Dağlardan qar daşıyırlar

Həm sərinlənirlər, həm satırlar, həm də içki kimi istifadə edirlər

Havaların hədsiz isti keçdiyi Antalya və Muğla bölgəsində əhali Toros dağlarına üz tutub. Dağda sərinləmək üçün yox. Dağın sərinliyini evlərinə daşımaq üçün. 
Türkiyə mediası yazır ki, Antalya və Muğla əhalisi Toros dağlarında buzlaşmış qar kütlələrini kəsərək maşınlarla sahil bölgəsinə gətirirlər. Yerli əhali qar kütlələrindən adına “qarlama” deyilən bəhməz, bal və meyvə şirələrinin soyudulmasında istifadə edir, bəziləri isə qar kütlələrini bu sərin içkilərin istehsalçılarına satırlar. 
Antalyanın Kaş əyaləti ilə Muğlanın Seyidkəmər əyaləti arasında qalan Toros dağlarının qərb tərəfində ən yüksək təpə olan Ağdağın cənub-qərb ətəklərində 2 min 650 metr yüksəklikdəki Evkaya Yaylası yolunun kənarında və qayaların arasında toplaşmış qar kütləsi sərinlik və gəlir qaynağıdır. Kaş, Almalı və Seyidkəmərdən çətin dağ yollarını keçərək gələnlər əvvəlcə qar kütləsinin üzərini təmizləyir. Qar kütlələri elektrik mişarı, əl mişarı və başqa kəsici alətlərlə dördbucaq formada kəsilir. Sonra qar kütləsinin altı oyulur. Ortaya çıxan 60-80 kiloqramlıq qar kütləsi çuvallara qoyulur. Çiyinlərdə daşınaraq avtomobillərə yerləşdirilir və sahilə gətirilir. Qar kütləsi gətirənlər bundan özləri evdə də sərin içki məqsədilə istifadə edir, soyuq, sərin içkilər istehsalçılarına satmaqla yanaşı, qonşulara, dost-tanışa da hədiyyə edirlər.