Cəmiyyətdə aqressiya son dərəcə artıb

“Bir kəm baxışa adam öldürən, söyüşə görə insan başını toyuq başı kimi üzən gənclər var”
“İradəcə zəif insanlar söyüşə daha çox meyilli olurlar. Böyüklərə bu adəti tərgitmək elə də asan deyil”


Bəzi ailələr lap kiçik yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar. Ən pisi də odur ki, söyüş sadəcə uşaqların tərbiyəsini pozmur. Bir çox hallarda onların qanı bahasına başa gəlir. Eyni ilə 29 yaşlı Cümşüd Rüstəmov kimi.

Məlumat üçün bildirək ki, Biləcəri qəsəbəsi Natiq Həşimli küçəsində 1983-cü il təvəllüdlü Bağırov Kamran 1986-cı il təvəllüdlü C.Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, K.Bağırov saxlanılıb. İlkin araşdırmalarda qətlin söyüş üstündə törədildiyi məlum olub. Belə ki, C.Rüstəmov məhəllədə dostlarının arasında konkret kiməsə ünvanlanmayan söyüş söyüb. Bu söz K.Bağırova pis təsir edib və məhəllə uşağı ilə mübahisə edib. Daha sonra mübahisə münaqişəyə çevrilib və 29 yaşlı Cümşüd bıçaqlanıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. Təbii ki, insanların müxtəlifliyi kimi, hisslərini ifadə etmək bacarığı da fərqli olur. Kimi əsəbiləşən zaman özünə qapanmaqla, sakit tərzdə əsəblərini cilovlamağa çalışır ki, bunun da nəticəsində çox zaman özü ziyan çəkir, digəri isə qışqırıb-bağırmaq, sındırıb-dağıtmaqla və bununla bəzən ətrafındakıları incitməklə daxilindəki aqressiyadan xilas olmağa çalışır.

İkinci halda çox vaxt insanın əl atdığı vasitələrdən biri də təhqir və ağıza yaraşmayan söyüşlərdir. Bəs görəsən, nalayiq ifadələr səsləndirməklə neqativ enerjidən qurtulmaq mümkündürmü?

Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, söyüşə meyilli olan insanlar adətən özünəinamı az olanlardır: "İnsan aqressiv, hətta çox xoşbəxt olarkən söyüşdən istifadə edir. Bu zaman insanın özünə nəzarəti azalır. Təsəvvür edin ki, güləndə bəzən qeyri-iradi olaraq möhkəmdən gülürük, hətta gözlərimiz yaşarır. Ümumiyyətlə isə iradəcə zəif insanlar söyüşə daha çox meyilli olurlar. Böyüklərə bu adəti tərgitmək elə də asan deyil. Məsələn, 25 yaşında bir oğlan üçün söyüşü tərgitmək, 5 yaşında uşaqdan daha çətindir. Əsəbi halda neqativ hissləri başqa səmtə yönəldə biləcək başqa üsul tapmaq lazımdır”.

Psixoloq deyib ki, bunun üçün ailə tərbiyəsi olduqca vacibdir: "Ailə kiçik bir modeldir. Uşağın tərbiyəsində ailənin rolu əvəzedilməzdir. Söyüş söyən ailələri araşdırsaq, görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir. Ailə başçılarının söyüşə meyilliliyi uşaqda da özünü göstərir və bu, zəncirvari olaraq, davam edir. Bizim cəmiyyətdə söyüş etik qaydalara zidd olaraq qiymətləndirilir. Bu baxımdan bəzən insanlar cəmiyyət içində söyüş söyməsələr də, evdə kifayət qədər bu üsula müraciət edirlər, hətta uşaqlarını da buna sövq edirlər. Lakin nəzərə almaq lazımdır ki, uşaqları söyüşə meyilləndirmək uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Bu gün bizim valideynlər uşağa söyüş öyrədir ki, əmini söy, dayını söy və bundan zövq alırlar. Uşaq isə özünə tənqidi yanaşa bilmədiyinə görə söyüşü cəmiyyət arasında istifadə edir. Bu da birbaşa olaraq, ətrafdakıların qınağına səbəb olur və təbii ki, digər valideynlər öz uşaqlarını belə bir uşaqdan uzaqlaşdırmağa çalışırlar. Bunun da nəticəsində uşağın sosiallaşması zəifləyir, dostları azalır, onu söyüş söydüyünə görə ələ salırlar”.

Kişilərin söyüşə daha çox meyilli olduğunu vurğulayan N.Rüstəmova qeyd edib ki, bəzən cəmiyyət arasında özünü tanıtmaqda çətinlik çəkənlər söyüşdən daha çox istifadə edir. Bu proses şüuraltı gedir. Hər halda, nə qədər çıxılmaz vəziyyətdə olsaq da, fikrimizi ifadə edərkən nalayiq sözlərdən çəkinməliyik. Ən azından ona görə ki, belə sözlər ətrafdakıların bizi yanlış anlamasına və nəticədə hörmətsiz münasibətinə səbəb ola bilər. Hörmətsiz biri olmağı isə heç kim istəməz...”.

Ölkəmizdə söyüş üstündə baş verən qətl hadisələrinin artma səbəbinə toxunan sosioloq Lalə Mehralı isə son zamanlar insanların biri-birinə qarşı inanılmaz dərəcədə aqressiv olduğunu deyib: "Bir kəm baxışa adam öldürən, söyüşə görə insan başını toyuq başı kimi üzən gənclər var. Düzdür, söyüş yaxşı davranış deyil, həm də baxır nə söyüşü olub. Bizim insanımız üçün ana-bacı söyüşü namusdur, namusuna söyən isə cəzasız qoyulmur. Bu hadisədə söyüş nəyin üstündə olub, günah kimdə olub, deyə bilmərəm, amma bir söyüşə görə bir gənc torpağın altına, o biri də bağlı qapıların arxasına getdi. Ən azı 15-20 il həbs alacaq. İki ailə gözüyaşlı qalacaq. Məsələnin qaranlıq tərəfi bilirsənmi nədir? İş o yerdədir ki, bizdə daha hövsələ, yola vermə kimi xüsusiyyətlər yoxdur. Heç kim başqasına güzəştə getmir, insanlar adi bir sözü böyüdüb fil boyda edir, kiçik söz-söhbət böyük münaqişələrə çevrilir. Aqressiya pik həddədir. Adam öldürmək qarışqa əzmək qədər asanlaşıb. Özü də bu, gənclər tərəfindən o qədər soyuqqanlılıqla edilir ki, insan mat qalır”.

Sosioloqun sözlərinə görə, bir zamanlar bədii ədəbiyyatda oxuduğumuz, kriminal və dedaktiv əsərlərin qəhrəmanlarının etdiyi hərəkətlər indi realda gənclərimizin məşğuliyyəti olub:

"Gənclərin əksəriyyəti cibində bıçaqla gəzir, xətrinə dəyənin boğazını üzür. İnsanlar biri-birinə qarşı əzazil, qəddar olub. Təəssüflə deməliyəm ki, bu cür vəziyyət cəmiyyəti uçuruma aparır”.

Şəymən