“15 ildir küçələrdəyəm, döymədiyim qapı qalmayıb”

Ağdam qaçqınını haqqını tələb etdiyinə görə təhqir edirlər“Mənim kimi mübariz, fədakar ananı yerə çırpan məmurla sona kimi mübarizəmi davam etdirəcəm”
Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava qəsəbəsi 155-də məskunlaşan Ağdam rayon məcburi köçkünü Tamam Qarayeva 25 ildir ki, ev həsrəti ilə yaşayır. Tamam xanım 2-ci qrup ömürlük əlildir və 6 ay əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyətində Ağdam icra məmurlarının iştirakı ilə özünə qarşı zor tətbiq edildiyi üçün əlaqədar qurumlara müraciət edib, lakin səsini kiməsə çatdıra bilməyib, son çıxış yolunu isə redaksiyamıza gəlməkdə görüb.
"25 ildir 12 kvadrat yarımzirzəmi və rütubətli bir otaqda məskunlaşmışıq. Ailədə 5 nəfər idik. Qayınatam Böyük Vətən Müharibəsi iştirakçısı olub, amma 5 ildir ki, rəhmətə gedib. Ev deyə-deyə dünyasını dəyişdi. Onun məclisi elə bir yerdə aparıldı ki, bəlkə də cənab Prezident bundan xəbər tutsaydı, rəhbərlikdəki adamları işdən azad elətdirərdi. Oğlum yaşadığımız evin şəraitsizliyi, rütubətli olması ucbatından astma xəstəliyi tapdı. Həm də ürəyində qüsuru var. Özüm isə 4-5 xəstəlikdən əziyyət çəkirəm, dərmanlarla yaşayıram”.
Mənzillə bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etdiyini və bu müraciətlər üçün 60-dan çox cavab məktubu gəldiyini deyən T.Qarayeva buna baxmayaraq hələ də şad xəbər almadığını deyir. Onun sözlərinə görə, nə qədər mənzil üçün müraciət etsə də, həmişə onu aldadıblar və təhqirlərə məruz qalıb: "Bu il yanvarın 27-də çox sevindim, çünki televizorda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edirdi. Fikirləşdim ki, vətəndaş yox, bir bacı kimi onun qəbuluna gedim və dərdimi deyim. Yanvarın 28-i səhər durub dərmanlarımı sırayla içdim və getdim. Gördüm ki, Komitənin həyətində sürücülər dayanıb. 
Özüm 14 il məmur olaraq "Azərdövlət” sığortada işləmişəm, qaydalara riayət edən biriyəm. Mühafizəçi gəlib hansı rayondan olduğumu soruşdu, sonra isə iclas olduğunu dedi. 2 saat qapıda gözlədikdən sonra Ağdam Rayon İcra Hakimiyyətinin birinci müavini Arzu adlı xanım və bir nəfər tanımadığım kişi gəldi. Hərəsi bir qolumdan tutdular, məni hara apardıqlarını soruşdum. Dedilər ki, "gəl, biz sənə kömək edəcəyik”. Cavabında dedim ki, "bütün müraciətlərim əlimdədi, niyə bu 25 ildə kömək eləmədiz?!”.
 
Onlara bildirdim ki, dərdimi rəhbərliyə özüm danışacam. Amma buraxmadılar məni, nə qədər çalışsam da, sol qolumu əllərindən ala bilmədim. İstədim ki, əllərindən çıxım, amma sürətli formada - ağzı üstə yerə yıxıldım. Məni heç kim qaldırmadı, qaçdılar gizləndilər. Bu zaman Ağdam icra başçısı Raqub Məmmədov və Əli müəllimin müavini Gəray Fərhadov məni yerdə görüb yanıma gəldilər. Gəray müəllim həcidir, hər il məni aldadır, həci adam da yalan danışar? Sübutlarım da var, onun özünə də məktub yazmışam. Məni sürüyə-sürüyə apardılar qəbul otağına, yavaş-yavaş özümə gəlirdim. Birdən gördüm ki, maşın səsi gəlir və artıq Əli müəllim çıxıb getmişdi. Bu qədər vaxt gözləməyim də boşa getdi”.
Zərərçəkmiş xanımın sözlərinə görə, Komitənin həyətində yıxıldıqdan sonra pis xəsarət alıb və səhhəti daha da pisləşib: "Elə bir səhnə idi ki, sanki ermənilər məni əsir tutmuşdu. Bu olanlar məni çox sarsıtdı, hələ də yadıma düşəndə özümə gələ bilmirəm... Mənim şərəf və ləyaqətimi alçaltdılar! Hər şeydən əvvəl mən fədakar bir anayam, iki övlad böyütmüşəm, ikisi də az maaş almaqlarına baxmayaraq dövlətinə qulluq edir. Xəstə yoldaşa, xəstə qayınataya baxmışam, budu mənim dəyərim? Öz vətənimdə hüquqlarım tapdalanır.
Bu dəqiqə sənədlərim də yanımdadı, 4 əməliyyatlıq işim var, amma heç birini edə bilmirəm. Hər şeydən əvvəl mənim mənliyim, qürurum, şərəf və ləyaqətim tapdalanıb. Çox ağır gəlir mənə, hər sübh namazına oyanana qədər gözümə yuxu getmir. Vəzifə bəzən insanları çaşdırır. Mən heç kimə şər atmıram. Amma bu hadisə olandan sonra prokurorluğa deyiblər ki, "o xanım özü-özünü yerə vurub, məqsədi diqqəti cəlb eləməkdi”. Keçən dəfə Fuad Ələsgərovun da qəbuluna getmişəm. Harda oluramsa, Ağdam icra başçısı zəng edib deyir ki, "o xanım bizim rayonun adına, ləyaqət və şərəfinə ləkə gətirir”. Niyə? Haqqımı tələb edirəm ona görə? 
Raqub müəllim, sən əsil məmursansa, prezidenti aldatmırsansa, niyə bunları edirsən? İclasda quzu kimi oturub deyirsən ki, biz xalqımızı sevirik və köçkünlərə yardım edirik. Niyə məni tapdalayıb yerə çırpan məmur hələ də vəzifə başındadı? Niyə bu 6 ayda mənə nə maddi, nə də mənəvi dəstək olmadılar? Mən haqq-ədalət sevən adamam. Haqqım üçün getmişəm, amma məni borclu çıxarırlar. Bir zaman eşitdim ki, xəbərim olmadan prosesi aparan Yasamal prokurorluğu işi bağlayıb və rədd ediblər. Bundan sonra əsəbiləşdim və Prezident Administrasiyasına getdim, dərdimi orda danışdım. Mən hər şeydən əvvəl dövlətimi, xalqımı sevirəm. Prezidentim bilsə ki, mən xalqımı, dövlətimi nə cür sevmişəm, bəlkə də mənə ad verər. 
Mənim kimi mübariz, fədakar bir ananı yerə çırpan məmurla mən sona kimi mübarizəmi davam etdirəcəm. Çünki kişi-kişiyə əl qaldırar. Məni yerə çırpdınız, amma qalxdım... Elə qalxdım ki, bu məsələni son nöqtəsinə qədər dövlətimə çatdırmalıyam!”.
T.Qarayeva rütubətli evdə yaşadığı üçün oğlunun səhhətinin heç yaxşı olmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, astma və ürək xəstəliyindən əziyyət çəkən oğlunun şəraitsiz evdə yaşaması və səhhətinin pisləşməsi onu məhv edir. Buna görə də köçkün xanım kömək üçün redaksiyamız vasitəsilə əlaqədar qurumlardan yardım istəyir və ona haqsızlıq edən məmurların cəzalandırılmasını tələb edir: "Dərmanlarımı içmədən heç yerə çıxa bilmirəm. Evdə boğuluruq, yaşamaq çətindi. Oğlumun astması tutur, qızımda da qan azlığı var, talassemiya daşıyıcısıdır. 25 ildir o evdə yaşayıram, 15 ildir küçələrdə müraciət etmədiyim qurum qalmayıb, amma heç bir köməklik yoxdu. Elmira xanım Süleymanovaya, Baş prokuror Zakir Qaralova, Yasamal Rayon İcra Hakimiyyətinə, Prezident Aparatına, hətta birinci xanıma nə qədər məktub yazmışam. İnanıram ki, ölkə başçımız bu olanlardan xəbər tutsa, köməklik göstərəcək.
İstəyirəm günəş olan bir yer olsun, çünki oğlum günəş düşən yerdə yatsa, bəlkə irəliləyiş olar. Dözmürəm oğlumun belə olmağına, ürəyim parçalanır. Prezident hər zaman çıxış edəndə ürəyim açılır. O deyir ki, məmur vətəndaşı incitməməli, həmişə onlara dəstək olmalıdı. Amma Prezidentimiz bilsə ki, məmur məni bu qədər incidəndən sonra yerə çırpıb, o, anaya olan bu vəhşiliyi götürməz...”.
Yeganə Bayramova