Yeni yaranmış "Ağ” Partiyanın sədri, Tural Abbaslı təşkilatın formalaşması və gələcək fəaliyyət istiqamətlərindən danışıb. O, "Şərq”ə bildirib ki, əvvəllər üzvü olduğu Müsavat Partiyasında bəzi neqativ hallarla üzləşdikdən sonra tərəfdarlar ilə birgə ordan uzaqlaşmaq qərarına gəliblər və bu uzaqlaşma "Ağ blok”la başlayıb:
"Ölkəmizdə 2015-ci ildə baş tutan parlament seçkilərinə "Ağ blok” adı altında ayrıca namizədliyimizi verdik və marafona 8 namizədlə qatıldıq. Namizədlərimizdən 4-ü iştirak etdi. 4-ü isə qeydiyyata alınmadı. Sonradan düşündük ki, bloku siyasi partiyaya çevirək və siyasi arenada tam hüquqlu bir qurum kimi fəaliyyət göstərək. Digər yandan bilirdik ki, Azərbaycanda qeydiyyat məsələsi çox çətindir. Bu çətinlik bizi də gözləyirdi. Alternativ çıxış yolunu qeydiyyatdan keçmiş partiyaların birinə üzv olmaqda gördük. Beləliklə, hamımız Vahid Azərbaycan Partiyasının (VAP) sıralarına daxil olduq. Sonradan VAP-ın qurultayına hazırlıq üzrə təşkilat komitəsi yaradıldı. Bildiyimiz kimi, bu qurum 1993-cü ildən qeydiyyatdan keçib. Lakin siyasi proseslərdə iştirak etmirdi. Təşkilatın keçmiş sədri Kərrar Əbilov bir neçə ay öncə vəfat etdi. Bu partiyada qurultaya ehtiyac yarandı. Biz də VAP üzvləri kimi qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaratdıq. Qurultayda partiyanın adının dəyişdirilməsi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər irəli sürüldü. Bir sözlə, partiyanın real siyasi vəziyyətə uyğun hala gətirilməsi təşəbbüsü qaldırıldı. Qurultayın nəticəsi olaraq həmin təkliflər gerçəkləşdi. VAP-ın adını dəyişib "Ağ” Partiya (AP) qoyduq. İndi müvafiq sənədlər hazırlanır. Yaxın günlərdə Ədliyyə Nazirliyinə (ƏN) təqdim olunacaq. Amma bu artıq qeydiyyat sənədi deyil. Bunlar qurultayın nəticələrinə dair sənədlərdir. Çünki ƏN o sənədləri təsdiqləməlidir. Yəqin ki, yaxın bir həftə ərzində lazımi protokolları və hüquqi sənədləri tamamlayıb ƏN-ə təqdim edəcəyik. Düşünürəm ki, adıçəkilən qurum problem çıxarmayacaq. İlkin hədəflərimiz budur”.
Qarşıda təşkilati işlərin olduğunu söyləyən partiya sədri diqqətə çatdırıb ki, VAP siyasi passiv təşkilat olub: "İndi biz AP-ın yerli strukturlarının bərpa olunması, yeni üzvlərin cəlb olunması, yeni seçki məcəlləsinə uyğun islahatların formalaşdırılması və s. məsələlər üzrə işlər aparmaq istəyirik. Yaxın il yarım ərzində təşkilatlanma mərhələsi olacaq. Bu mərhələdə Azərbaycan cəmiyyəti AP-nin varlığını hiss edəcək”.
Digər siyasi təşkilatlarla münasibətlərə gəlincə, T.Abbaslı vurğulayıb ki, əslində müxalifət düşərgəsinə yad deyillər: "16 ildir ki, siyasətlə məşğul oluram. Demək olar ki, müxalif cameə ilə həm şəxs, həm də siyasi münasibətlərimiz var. Düzdü, bəzi siyasi proseslərdə əlaqələr korlana və yaxud da yeni münasibətlər qurula bilir. Amma biz qurultay keçirməzdən öncə, belə bir razılaşma əldə etdik ki, heç bir siyasi qüvvə ilə düşmənçilik aparmayacağıq. Hakim partiyaya düşmən deyil, rəqib olmağı düşünürük. Biz YAP-la siyasi rəqibik və onların hakimiyyətdən getməsini istəyirik. Bunun üçün siyasi mübarizə aparırıq”.
Qurultaya YAP, Müsavat və başqa partiya nümayəndələrini dəvət etdiklərini deyən partiya sədri əlavə edib ki, hər bir təşkilat onlarla münasibətdə özünü müəyyənləşdirəcək: "Bizə dost kimi yanaşacaqlarsa, dost, opponent kimi yanaşacaqlarsa, opponent münasibəti görəcəklər. Deyim ki, əsas məqsədimiz müxalifətdaxili rəqabət deyil”.
Ayyət Əhməd