“125-lər”in bütün üzvləri seçkilərə qatılacaq

Mübahisə yoxdur, üzvlər öz dairələrini müəyyənləşdirib
İlhamiyyə Rza: “Ölkədə yenilik arzulayırıqsa, yeni və mütərəqqi baxışlı insanlara ehtiyac var”




Bu il noyabr ayının 1-də Azərbaycanda parlament seçkisi keçiriləcək. Zaman azaldıqca, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar istər blok, istərsə də təkbaşına seçki marafonuna hazırlıq görürlər. Resurslarını gözdən keçirən qurumlar müxtəlif dairələr üzrə namizədlərini müəyyən edir, seçki proqramlarını hazırlayırlar. Seçkiyə hazırlıq görən təşkilatlardan biri də "125-lər” Siyasi Klubudur. Ötən il fevralın 14-də təsis edilən klub bir ildən artıq zaman kəsiyində kifayət qədər aktiv fəaliyyət göstərir.

2015-ci il parlament seçkilərində iştirakı hədəfləyən qurumun gündəmi, gördüyü və görəcəyi işlərlə bağlı "Şərq”in suallarını cavablandıran klub sədri, tanınmış jurnalist İlhamiyyə Rza təşkilatın qarşısına qoyduğu məqsədlərə doğru inamla və uğurla irəlilədiyini deyib.

- İlhamiyyə xanım, "125-lər” Siyasi Klubunun parlament seçkilərinə hazırlığı hansı səviyyədədir, necə hazırlaşırsız?

- "125 lər” Siyasi Klubu ilk növbədə seçkiyə hədəflənərək təşkilatlanmış bir sıra insanların təşəbbüs qrupudur. Ona görə də təsis olunduğumuz ilk gündən etibarən seçkiyə hazırlığımıza start vermişik. Hazırda klub üzvləri fərdi qaydada seçki prosesinə hazırlaşırlar. Müxtəlif tədbirlərimiz olur, biz siyasi şəbəkəyik və bir-birimizlə mütəmadi görüşməyə ehtiyacımız var.

- Hazırlıq kampaniyasında Ümid Partiyasının resurslarından istifadə olunacaqmı?

- "125-lər” Siyasi Klubu heç bir siyasi partiyaya bağlı deyil. Resurslara gəlincə, bizim güvəndiyimiz yeganə resurs insanlar, dostlar və əlaqələrimizdir. Şəbəkə şəklində biri-birimizin resurslarından faydalanacağıq. Məqsəd bugünədək siyasətdə olmasalar da, öz sahələrində ekspert sayıla biləcək ictimai baxımdan fəal olan insanların mövcud siyasi qüvvələrlə opponentlik etməsinə nail olmaqdır. Bunun da ən mühüm yolu parlamentə seçilməkdir.

- Artıq dairələr müəyyən edilibmi, bu prosesdə hansısa mübahisələr, problemlər yaşanırmı?

- Demək olar ki, əksər üzvlər öz dairələrini müəyyən ediblər. Heç bir mübahisəmiz də yoxdur. Çünki dairələr seçilərkən bir qayda olaraq, ümumi müzakirədən sonra qərar qəbul edilir.

- Kampaniyada seçki ilə bağlı təcrübəsi olan hansısa şirkətin, təcrübəli şəxslərin yardımından istifadə edəcəksinizmi?

- Üzvlərimiz sırasında bundan öncəki seçkilərə qatılmış insanlar var. Biz əsasən onların təcrübəsindən faydalanırıq. Hər namizəd öz dairəsi üzrə resurslarının qiymətləndirilməsini aparır. Mütəmadi görüşlərimiz zamanı, seçki prosesində yaxından iştirak etmiş başqa ekspertləri də dəvət edirik. Bu, hüquqşünaslar, peşəkar mütəxəssislər, imicmeykerlər, marketoloqlar, seçkidə müşahidəçilik təcrübəsi olan insanlardır.

- "125-lər”dən neçə nəfər deputatlığa namizədliyini verəcək?

- Bütün üzvlərimiz seçkiyə qatılacaqlar.

- Necə düşünürsüz, budəfəki seçki əvvəlkilərdən fərqlənəcəkmi, yəni, növbəti parlamentdə yeni və gənc simalar görə biləcəyikmi?

- "125-lər” olaraq təşkilatlandığımız zaman, brendimizi yeni simalar üzərində qurmağa çalışdıq. Ölkədə yenilik arzulayırıqsa, yeni və mütərəqqi baxışlı insanlara ehtiyac var. Unutmayaq ki, Parlamentin tərkibini özünün iştirakı və ya iştiraksızlığı ilə ilk növbədə seçici təyin edir. Seçki marafonunda iştirak edənlərə uğurlar diləyir, Vətənimiz üçün xeyirli olsun deyirəm.

İsmayıl