"160 milyon manata yaxın sığortalanmamış əmanətlər var" - Qaytarılmır




"Bu günə qədər bağlanan bankların təqribən 150-160 milyon manatlıq depozitləri qaytarılmayıb”.

Bunu Sherg.az-a bağlanan banklarla əmanətçilər arasında yaşanan sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı problemlərin həlli üçün təkliflərini səsləndirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, ötən il sığortalanmış əmanətlərin həcmi artırıldı, faizlərlə bağlı düzəlişlər edildi:

"Amma bağlanan banklardan məlum oldu ki, təxminən 160 milyon manata yaxın sığortalanmamış, keçmişdən qalan əmanətlər var. Yeni qaydalar yeni depozitlərə aiddir, köhnələrə aid edilmədi. Bu da problemlər yaratdı. İndi Mərkəzi Bank və Hökumət bundan dərs çıxartmalıdır ki, bankların bağlanması və ya birləşdirilməsi prosesində əmanətçilərlə heç bir problemlər yaşanmasın. Çünki bu, çox vacibdir. Hətta ən sağlam banklarda belə panika yaransa, əhali əmanətlərini geri çəkməyə başlasa, banklar iflic olar, işləmə qabiliyyətini itirər. Ona görə də,  panika yaratmadan, insanlarla normal dialoq qurmaqla, televiziyalarda bunun izahını aparmaqla həmin prosesi aparmaq lazımdır. İctimaiyyətdə belə panikanın yaranması heç kimə lazım deyil. Ona görə, Mərkəzi Bank dilini də üslubunu da dəyişməlidir. İqtisadi elm nəzəriyyələrinə əsaslanan dillə bəyanatlar verməkdənsə, televiziyalarda mətbuatda sadə dillə, insanları çaşdırmayaraq, güvən verəcək açıqlamalar versə, daha məntiqli olar. Başqa cür ard-arda bankların bağlanması insanlar tərəfindən panika ilə qarşılanacaq. Gecikmədən sadə dillə anlatmaqla, sosial çarxlarla, televiziyalarda diskussiyaların təşkil olunması ilə insanlar bilgiləndirilməlidir ki, bu proses onlara heç bir ziyan gətirməyəcək”.

Aysel Aslan