“Oğlum borca görə intihar etməyib”

İntihar edən müğənninin anası: “Mənim oğlumun içkisinə nə isə qatdılar. Onun oturub-durduğu dostları axırına çıxdılar”



Ötən gün Bakıda müğənninin intiharı müxtəlif şayiələrə yol açıb. Xatırladaq ki, intihar edən müğənni "Azərbaycanın səsi 1”-də iştirak edib.

"Türkvision 2015” yarışmasının Azərbaycan üzrə təşkilatçısı Sübhanə İsgəndərova intihar edən müğənni Elvin Ordubadlı barədə danışıb: "Elvini sox yaxından tanıyırdım. Kazana bir yerdə qastrola getmişdik, yol yaldaşı da olmuşuq deyə, onun insanlığına söz ola bilməzdi. Hələ də inana bilmirəm. 64 uşağın içində Elvin birinci oldu. Sonra ölkəmizi "Türkvision”da təmsil edib, 7-ci oldu. Elvin çox mərifətli uşaq idi. Deyirlər borca görə özünü atıb. Şəxsən mən inanmıram. O borca görə özünü atan insan deyildi. Borcu olsaydı belə, anası onun borcunu ödəyərdi. İçkili olduğu üçün bəlkə ağlı başında olmayıb, özünü atıb”.

Müğənninin anası Ülkər xanım "Şərq”ə açıqlamasında "Dərdim böyükdü. Mənim balamın əhatəsi pis idi. Nə etdi, onlar etdi balama. Allah ATV kanalındakı Fəridin bəlasını versin. Onun ad gününə getmişdi. Nə oldusa, orda balama etdilər. Mənim balamın içkisinə nə isə qatdılar. Elvin son vaxtlar içki aludəçisi olmuşdu. Dünən də gələndə çox içmişdi, "lül piyan” idi. Tək içkili deyildi balam. Gözünə heç nə görünmürdü. Mən polislərə izahatımda da bildirdim ki, balamın içkisinə nə isə qatıblar. Mən buna əminəm. Evə girəndə onu elə vəziyyətdə gördüm, havalandım. Çox da deyindim ki, sən niyə bu vəziyyətə düşürsən? Bir az keçdi özünü atdı. Çata bilmədim ona. Allah onu bu vəziyyətə salanların bəlasını versin. Mənim həyatım dağıldı. İki balası atasız qaldı. Mənim balamı ölümə sürəklədilər.

Deyirlər, guya borca görə özünü atıb. Yalandı kimə borcu olub, çıxaydı ortalığa. Mən onu yağ-bal içində böyütmüşdüm. Oğlumun heç kimə borcu olmayıb. Olsaydı, deyərdi mənə. O bilirdi ki, mən onun üçün dünyanı dağıdardım. Oğlum borca görə intihar etməyib. Mənim oğlumun içkisinə nə isə qatdılar. Onun oturub-durduğu dostları axırına çıxdılar”.

Gənc müğənni Elvin Ordubadlının bacısı qardaşının intiharı ilə bağlı açıqlama verib. Müğənninin bacısı Zeynəb Hacıyeva deyir ki, qardaşının hər hansı ciddi problemi olmayıb: "İçkili olub Elvin. İntihar edəndə yanında anam olub. Anam onun dalınca qaçsa da, tuta bilmədi. Xəstəxanada əlimdən tutub can verdi. Qardaşım çox xoşbəxt idi. Övladları üçün canını verərdi. İçkiyə qurşanandan sonra çox dəyişdi”.

"Ailəsinin yeganə övladıydı, özü də ailəliydi, iki qız atasıydı”. Bu sözləri isə bəstəkar-müğənni Elza Seyidcahan intihar edən tələbəsi, müğənni Elvin Ordubadlı barəsində bildirdi. Elza Seyidcahan hələ ki, onun hansı səbəbdən intihar etdiyinin məlum olmadığını deyib:

"Anası hazırda çox əsəbi və gərgin vəziyyətdədir. Odur ki, əlaqə saxlasaq da, Elvinin intihar səbəblərini öyrənə bilmədik. Bu xəbərdən çox pis olmuşam. Allah rəhmət eləsin”.

Elvin Ordubadlı Bakıxanov qəsəbəsində yerləşən binanın 5-ci mərtəbəsindəki mənzildə anası ilə birgə yaşayıb. Hadisə baş verərkən gənc müğənninin anası evdə olub. O, oğlunun özünü binadan atmasından sonra binanın qarşısına düşərək ona kömək etməyə çalışıb.
Gənc müğənni ailəli olub və iki qızı var. Onun böyük qızı ikinci sinfə gedir, digər qızının isə 5 yaşı var.
İntihar edən müğənninin hər hansı məktubu və ya qeydi tapılmayıb.

Tahirə