Bədbin ssenari baş vermədi
Neftin qiyməti ilin ikinci yarısından yüksəlməyə başlayacaq
İsveçrənin aparıcı maliyyə qruplarından biri olan "Credit Suisse” qrupu tərəfindən təqdim edilən proqnoza görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə yaxın gələcəkdə neftə olan tələbat sənayedəki istehsal artımını ötüb keçəcək. Bunun nəticəsində isə artıq may ayında neftin barelinin qiyməti 50 dollara qalxa bilər.
"Credit Suisse” qrupunun qlobal energetika bazarlarının iqtisadiyyatı üzrə ixtisaslaşmış eksperti Yan Sitüartın gəldiyi nəticəyə görə, 2016-cı ildə neftə tələbat yenidən artım dövrünə qayıdır. Bu, neftin qiyməti üçün əlverişsiz olan bir sıra amillərin olmasına baxmayaraq baş verir. Onun fikrincə, iqtisadiyyat ressesiyaya yuvarlanmasa, bu il neftə tələbatın yumşaq bərpası gözlənilir. Qeyd edək ki, dünya bazarında son 20 gündə neftin barelinin qiymətinin 40 dollar ətrafında dəyişməsi də bu qənaəti gücləndirir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə neftin bahalaşması ilə bağlı proqnozların hələ ötən ilin sonlarından verildiyini vurğulayıb. Onun sözlərinə görə, pozitiv proqnozlarda ilin ortasından qiymətlərdə artım müşahidə olunacağı öz əksini tapmışdı: "Bu proqnozları doğuran səbəb ilin əvvəlində neft hasilatının azalması ilə əlaqədar idi. 2015-ci ildən şirkətlərin hasilatı azaltması istehsalda özünü göstərdi. Proqnozlara görə, ilin birinci yarısında hasilatçı ölkələrin atdığı addımlar öz nəticəsini verəcək və neftin qiyməti dibdən yuxarı qalxma mərhələsinə qədəm qoyacaq”.
İ.Şaban deyib ki, hər il neftin qiyməti ilə bağlı proqnozlar neqativ, neqativ-normal və pozitiv kimi verilir. Əgər cari il üçün bədbin proqnozlar özünü doğrultsa, dünya bazarında neftin qiyməti 20 dollardan aşağı həddə düşəcəkdi. Amma görünən odur ki, həmin ssenari baş vermədi: "Neftin ən aşağı qiyməti yanvar ayında 27 dollar təşkil edib. "Brent” markalı neftin qiyməti ondan aşağı düşmədi. Sonrakı dövrlərdə isə xeyli artım müşahidə olundu. Əgər son 3 həftəni götürsək, dünya bazarında neftin orta qiyməti 40 dollardan yüksək olub. Ortada çoxsaylı ssenarilər var və onların hansının düzgün olacağını neft oyunçuları, neft bazarı iştirakçıları özləri də müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu baxımdan mənim üçün də neftin qiyməti ilə bağlı dəqiq proqnoz vermək çətindir. Amma istənilən halda, neftin qiyməti artacaq. Sadəcə həqiqət budur ki, indiki dövrdə 50-60 dollar neftin yüksək qiyməti olacaq. Bununla belə, neftin qiymətinin sabit olacağını proqnozlaşdırmaq da çətindir. Neftin bu günə olan qiyməti 39 dollar civarındadır. Neft elə bir xammaldır ki, onun qiyməti heç vaxt stabil olmur. Hər zaman 2-3 dollar artım və ya enməsilə müşahidə oluna bilir”.
Neftin qiymətinin tədricən artmasının ilin ikinci yarısından sonra müşahidə olunacağını vurğulayan ekspertin sözlərinə görə, ilin sonu üçün neftin dəyərinin 50 dollardan yuxarı bir göstəriciyə çatmasını labüd hesab edirlər. Ancaq əsas məsələ bu deyil: "Bizim üçün mühüm olan 2016-cı il üçün neftin orta qiymətinin hansı həddə müəyyənləşməsidir: "Ötən il üçün neftin orta qiyməti 52,5 dollar olmuşdu. Bu ilin birinci rübü üçün orta qiymət 36 dollar hesablanıb. Əgər ikinci rübdə neftin orta qiyməti 40 dollardan 45 dollara qədər yüksələ bilsə, o zaman ilin birinci yarısı üçün orta qiymət 40 dolların ətrafında müəyyənləşmiş olar. İlin ikinci yarısından sonra isə neftin qiyməti stabil olaraq 50 dollar civarında olsa, cari il üçün neftin orta qiymətini 45 dollar götürə bilərik. Bu isə o deməkdir ki, ötən illə müqayisədə 7,5 dollar azalma var. Hansı ki, bu hesablamam pozitiv ssenari ilə götürülüb. Normalda neftin qiyməti 41, neqativdə isə 37,5 dollar götürülüb. Ancaq istənilən halda neftin qiyməti ötənilkindən aşağı ssenari üzrə hərəkət edir. Bu isə neftdən asılı olan ölkələr üçün yaxşı heç nə vəd eləmir”.
Şəymən