Moldovada yüzlərlə həmvətənimizə Qurban əti paylandı - FOTOLAR

İyul ayının 20-də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İslam dünyasının müqəddəs bayramlarından birini – Qurban bayramını qeyd etdilər. Bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi sayılan Qurban bayramı xalqımızın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünəməxsus şəkildə qeyd edib.

Bu ilki Qurban bayramının əvvəlki illərdən fərqi odur ki, indiki bayram 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın, Qarabağın azad edilməsi şəraitində keçirildi. Həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, diaspora nümayəndələrimiz qurbanlarını 30 illik yurd həsrətinin sona çatması, torpaqlarımızın azadlığa qovuşması diləklərinin reallaşması fonunda kəsdilər. Allah qatında dualarının qəbul olunduğu üçün uca Yaradana təşəkkürlərini bildirdilər. 

Bu möhtəşəm bayram möminlərə Allaha sədaqəti xatırladır və buna görə Qurban bayramında müsəlmanlar məscidləri ziyarət edir, namaz qılır və xeyirxah əməllər görməyə çalışırlar. Sədəqə verir, yaşlılara, ahıl insanlara kömək edir, bir-birinə xoş sözlər söyləyirlər. 

“Sherg.az” xəbər verir ki, Müqəddəs Qurban bayramında Moldovada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından ən fəalı - Moldova Azərbaycanlılar Konqresi də yüzlərlə həmvətənlərimizi sevindirdi, onların ailələrinə xoş günlər yaşatdı: 

“İyulun ayının 20-də Azərbaycan mədəniyyətini və İslam dininin dəyərlərini tanıtmaq və soydaşlarımıza yardım göstərmək Moldova Azərbaycanlıları Konqresi yüzdən çox həmvətənimizin bayramını öz sovqat payı ilə daha da gözəlləşdirdi. Moldova Azərbaycanlıları Konqresinin xoşməramlı təşəbbüsü və xeyirxah işi nəticəsində yaşlı insanlar, çoxuşaqlı və imkansız ailələr təbriklərlə yanaşı, həm də qurban ətləri ilə ikiqat sevinc yaşadılar”. 

Yüzlərlə soydaşımız aldıqları müqəddəs sovqata görə MAK rəhbərliyinə və üzvlərinə öz təşəkkürlərini bildirdilər. Moldova Azərbaycanlıları Konqresinin prezidenti Elçin Bayramov da öz növbəsində Allahdan xeyirxah və savab əməllərinin qəbul olunmasını təmanna etdi: 

“Ümid edirik, Allah xoş niyyətlə etdiyimiz əməllərimizi qəbul edəcək, dualarımız qəbul olunacaq. İnşallah, bundan sonra daha xoş günlərin şahidi olacağıq. İşğaldan azad edilmiş Qarabağımızda Qurbanlar kəsiləcək, dualar oxunacaq. Həmin torpaqlara həyat yenidən qayıdacaq”.