Cəmiyyəti böyük bəladan xilas etməyin zamanıdır

"Qadının şəxsiyyət kimi əzilməsi ona psixoloji təzyiqdən başlayır"

Psixoloji zorakılığa məruz qalmış qadının cəmiyyətə, ailəyə, özünə heç bir xeyri dəyməz


Braziliya parlamentinin yuxarı palatası qadınlara qarşı psixoloji zorakılığı cinayət kimi tanıyaraq Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri yekdilliklə qəbul edib. Növbəti mərhələdə müvafiq sənəd ölkə prezidenti tərəfindən imzalanmalıdır.
Sənədə əsasən, bu cinayət təhdid, qorxu, təhqir, manipulyasiya, izolyasiya, şantaj, ələ salma, hərəkət azadlığının və digər haqlarının məhdudlaşdırılması yolu ilə qadınlara zərər verən, tam inkişafına mane olan, onu kiçiltmək və onun hərəkətləri üzərində nəzarət yaratmaq məqsədi ilə qadının psixoloji səhhətinə mənfi təsir göstərəcək mənəvi ziyan vurmaqdan ibarətdir.

Eyni zamanda, millət vəkilləri qadınlara bədən xəsarəti yetirməkdən məsul olanlar üçün maksimal həbs müddətini dörd ilə qədər artırıblar.

Qadınlara qarşı psixoloji zorakılığın cinayət tərkibli hesab edilməsindən zərif cinsin nümayəndələri nə əldə edəcək?

Psixoloji təzyiqə məruz qalmaq qadınlarda hansı mənfi hallar yaradır, qadının həyatına hansı formada təsir edir? Bu suallarla psixoloq Fərqanə Mehmanqızına müraciət etdik.

Psixoloq qeyd etdi ki, əlbəttə, psixoloji cəhətdən əzilmiş qadın zatən sonradan fiziki zorakılığa boyun əyib illərlə özünün bir fərd, şəxsiyyət kimi məhv edilməsinə icazə verir. Qadının şəxsiyyət kimi əzilməsi ona psixoloji təzyiqdən başlayır: 

- Psixoloji təzyiq özgüvənsizliyə, somatik və xroniki  depresiyaya gətirib çıxarır və sonra da sui-sidlik yaradır. Psixoloji özgüvənsiz, əzilmiş qadının ailəyə, cəmiyyətə, özünə artıq heç bir xeyri dəyməz. Belə qadın sağlam nəsil yetişdirə bilməz, övladı ilə psixoloji harmoniya yarada bilməz. Bütün bunlar cəmiyyətdə harmoniyanın pozulmasına gətirib çıxaran amillərdir. İntihara meyillilik də belə yaranır, həm qadınlar, həm uşaqlar arasında. Həmçinin kişilər arasında da. O cəmiyyət təhlükəlidir ki, orada harmoniya pozulub. Bu mənada Braziliya parlamentinin qəbul etdiyi qərar cəmiyyətin xilasına hesablanıb.