Sahil qan gölünə döndü

175 balinanın qanlar içində can verməsini sakitcə izlədilər


Farer adaları növbəti qətliama imza atdı. Balina ovçuları yaraladıqları 175 balinanın sahildə qanlar içində can verməsini sakitcə müşahidə etdilər. Dünya bu vəhşiliyi hər il görür, lakin heç kim, heç bir dövlət bu soyqırımın qarşısını almır. Farer adalarının ovçuları o qədər qəddarlaşıb və harınlayıblar ki, sahildəki qanlı mənzərəni səmadan qeydə almaq istəyən drona hətta atəş açıblar. Bununla belə görüntülərdə balıqçıların sahildə əllərində qarmaq, mizraq, bıçaq sahildə dayanıb gözlədiklərini göstərir. Balinaların qətliamını “Grind” adlandırırlar. Və bu vəhşilik tam 300 ildir davam edir. Adını da “Grindadrap” festivalı qoyublar.

“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, bu vəhşi festivalın iştirakçıları balinaları yaralayır, sonrasa yaralı balinaları sahilə sürükləyirlər. Sahil başdan-başa qan gölünə çevrilir. Heyvan haqlarını müdafiə təşkilatları, ictimai birliklər bu qətliamı dayandırmağa çalışsalar da, nail ola bilmirlər. Bu il xeyli sayda insan qanlı festivaldan görüntüləri sosial mediada paylaşaraq balinaların qəddarcasına qətlinə etiraz edib. Farer adaları xalqı isə “festival” məsələsində fərqli mövqelərdədir.

Bir qisim qanlı festivalı pisləyir, bir qisim isə balinaların balıqçıların gəlir mənbəyi olmasını əsas gətirərək haqq qazandırmağa çalışır. Lakin gəlir əldə etmək naminə bu qədər balinanı qətlə yetirmək və soyuqqanlı bir şəkildə ölmələrinə tamaşa etməyə heç nə haqq qazandıra bilməz. Qanlı festival son 10 ildə 6 min 500-dən artıq balina və delfinin ölümünə səbəb olub.

Günlərlə davam edən qətliamın ardından hər kəs heç nə olmamış kimi həyatına davam edir. Qanlı festivalın ləğvi üçün ictimai təşkilatlar imzatoplama kampaniyası keçirir. Bəzi mütəxəssislər bu qədər balina ovuna heç bir ehtiyac olmadığını, ada sakinlərinin məişətində balina ətinin artıq keçmişdəki kimi xüsusi yer tutmadığını, bu “adəti” keçmişin qanlı nişanəsi adlandırırlar.  

Qeyd edək ki, Farer adaları Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupudur. Və Danimarka krallığına daxildir. Lakin 1948-ci ildən demək olar, müstəqil idarəetməyə malikdirlər. Belə qətliamlara soyuqqanlı yanaşan dünyadan biz hələ ədalət də gözləyirik.