“İmperator”, “kral”, “kiçik padşah”...

İcra başçısının vüqarlı addımlarına replikalar dolu kimi yağdı
Gərək elə gülün altından keçən şəkillərini yaysınlar? Heç olmasa bir yerdə daş qaldırsınlar, qollarını çırmayıb işə girişsinlər


Salyan rayonunun icra başçısı Tahir Kərimovun məktəblilərin əlləriylə "yaratdığı” gül çələngindən ibarət keçiddən vüqarla keçməsini əks etdirən fotolar dünən sosial şəbəkələrdə izlənmə rekordu qırdı. Və təbii ki, fotoya replikalar da dolu kimi yağdı. Sosial şəbəkə istifadəçiləri icra başçısını gah "imperator”, gah "kral həzrətləri”, gah da "kiçik padşah” titullarına "layiq” gördülər. "Yuli Sezarın Romaya təntənəli girişi” sözlərini yazanlar da oldu. Məsələyə tam ciddi yanaşanlar da vardı və Tahir Kərimov qınaq obyektinə çevrilərək şagirdləri istismar etməkdə və ya buna göz yummaqda suçlanırdı.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib ki, belə şəkillərin yayılma mexanizmi bir qədər fərqli olur.

"Çox da dəqiq bilmədiyim bu şəkil haqqında danışmaq istəməzdim. Hansı situasiyada çəkilmiş şəkildir və ya montaj olub-olmadığını bilmədiyim halda konkret fikir söyləyə bilmərəm. Hər halda, belə hadisə varsa, xoş deyil. Bunun isə nə dərəcədə həqiqətə uyğun olub-olmadığını bilmək lazımdır. Belə halların olmasını dəfələrlə görmüşük, ona görə də bu məsələdə tam mənası ilə fikir bildirmək çətinlik yaradır. Olubsa, yaxşı hal deyil”.

Sayt qeyd edib ki, sözügedən şəkil Salyan rayon İcra Hakimiyyətinin rəsmi saytından götürülüb və onun montaj olmadığını qurum rəsmiləri də təsdiqləyiblər, eyni zamanda ittihamlarla razılaşmayıblar. Bildirilib ki, icra başçısı Tahir Kərimov bu şəkli Salyanda keçirilən Gül bayramında çəkdirib.

Hadisə barədə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında bu cür məsələlərdə diqqətli olmağı tövsiyə etdi:

- Hazırda xeyli sayda xəbər saytları var. Bəziləri də bilərəkdən "qara piar”la, qarayaxma kampaniyası ilə məşğul olur, dəqiqləşdirilməmiş informasiyalar yayırlar. Bu fotonun nə məqsədlə yayıldığı da məlum deyil. Bu, icra başçısına qarşı kimlərinsə düşünülmüş təxribatı da ola bilər. Detallara bələd olmadığımdan münasibət bildirmək də doğru deyil. Mən Tahir Kərimovu Daşkəsənin icra başçısı olduğu vaxt görmüşdüm. Avropa Şurasının bir layihəsi ilə bağlı Daşkəsənə səfər etmişdim. İcra başçısı ilə də o zaman görüşmüşdüm. O məndə xoş təəssürat yaratmışdı. İndi bilmirəm, bu foto dəqiq nə zaman çəkilib, hansı şəraitdə. Amma əlbəttə, bütün məmurlardan ilk növbədə tələb olunan təvazökarlıqdır. Cənab Prezident də dəfələrlə bunu bəyan edib ki, ilk növbədə məmurlar, yüksək vəzifə sahibləri qanuna tabe olmalı, təvazökar davranmalıdırlar. Ümumiyyətlə, mən təklif edərdim ki, icra başçıları vəzifəyə təyin edilməzdən öncə, dövlət qulluğuna qəbul imtahanı versinlər. Bilinsin ki, bu insanların savadı, bilikləri hansı səviyyədədir. Əvvəlcə imtahandan keçsinlər, sonra vəzifəyə təyin olunsunlar ki, belə səhvlərə də yol verməsinlər.

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay isə qeyd etdi ki, ölkə başçısı həddini aşan məmurlara qarşı barışmaz mövqedə dayandığını dəfələrlə sübut edib:

- Dövlət işində işləyən insan dövlət qulluqçusudur. Məmurlar bu vəzifələrə xalqa, dövlətə xidmət etmək üçün təyin edilir. Bütün demokratik ölkələrdə belə qayda var ki, dövlət məmuru, yüksək vəzifə daşıyan şəxs təvazökar olmalı, sadəliyi ilə, işgüzarlığı ilə seçilməlidir. Azərbaycanda da təbii ki, demokratik quruluşa malik bir ölkə kimi bu prinsip keçərlidir. Amma təəssüf ki, bəzən yüksək vəzifə sahibləri arasında həddini aşanlar olur. Bilirsiz, vəzifə, mənsəb, maddi imkanlar ağır yükdür. Hər insan bu yükü daşıya bilmir. Bəzən başgicəllənməsi olur, elə bilirlər bu vəzifədə əbədi qalacaqlar, ona görə də özlərini itirirlər. Bəziləri belə səhvlər buraxdı, nəticəsini də gördük. Vəzifədən kənarlaşdırılanlar da oldu, həbs edilənlər də. Cənab Prezident dövlət qulluğunda kobud səhvlərə yol verənləri gərəkən şəkildə cəzalandırdı. Prezident bu barədə çıxışlarında bir neçə dəfə qeyd edib ki, məmur xalqın xidmətçisidir. Necə olur ki, dövlətin başçısı özünü xalqın bir nömrəli xidmətçisi hesab edir və bunu açıq bəyan edir, fəaliyyətində də əyani şəkildə sübuta yetirir, amma bəzi məmurlar harınlayır, qudurğanlıq edir?! Prezident tövazökarlığın nümunəsini özü göstərir. Amma bəzi məmurlar özlərinə dəbdəbəli ad günləri, yubileylər keçirir, bahalı hədiyyələr alır, verirlər. İndi biz Salyanın icra başçısının o hərəkətinə nə ad verək? Bu, farmazonluqdur. Ümumiyyətlə, kişiyə yaraşmayan hərəkətdir. Gül çələnginin altı ilə ailə quran cütlüklər, yaxud da aktyorlar, podiuma çıxan modellər keçər. Bir kişiyə yaraşmır axı, gül çələngindən ibarət keçiddən keçsin. Biz icra başçılarını əməklə məşğul olarkən, çalışarkən görmürük. Heç olmasa, bir yerdə daş qaldırsınlar, qollarını çırmayıb işə girişsinlər. Belə fotolar çəkilməlidir, yayılmalıdır ki, camaat da heç olmasa, icra başçısının, hansısa vəzifə sahibinin çalışqan olduğuna inansın. Atalar demiş, yağmasalar da, barı guruldasınlar. Mən həmin hadisəni yüksək vəzifədə olmaq hissinin aşıladığı başgicəllənmə hesab edirəm. Bu, çox yersiz, lazımsız, təvazökarlıqdan, sadəlikdən uzaq və vəzifə sahibinə yaraşmayan bir hərəkətdir.

İcra başçısı güllü fotosundan danışdı

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib.
lent.az-a danışan icra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır.
"Məni istəyən-istəməyən, hamısı nə gəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burada böyüdüləsi bir şey yoxdur”, - deyə T.Kərimov bildirib.

Qeyd edək ki, məlum foto 2014-cü ilin may ayında Salyan rayonunun mərkəzində keçirilən Gül bayramı tədbirində çəkilib.

Məlahət Rzayeva