üçün 330 millət vəkilinin səsi kifayət edir. 367 və ya daha çox millət vəkilinin lehinə səs verməsi nəticəsində isə konstitusiyaya olunan əlavə və dəyişikliklər birbaşa qəbul olunur. Bəzi mənbələrin proqnozlarına görə, AKP bu məsələni həll etmək üçün iki yoldan birinə əl ata bilər: - 317 vəkili olan AKP 59 vəkili olan HDP-nin bəzi tələblərini Konstitusiya dəyişikliyi zamanı qarşılarsa, Prezident üsul-idarəsi üçün dəstək alması mümkün olar. AKP digər partiyaların üzvlərini öz tərəfinə cəlb edərək say əskikliyini tamamlaya bilər. Bəzi siyasi şərhçilər isə AKP-nin 134 millət vəkili olan CHP, 59 millət vəkili olan HDP və 40 millət vəkili olan MHP ilə razılıq əldə edilməsinə çalışacağını proqnozlaşdırır.
Kılıçdaroğlunun istefası tələb olunur...
1 noyabr seçkiləri zamanı gözləniləndən az səs toplayan CHP sədri Kamal Kılıçdaroğlunun istefası müzakirə mövzusuna çevrilib. Nəticələr elan olunandan sonra CHP üzvü Ümid Oran partiya sədrliyinə namizədliyini irəli sürüb. Bunun ardınca CHP-nin baş katibi Gürsel Tekin açıqlama verib və deyib ki, Kılıçdaroğlunun istefasına ehtiyac yoxdur. O bildirib ki, fevral ayında keçiriləcək qurultayda arzu edənlər partiya sədrliyi üçün yarışa bilərlər. Ümid Oran isə verdiyi yazılı açıqlamada Kılıçdaroğlunun dərhal qurultayı toplaması lazım olduğunu söyləyib və təcili olaraq etimadını yeniləməsini tələb edib: "Sədrimiz, hörmətli Kamal Kılıçdaroğlu gerçəkləri qəbul edərək lazımi addım atmasa, ən böyük vəzifə CHP təşkilatının üzərinə düşəcək”.
Millətçi kəsim Baxçalıya üsyan edir: "O, bəsirətsiz siyasətçidir”
Türkiyədə təkrar seçkilərin ən çox itirəni MHP oldu. Seçkidən sonra millətçi partiyanın millət vəkilləri heyətində yarıbayarı azalma partiyadaxili ziddiyyətlərin ortaya çıxmasına yol açdı. Məlumata görə, 7 iyun növbəti parlament seçkiləriylə müqayisədə 2 milyon seçici səsi itirən MHP rəhbərliyi artıq bu məğlubiyyətin səbəbini araşdırmağa qərar verib. Sədr Dövlət Baxçalı və İdarə Heyətinin üzvləri partiyanın qarşısında dayanan problemləri müzakirə etməyə başlayıblar. Həftənin axırında partiyanın 40 millət vəkilinin də bir araya gəlib eyni mövzunu müzakirə edəcəkləri bildirilir. MHP İdarə Heyəti təşkilatda baş qaldırmağa başlayan müxaliflərə qarşı da müəyyən tədbirlər həyata keçirmək istəyir. Baxçalının millət vəkilliyinə namizədlər arasında yer vermədiyi Meral Akşener, Trabzondan seçilməyərək mandat ala bilməyən Koray Aydın və təşkilatdan qovulsa da, məhkəmə qərarıyla geri qayıdan Sinan Oğan kimi müxaliflərin fəaliyyətinin ciddi nəzarət altına alındığı bildirilir. Amma bu kimi tədbirlərin işə yarayacağını gözləmək əbəsdir. Çünki Baxçalının yürütdüyü siyasətdən partiya üzvlərinin ən azı yarısının narazı qalması üçün ciddi səbəblər var. Məlum olduğu kimi 7 iyun seçkilərində parlamentə 80 millət vəkili çıxaran MHP-nin istənilən variantda iqtidar ortağı olması qaçılmaz idi. İstər AKP-nin, istərsə də CHP-nin ittifaq təkliflərini kəskin şəkildə rədd edən MHP əslində təkrar seçkilərin əsas baiskarı oldu. Barışmaz mövqe isə partiya elektoratının qurumdan uzaqlaşmasına zəmin hazırladı. Nəticədə təkrar seçkilərdə 40 millət vəkiliylə kifayətlənən MHP parlamentin ən zəif partiyasına çevrildi. O hətta 59 millət vəkilinə sahib olan HDP-dən belə 50 faiz az deputat heyətinə malikdir.
MHP-ni növbədənkənar qurultay gözləyir...
Millət vəkilliyini itirən 40 nüfuzlu millətçinin Dövlət Baxçalının seçki strategiyası ilə razılaşması, əlbəttə ki, mümkün deyil. Nəzərə almaq lazımdır ki, onların arxasında xeyli qüvvə var. Bu baxımdan Baxçalının zəruri addımlar atması tələb olunur. Atıla biləcək ən optimal addım isə növbədənkənar qurultaya getməkdir. Əslində narazı MHP-çilər də bunu istəyir. Onların Dövlət Baxçalısız MHP mərhələsinə keçmələri üçün qurultay nümayəndələrinin ən azı 20 faizinin imzası lazımdır. Bu isə cəmi 249 nümayəndənin notarusla təsdiqlənmiş imzası deməkdir. Deputatlığını itirmiş 40 sabiq millət vəkilinin 249 qurultay nümayəndəsinin "saqqızını oğurlaması”, yəqin ki, çətin olmayacaq. Hətta bu niyyət baş tutmasa, MHP-nin nizamnaməsinə görə, növbəti qurultay 2016-cı ilin mart ayında keçiriləcək.
Narazılar Meral Akşeneri MHP sədri görmək istəyir
Mətbuatda yayılan xəbərlərdə bəzi partiya üzvlərinin Akşenerlə görüşərək onu razı salmağa çalışdığı bildirilir. 7 iyun seçkiləri zamanı qazandığı 17 faizə yaxın səsi 1 noyabr seçkilərində 12 faizə salan Dövlət Baxçalının partiya daxilində nüfuzunu itirdiyi xüsusilə vurğulanır. Belə ki, partiyanın mərkəzi ofisinə hər gün yüzlərlə telefon zəngi gəlir və partiya tərəfdarları sanki "artıq bəsdir” deyərək öz etirazlarını bildirirlər. "Habertürk” saytının dərc etdiyi xəbərə görə, belə bir vəziyyətdə partiya daxilində və xaricindəki nüfuzlu şəxslər də boş dayanmır. Milliyyətçilərin bir
çoxunun 1 noyabr seçkilərində adı siyahıdan çıxarılan Meral Akşeneri sədr postunda görmək istədiyi də heç kəsə gizli deyil.
"Ardıcıl məğlub olan lider istefa verməlidir”- Bunu Dövlət Baxçalı deyib..
Türkiyədə müxalif MHP lideri Dövlət Baxçalının bir neçə il bundan əvvəl lentə alınan sensasion videosu ortaya çıxıb. Baxçalı qatıldığı bir televiziya proqramında "ard-arda məğlub olanlar istefa verməlidir” ifadəsini işlədib. Ancaq MHP-nin 1 noyabr parlament seçkiləri zamanı üzləşdiyi məğlubiyyət səbəbi ilə Baxçalının istefa verməsi məsələsi gündəmə gələndə MHP sədri bu çağırışlara məhəl qoymayaraq, istefa verməyəcəyini açıqlayıb. Məhz elə bu səbəbdən də onun istefasını tələb edən tərəflər bir neçə il əvvəl televiziya proqramında dediklərini xatırlatmaq üçün video yayıblar.
Nurçu həbsinin yeni dalğası...
Türkiyənin bir neçə bölgəsində "paralel dövlət” üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlarda 44-dən çox adam şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yüksək rütbəli polis rəisləri, vali rəhbərləri, nazirlik işçilərinin olduğu bildirilir. Əməliyyat çərçivəsində digər 18 vilayətdə də axtarış tədbirləri həyata keçirilib. Təkcə İzmirin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları İzmirdə əvvəlcədən müəyyən olunan 25 ünvanda, digər rayonlarda isə 50 ünvanda axtarış aparıb. Prokurorluqdan əldə olunan məlumatda, əməliyyatın hələ də davam etdiyi bildirilir.
Həbs olunanlar arasında jurnalistlər də var...
İstanbul məhkəməsi "Nokta” jurnalının baş redaktoru Cevhəri Güvən və nəşrin xəbər şöbəsinin şef redaktoru Murat Çaranın həbs edilməsi ilə bağlı qərar qəbul edib. Onlar hökumət əleyhinə silahlı qiyama çağırışlarda ittiham olunur. Bundan öncə polis Güvən və Çaranı insanları cinayət və qiyama təhrik etməkdə təqsirli bilərək saxlayıb. Onların həbsinə bazar günü Türkiyədə keçirilmiş parlament seçkilərinin yekununa dair məqalə səbəb olub. Nəşrin son buraxılışının birinci səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunub. Portretin altında "Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması” ifadəsi yazılıb. Prokurorluğun təkidi ilə İstanbul məhkəməsi nəşrin bu nömrəsinin müsadirə edilməsinə dair qərar qəbul edib.
İsmayıl