Fəaliyyətsiz partiyalar...

Belə təşkilatlar bağlanacaq
Fəzail Ağamalı: “Əgər partiya özünü cəmiyyətə təqdim edə bilmirsə, qalmağının mənası yoxdur”

Arzuxan Əlizadə: "Azərbaycan kiçik ölkədir və burada 55 partiyanın olması reallıq deyil”


Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi hazırlanır:

"İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə, fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”. Nəzərə çatdıraq ki, Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan çox vətəndaşı olan ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi, bu partiyaların da bəzilərinin yalnız kağız üzərində adı var. Qeydiyyata alınan partiyalardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, mətbuat səhifələrində qiyabi də olsa, öz varlıqlarını nümayiş etdirə bilirlər. Bu ilin noyabrında keçirilən parlament seçkilərindən bir neçə partiya qanunverici orqanda təmsil olunmaq haqqı qazanıb. YAP istisna olmaqla digər partiyalar Milli Məclisdə cəmi bir deputatla təmsil oluna biliblər. Deputatla yanaşı, digər partiya sədrləri də deyirlər ki, siyasətdə aktiv iştirak etməyən, məsələn, Bozqurd, Kəndli, Birlik, Qorqud və s. partiyalar ləğv olunacaq. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib ki, həmkarı Siyavuş Novruzovun fikirləri reallığı əks etdirir: "Hər bir deputatın təklif irəli sürmə hüququ var. Siyavuş Novruzovun da söylədiyi fikirlərində əsaslı arqumentlər mövcuddur. Əgər partiya parlament seçkilərində iştirak etmirsə, iştirak edib səs toplayaraq özünü cəmiyyətə təqdim edə bilmirsə, qalmağının mənası yoxdur. Belə partiyalar yalnız bir sədrdən və bir qovluqdan ibarətdir. Ona görə də partiya sədrləri özləri fikirləşib qərar verməlidirlər. Siyavuş Novruzovun fikirlərinə ehtiyac qalmamalıdır. Düşünməlidirlər ki, onlar hansı fəaliyyətlə tarixdə qalacaqlar”. Partiya sədrinin sözlərinə görə, özünü radikal müxalifət adlandıran partiyalar bu günə kimi ictimai-siyasi proseslərdə aktiv iştirak etməyiblər: "Onlar üzərlərinə düşən missiyanı yerinə yetirməyiblər. Ona görə də Siyavuş Novruzov bu təklifi irəli sürməkdə haqlıdır”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) səlahiyyətlərini icra edən Arzuxan Əlizadə də sözügedən qanun layihəsini dəstəklədiyini deyib: "Əslində, bu, vaxtı ilə bizim səsləndirdiyimiz fikirlərdir. Azərbaycan kiçik ölkədir və burada 55 partiyanın olması reallıq deyil. Bir özü və bir portfeli olan partiyaları qeydiyyata almaqla belə bir situasiya yaranıb. Ona görə də həmin partiyaların ləğvi daha münasibdir”. A.Əlizadə onu da əlavə edib ki, əgər həmin qanun layihəsi təsdiqlənərsə, heç bir fəaliyyəti olmayan, seçkilərdə iştirak etməyən, qanunvericiliyə müvafiq olaraq illik maliyyə hesabatlarını təqdim etməyən partiyalar ləğv oluna bilər.

İsmayıl