Ermənilərin Gürcüstana qaçması çarəsizliyin son həddidir

Bu ölkəyə keçənlər erməni cəmiyyətinin ən aşağı təbəqəsidir. İmkanı olan ermənilər isə Rusiya, Fransa, Amerikaya gedirlər

Bir qrup Ermənistan vətəndaşı sərhədi qeyri-qanuni şəkildə pozaraq Gürcüstanın Dmanisi rayonunun Yırğançay, Boğazkəsən və Orzuman kəndlərinə daxil olublar. Sərhədi qanunsuz keçdikləri üçün saxlanılan ermənilər Ermənistanda, yaxud Qarabağda səfalətdən ölməkdənsə, Gürcüstanda həbsdə qalmağın daha yaxşı olduğunu deyiblər.

Bir neçə erməni kənd ərazisində gizlənməyə çalışsa da, sərhəd polisi tərəfindən həbs olunub. Kənd sakinlərinin sözlərinə görə, ermənilər məlum istiqamətdən Gürcüstan tərəfə keçməyə dəfələrlə cəhd göstəriblər. Onlar istənilməyən “qonaqlardan” narahatlıq duyduqlarını və hökumətin bu işə əncam çəkməsini tələb ediblər. Deyiblər ki, ermənilər normal yaşayış üçün başqa ölkələrə üz tutmalıdır, çünki qonşu Gürcüstanda da vəziyyət qənaətbəxş deyil. 

Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Ermənistandakı siyasi-iqtisadi durumun acınacaqlı olmasının sübuta ehtiyacı yoxdur. Analitikin sözlərinə görə, ermənilər gələcəklərinin olmadığını aşkar görürlər:

“Ermənistandan qaçmağın son çarə olduğunu hesab edən ermənilərin Gürcüstana keçməsi çarəsizliyin son həddidir. Gürcüstana keçənlər erməni cəmiyyətinin ən aşağı təbəqəsidir. İmkanı olan ermənilər isə Rusiya, Fransa, Amerikaya gedirlər. Aciz durumda olanlar isə əlacsızlıqdan Gürcüstana üz tuturlar. Bu isə erməni dövlətinin məhv olması anlamına gəlir.

Ermənistan dövlətinin və cinayətkar hökumətlərin əməllərinin cəzasını erməni xalqı çəkməkdədir. Azərbaycan uzun illər erməni cəmiyyətini doğru yola çağırmaqla onlara xəbərdarlıq edib.

Hər dəfə torpaqların azad edilməsindən danışanda, qonşuluq əlaqələrinin bərpa olunmasından da söz açır, ermənilərin rifah yolunun bunda olduğunu bildirirdik. Əks halda vəziyyətin daha acınacaqlı olacağını proqnozlaşdırır, məhz indiki günləri nəzərdə tuturduq. Gürcüstan hökuməti öz ərazisində olan erməni əhalidən az çəkməyib. Belə vəziyyətdə Ermənistandan qaçan ermənilərə qucaq açmayacaqlar.

Tiflis hökuməti onlara sığınan bütün erməniləri geri göndərəcək. Mövcud şəraitdə Gürcüstana əlavə, özü də erməni kimi başağrısı lazım deyil”.