(Əvvəli ötən sayımızda)
Müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət və ictimai maraqların müdafiəsi milli vəzifə kimi hər zaman aktualdır. Xüsusilə də, ölkə mediasının dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində dayanıb.
KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır.
Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir.
Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Mətbuatın ilkin missiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.
Mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Mətbuatın ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir.
Amma çox təəssüf ki, bəzi hallarda media nümayəndələri özlərinin ən mühüm funksiyalarından biri olan milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək vəzifəsindən, demək olar ki, imtina edirlər. Az da olsa, belələri var.
Bəs görəsən, media nümayəndələri, ictimaiyyət üzvləri Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolunu necə qiymətləndirir?
Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycanın dövlətçilik və ictimai maraqlarının müdafiəsində mətbuatın rolu qənaətbəxşdir:
"Onların fəaliyyəti müəyyən mənada hiss olunur. Amma bu istiqamətdə mətbuat öz fəaliyyətini bir az daha artırsa, daha yaxşı olar. Medianın ən kütləvi təsir vasitəsi olduğunu nəzərə alsaq, dövlət maraqlarının təbliğatı və maarifləndirilməsi baxımdan çox təsirlidir. Hesab edirəm ki, xüsusi proqramlar səviyyəsində iş görülməli və jurnalistlərin çıxışları dövlət və ictimai maraqların müdafiəsinə yönəldilməlidir. Bu gün televiziya kanallarını şou xarakterli proqramlar zəbt edib. Yaxşı olar ki, maarifləndirici, vətənpərvərlik ruhlu verilişlərə daha çox üstünlük verilsin. Dövlətçilik maraqları efir vasitəsi ilə cəmiyyətə aşılansın”.
Mətbuatın cəmiyyətə təsir imkanlarının həddindən artıq yüksək olduğunu vurğulayan Vüqar müəllim deyib ki, media cəmiyyətə birbaşa təsir imkanına sahib olan vasitədir. Hətta Qərbi Avropa, Amerika, qardaş Türkiyə, qonşu Gürcüstan kimi ölkələrdə KİV-in birbaşa siyasi proseslərə təsir imkanları var. Media koorperasiya rəhbərləri siyasi proseslərin "kölgə”də qalan iştirakçılarına da xidmət göstərirlər. Bu mənada, medianın cəmiyyətə və ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri çox güclüdür. Biz jurnalistlər olaraq, maksimum dərəcədə çalışmalıyıq ki, mediamızdan dövlətə və dövlətçiliyimizə dəstək vasitəsi kimi istifadə edək. İctimai maraqların müdafiəsi istiqamətində maarifləndirmə işini düzgün qura bilək”.
Milli maraqların qorunmasından danışan millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, ölkə mediası milli və vətənpərvər siyasi şüuru dini radikal təfəkkürdən yuxarı qaldırmaq üçün gecə-gündüz çalışmalıdır: "Mediamız zaman-zaman öz fəaliyyəti ilə bağlı ictimaiyyət qarşısında hesabat verməli olur. Bu zaman müəyyən olunur ki, ölkədə baş verən hadisələrə münasibətdə medianın nümayiş etdirdiyi mövqe milli maraqlarla uzlaşır, yoxsa uzlaşmır? Əsasən mediamızın bu istiqamətdə sərgilədiyi fəaliyyət təqdirəlayiqdir. Ancaq istisnalar yox deyil. Xüsusən, son hadisələr qərəzli mətbuatın ifşasına səbəb oldu. Bəzi mətbu orqanlar, hətta özünü "ictimai-siyasi xadim” kimi təqdim edən radikal ünsürlər sonuncu sınaqdan keçə bilmədilər. Həmin radikal media qurumları, nağaraçı siyasətçilər, milli azlıqlardan və "milli şura” adından istifadə edən qüvvələr məcburən özlərini ifşa etməli oldular. Çünki onlar ölkədə baş verən hadisəyə milli maraqlar kontekstindən deyil, xaricdən aldıqları göstərişlər əsasında yanaşdılar. Bəlkə də bu, Azərbaycanda ictimai sayıqlığın təmin olunması üçün xeyirli oldu və cəmiyyət kimin kimə xidmət etdiyini gördü. Nardaranda baş verən hadisələr də bir növ Azərbaycan milli mətbuatının imtahanı oldu. Fikrimcə, milli media bütövlükdə bu imtahandan müsbət qiymət ala bildi”.
Baş redaktor bildirib ki, yaşanan olaylar media üçün yeni ictimai sifariş meydana çıxardıb: "KİV-lər fasilə vermədən, öz funksiyalarından istifadə edərək ciddi şəkildə dini maarifləndirmə aparmalıdır. Azərbaycan mediası ölkədə milli şüuru və vətənpərvər siyasi şüuru dini şüurdan yuxarı qaldırmaq üçün əzmlə çalışmalıdır. Bu, bütövlükdə həm yazılı mətbuata, həm də elektron mətbuata aiddir. Unutmayaq ki, Nardaranda baş verən hadisələrin əsas səbəbi xarici ünsürlərdirsə, digər səbəbi də mövhumat şüurunun milli təfəkkürdən üstün tutulmasıdır. Müasir mərhələdə Azərbaycanın maraqları onu tələb edir ki, hər bir insanda vətəndaşlıq və milli şüur digər düşüncələrdən qat-qat üstün olsun”.
Ölkəmizin milli və dövlət maraqlarının müdafiəsinə hər bir siyasi-ictimai təşkilat öz töhfəsini verməlidir. Hətta iqtidar-müxalifət barışmazlığı yaşanan ölkələrdə belə, dövlətin təhlükəsizliyi, milli maraqların müdafiəsi, ölkə üçün taleyüklü məsələlər gündəmə gəldikdə onlar arasındakı baryer arxa plana keçir. Həmin andan etibarən cəmiyyət iqtidarlı-müxalifətli problemin üzərinə gedərək onu çözməyə çalışır. Çünki mühüm məsələlərdə təkcə ayrı-ayrı fərdlərin və ya toplumların deyil, ümumən vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət düşür. Nəzərə almaq lazımdır ki, toplumla birbaşa işləyən dövlət yox, məhz belə institutlardır. Əlbəttə, institutlar fəaliyyətini elə qurmalıdır ki, həm dövlətin, həm də cəmiyyətin maraqları təmin olunsun. Lakin təəssüflər olsun ki, bəzi hallarda dövlət maraqlarından yan keçmələr müşahidə olunur. Qərəzli beynəlxalq güclər isə xırda dövlətlərin güclənməsində qətiyyən maraqlı olmadığından, bir sıra ölkələrin daxilində pozuculuq fəaliyyətinə təkan verir və daxili maşaların əli ilə iğtişaş yaratmağa cəhd edirlər.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də hesab edir ki, ictimai və dövlət maraqlarının müdafiəsində Azərbaycan mətbuatının rolu son dərəcə qənaətbəxşdir: "Ən qədim dövrlərdən indiyə qədər hər bir xalq üçün dövlət və ictimai maraqların müdafiəsi məsələsi aktual olub. Ancaq qədim dövrlərdə yaranan dövlətlərdə insanların hüquq və azadlıqlarının olmadığı, insanlar maddi və mənəvi sərvətlərdən bəhrə götürmədiyi üçün dövlət və ictimai maraqlar biri-birini tamamlamayıb. Dövlət və ictimai maraqların bir yerdə olması, biri-birini tamamlaması kapitalizm münasibətlərinin yarandığı XIV-XV əsrlərdən başlayıb və bu, vətəndaşlıq məsuliyyəti formasında üzə çıxıb. İnsanın fərdi azadlıqlarının, hüquqlarının təminatçısı rolunda dövlət çıxış etməyə başlayıb: "Biz Azərbaycanda yaşayırıq, dövlət hüquq və azadlıqlarının həyata keçməsinə, dövlət maddi və mənəvi sərvətlərdən bizə pay düşməsi üçün şərait yaradır. Ona görə də fərd də dövlət maraqlarını nəzərə almalı, lazım gələndə özünün şəxsi hüquq və azadlıqlarını dövlət maraqları naminə qurban verməyi bacarmalıdır. Tutaq ki, dövlət maraqları işğal olunmuş torpaqların azad edilməsi naminə mitinq keçirilməməsini, sərbəst hərəkətin məhdudlaşdırılmasını tələb edirsə, vətəndaş bunu etməlidir. Vətəndaşın marağı heç bir halda dövlətin marağından üstün ola bilməz”.
A.Quliyev qəzetçilik fəaliyyəti dövründə dövlət maraqları naminə qəzetçilik və şəxsi maraqlarından vaz keçdiyi məqamların olduğunu da qeyd edib: "Müəyyən informasiyaların dövlət üçün beynəlxalq miqyasda problem yarada biləcəyini, dövlətin imicinə ləkə gətirəcəyini nəzərə alaraq onları dərc etməməyə qərar vermişəm. Baş redaktor kimi xarici ölkələrin səfirləri ilə görüş zamanı Azərbaycan dövlətinin maraq və mənafelərinə zidd məqamlara xüsusi diqqət yetirmişəm, o maraqların ayaq altına atılmasına yol verilməməsinə çalışmışam”.
Baş redaktor KİV-lərin fəaliyyətində dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi mühüm yer tutmasının vacib olduğunu vurğulayıb.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb