Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən qanunun 9-cu maddəsində "təsisçinin və ya məhkəmənin” sözləri "təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının” sözləri ilə əvəz edilib.
Qanuna dəyişikliyin müzakirəsi zamanı deputatların fikirləri haçalanıb.
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS-i bağlayacaq: "Hər gün Milli Televiziya və Radio Şurasının ANS-i cərimələməsi ilə bağlı xəbərlər oxuyuruq. Əgər belə olarsa, onda onlar ANS-i bağlayacaqlar. Heç olmasa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük”.
Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib: "Hansısa icra qurumuna qapatma səlahiyyəti verilirsə, o zaman məhkəmə sistemi nəyə lazımdır. Bu cür məsələlər məhkəmə sisteminin işidir. Amma icra qurumuna belə səlahiyyətin verilməsi, məhkəmə hakimiyyətinin səlahiyyətinin bölünməsi deməkdir. Həmçinin bu, süni istifadə hallarına gətirib çıxaracaq. Mən hesab edirəm ki, qanunda belə bir dəyişikliyə ehtiyac yoxdur. Bu, Konstitusiyanın pozulması deməkdir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə burada heç bir konstitusiya pozuntusunun olmadığını deyib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə deyib ki, "Televiziya və radio yayımı haqqında” qanunda da nəzərdə tutulur ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) hər hansı televiziyanı bağlaya bilər: "Azərbaycanda televiziya və radio yayımı ilə bağlı müvafiq qanun var. Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Ona görə də, düşünürəm ki, burada heç bir Konstitusiya pozuntusundan söhbət getmir”.
Vitse-spiker Bahar Muradova da deyib ki, dəyişiklikdə pozuntu yoxdur: "Bundan sui-istifadə ola bilməz. Qanunun icrası nəzarətdə olacaq”.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.
Anar