Çiçək, ətir, spirt olmaz

Ağcaqanadlar ilk növbədə qoxular gələn istiqamətə uçurlar


İstidən yuxuya gedə bilməyən adama bir tərəfdən də ağcaqanad vızıltısı əsl cəhənnəm yaşadır. Etiraf edək ki, ağcaqanad vızıltısı gecənin səssizliyində kimsənin eşitmək istəmədiyi  “melodiyadır”. “Şərq” “Pravda.ru”ya istinadən dermatoloq Qabriella Bertollinin ağcaqanadlardan xilas yollarını təqdim edir.

Dermatoloq bildirir ki, bu, elə də çətin iş deyil. Yalnız günlük gigiyenik prosedurlarda müəyyən dəyişikliklər etmək tələb olunur. Birinci növbədə adətən  istifadə etdiyiniz ətirli saç şampununu, nisbətən ətirsiz olanı ilə dəyişin.

Unutmayın ki, ağcaqanadlar ilk növbədə ətir gələn istiqamətə uçurlar. Eyni qayda spirt məhlulundan istifadəyə də aiddir. Əksəriyyət axşam yatmazdan öncə əlinə-ayağına spirt vurur ki, ağcaqanad yaxın gəlməsin. Əksinə, ağcaqanadlar spirtin ətrinə gəlir. İkincisi, üz dərisinə qulluq vasitələrindən istifadəni dayandırın. Ənənəvi üz baxım vasitələri olan lasyon, krem və maskaları allergik olmayan digər vasitələrlə əvəzləyin.

Çünki bu cür vasitələr ətirsiz olur və dəridə ətir təsiri buraxmır. Üçüncüsü, ətir, odekolon, sprey ətirləri qulaq dibi, boyun-boğaz ətrafına vurmayın. Yaxşı olar ki, ətir vasitələrini yalnız geyimlərə səpəsiniz.

Paltarları yumaq üçün də ətirsiz yuyucu vasitələrdən istifadə edin. Dermatoloq həşəratlara qarşı allergik təsirə malik olmayan dərman vasitələrindən istifadə etməyi, bu vasitələri də geyimlərin üzərinə, hətta dəri səthinə və saçlara vurmağı da məsləhət görür. Həmçinin həyətdə becərilmiş dibçək güllərini də mənzilə daşımaq lazım deyil. Onlar ətrafa ətir saçmaqla yanaşı, özləri ilə birgə həşəratları da mənzilə “daşıyırlar”.