Bu quşları daha görməyəcəyik!


Həyəcan təbili çalınır, quşların hər 5 növündən biri yox olacaq

Aparılan elmi araşdırmalara görə, Avropada quşların hər 5 növündən biri yox olmaq təhlükəsi ilə üz-üzədir. Qardaş Türkiyədə də vəziyyət ürəkaçan deyil. Türkiyə ərazisindəki 491 quş növündən 52-si yox olmaq təhlükəsi altındadır. Üstəlik, bu quşlar arasında şəhərlərdə, həyatı insanlarla birgə paylaşan, hamının rast gəldiyi, hər gün seyr etdiyi növlər də var. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, quşların hərəkətliliyini müşahidə etmək məqsədilə yaradılmış Avropa Quşları Qırmızı Siyahısı hesabat dərc edib. Siyahıda qeyd edilən nəticə təəssüf doğurur. Məhz bu nəticəyə görə hər 5 quş növündən biri yaxın zamanlarda yox olacaq. Bu təhlükə Türkiyə üçün də keçərlidir. Türkiyə  xeyli sayda müxtəlif quş növləri ilə yanaşı, bəzi quş növləri üçün yeganə ev sahibidir. Türkiyə quşların köç yolları üzərində yerləşir. Bununla yanaşı ölkə daxilində köç edən quşlar da var. Məsələn, qartal və şahinlər, həmçinin leyləklər cənuba doğru səfər edir və yolçuluq əsnasında İstanbul boğazında dincəlirlər.  Sonra isə Anadoludan keçərək Hataya doğru yol alırlar. Bu quşların köçü yaz aylarında baş tutur. Köçəri quşların digər yol marşrutu isə Artvindən keçir. Şərqi, cənubi Avropa və Orta Asiyadan gələn yüzlərlə növ quşun istirahət yeri məhz Artvindir. Onlar da sonra Hatay və Qaziantepə doğru yola davam edirlər. Leylək, göyərçin, fırlanğıc, qartal, pelikan kimi çoxsaylı quşlar Avropa və Asiyadan Afrikaya doğru yolçuluqları zamanı  Türkiyədə dincəlir. “KUŞMER” mərkəz müdiri, doktor Emrah Çelik bildirir ki, Dünya Təbiət və Təbii Qaynaqları Müdafiə Birliyi təqribən 38 min 500 quş növünün  yox olmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib. Bu haqda araşdırma aparılmış quş növlərinin 28 faizini təşkil edir. Türkiyədə də yaxın zamanda qu quşu, qaz və ördəklər, həmçinin sahil yırtıcı quşları da yox ola bilər. Təhlükəni önləmək üçün ekosistemin sululuq faizi yüksək saxlanmalıdır. Quraqlıqlar quşların ölümünə və nəsil kəsilmələrinə səbəb olacaq. Bu təhlükə susevər quşlarla yanaşı quraqlıq quşlarına da aiddir. Çünki su bütün canlılar üçün həyat qaynağıdır. Ekosistemi pozansa insanların təbiəti məhv etməsi, insanların yaşam əhatəsinin getdikcə genişlənməsidir. Qadağan edilmiş ovçuluq və ticarət maraqları da quşların məhv olmasını sürətləndirir.