Dünyanın ən axmaq planı...


Tıxaca dözməyib özünü körpüdən çaya atdı

Zəncirləmə qəza səbəbindən tıxacda qalan avtomobil sahibləri ağlasığmaz hadisəyə şahidlik edib. Avtomobillər tıxacda dayandığı vaxt bir nəfər sürətlə qaçaraq körpünün üzərindən çaya tullanıb. Bu çay isə timsahların məskəni kimi məşhurdur. Hadisə  ABŞ-ın Luiziana ştatında yaşanıb.  “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 26 yaşlı Jimmy İvan Jennings ştatlararası 10-cu yolun üzərində inşa edilmiş körpüdən çaya tullanıb.  Adamın axtarışları və  çaydan çıxarılması saatlarla sürüb.  Jennings həyatda qala bildiyi üçün özünü bəxtəvər hesab etdiyini və nə qədər şanslı biri olduğunu fərq etdiyini deyib: “Suyun altına dalmağa başladım və bir neçə dəfə, az qala boğulacaqdım. Həqiqətən də, həyatımın sonunun yaxınlaşdığını düşündüm. O an həyatımdakı hər kəsi bağışladım və hər kəsdən bağışlanmaq dilədim.

Qarışıq duyğulardı. Qəza səbəbindən 2 saatdan çox idi ki, tıxacda qalmışdıq. Birdən beynimə ağlagəlməz bir fikir gəldi. Körpünün üstünə çıxmaq, çaya tullanıb sahilə üzmək və ordan da irəlidəki dostumun maşınına minib yola davam etmək. Çaya  baxdım, səviyyəsi hündür görünmürdü. Amma körpüdən atlananda bunun nə qədər səfeh bir hərəkət olduğunu anladım.  Bu, dünyadakı, bəkə də ən axmaq plan idi”. Jennings bir neçə saat çayda üzüb, yorulub. Hər dəfə suyun dibinə enmək təhlükəsi yaşadıqda arxası üstə uzanıb, əlləri ilə suyu itələyərək, sahilə çıxmağa çalışıb. Sonunda kiçik bir adaya çıxa bilib. Xilasedicilər onu tapıb və sahilə çıxarıb. Körpüdən tullandığına görə barəsində cinayət işi açılıb. Jennings “etiraf edirəm, bunu etməməliydim. Amma körpüdən tullandıqdan sonra hər nə etdimsə, həyatda qalmaq üçün etdim”, deyib. Jenningsin bu çılğın hərəkəti həm tıxacda dayananlar tərəfindən, həm də körpünün üzərindəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan video izləyici rekordu qırıb.