"Azərbaycan heyəti yanğından yanğına qaçır"

Yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının diqqətindədir

Azər Həsrət: "Biz Türkiyə ilə nəfəs alırıq. Ona görə FHN-in əməkdaşları bütün varlıqları ilə, bəzən də həyatlarını təhlükəyə ataraq yanğınların söndürülməsi üçün əllərindən gələni edirlər"

Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan göndərilən yanğınsöndürənlər qardaş ölkədə böyük sevgi ilə qarşılanıb. Yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının da diqqətindən kənarda qalmayıb. “CNN Türk” telekanalı qəzetlərdə gündəlik çıxan xəbərləri incələyərkən azərbaycanlı yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib. Proqramda “Türkiyə” qəzetinin “Azərbaycan heyəti yanğından yanğına qaçır” başlıqlı yazısına xüsusi diqqət çəkilib. Proqramın aparıcısı yanğınsöndürənlərimizin Ana Vətənlərindəki kimi çalışdıqlarını xüsusi qeyd edib.

Bu arada, “Türkiyə” qəzetinin sözügedən yazısında Azərbaycanın çətin zamanlarda yanında olan Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı vurğulanır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarında dəstək üçün qardaş ölkəyə 93 yanğınsöndürən maşın, bir helikopter və 710 nəfərlik heyət göndərib.

Tapşırıqdan tapşırığa qaçan heyətin 200 nəfərlik hissəsi Aydın vilayətinin Çine bölgəsində yanğınsöndürmə işlərinə qatılıb. “Sabah” qəzeti də yanğınsöndürənlərimizin xidmətinə biganə qalmayıb.

Qəzet yazır ki, “azərbaycanlı yanğınsöndürənlər eyni dili danışdıqları Türkiyədə yerli xalqla dialoq qurmaqda da heç bir çətinlik çəkmirlər”. “Takvim” qəzeti isə yazır ki, “Türkiyə Qarabağda qardaşlarını yalnız buraxmadı, Azərbaycan heyəti də Egedə yanğınların üzərinə atıldı. İki ölkənin qardaşlığını yenidən təsdiqlədi”. Yazıda daha sonra qeyd olunur ki, “azərbaycanlı qardaşların qazma-bellə dağlarda yanğınla mübarizəsi göz oxşayır”.

Qeyd edək ki, Türkiyədə sosial mediada sadə vətəndaşlar da göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar və yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər.

Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş Türkiyə xalqına bu çətin anlarda çox yaxından dəstək verir. O vurğulayıb ki,  onlar bütün varlıqları ilə, bəzən də həyatlarını təhlükəyə ataraq yanğınların söndürülməsi üçün əllərindən gələni edirlər:

"Bilirsiniz ki, bütün xalqımız Türkiyə xalqı ilə həmrəydir. Həmçinin, Azərbaycan dövləti də Türkiyə ilə həmrəydir. Təbiidir ki, İlham Əliyevin şəxsən özü yanğınla bağlı Rəcəb Tayyib Ərdoğanla daim əlaqə saxlayıb. Daimi olaraq xarici işlər nazirlərimiz də informasiya mübadiləsi edirlər. Yəni Azərbaycan bir növ Türkiyə ilə nəfəs alır. O baxımdan bizim əməkdaşlarımız da deyilənlərdən əslən geri qalmırlar. Və bacardıqlarından da artıq can fəda edərək qardaş ölkəyə, qardaş xalqa dəstək verirlər. Əlbəttə ki, bu da Türkiyə mediasının və ictimai rəyinin diqqətini cəlb etməyə bilməz. Ona görə də Türkiyədən çoxsaylı insanlar azərbaycanlıların təqdirlərini dilə gətirməkdə  xəsislik etmirlər".