"Azəriqaz" Qarabağın qazlaşdırılmasına dair planlarını açıqlayıb

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.

"Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək", - deyə o, qeyd edib.

Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.