125 nömrəli marşrutda gediş haqqı niyə 25 qəpikdir ? - Açıqlama



"Yeni marşrut xəttinin məsafəsi uzun olduğuna görə gediş haqqı bahadır”.

Bunu Sherg.az-a "Bakubus”un yeni istifadəyə verilmiş 125 nömrəli marşrut xəttində gediş haqqının 25 qəpik müəyyən edilməsini izah edərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. 

O bildirib ki, yeni marşrut xətti sakinlərin istəkləri nəzərə alınmaqla, Bakı Nəqliyyat Agentliyi tərəfindən istifadəyə verilib:

"Qiymətin 25 qəpik müəyyənləşdirilməsi isə məsafədən asılıdır. Şəhər içərisində hərəkət edən bu cür marşrutlar var. Bakı kəndlərinə və şəhərətrafı ərazilərə həmin gediş haqqı ilə avtobuslar işləyir. Heç kim özbaşına qiymət qoya bilməz. Bunu razılaşdırıb, məsafəyə uyğun qiymət təyin ediblər. Bu normaldır”.

E. Muradlı bildirib ki, ümumilikdə nəqliyyatda qiymət artımı ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə açıqlama verib:

"Agentlik Tarif Şurasına heç bir məlumat getmədiyini bildirib. Qiymət artımı barədə məlumatı da yalnız Tarif Şurası qərar verə bilər”.

Qeyd edək ki, "Bakubus” 125 №-li marşrut xəttini istifadəyə verib. Bu marşrut üzrə avtobuslar 28 Мay metrostansiyası - Sahil metrostansiyası - Bayıl qəsəsəbəsi - 20-ci sahə - Bibi Heybət - Şixov çimərliyi - Binə Ticarət Мərkəzi istiqamətində və əks istiqamətdə hərəkət edəcəklər. Gediş haqqı 25 qəpikdir.

Aysel Aslan