20 gün məcburi işlədiblər...

Gürcüstanda 19 azərbaycanlını əsir kimi saxlayıblar



Bakı sakini, sahibkar Sübhan Mehdiyev və oğlu Ramin Mehdiyev dələduzluğun qurbanı olub. Bu barədə redaksiyamıza S.Mehdiyevin özü məlumat verib. Şikayətçi qeyd edib ki, 25.04.2016-cı il tarixində işləmək məqsədilə Gurcüstanın Batumi şəhərinə yollanıblar və özləri ilə 19 ədəd yük maşını, bir ədəd ekskovator aparıblar: "20 gün biz orada qaldıq və işimiz alınmadığından maşınlarla birlikdə Azərbaycana qayıtmaq istədik. Bu məqsədlə tanışım olan Bəşarət Mirzəyev (+994 70 640-13-08 / basharatmirzoyev@mail.ru) adlı bir şəxsə Gürcüstandan zəng etdim ki, Azərbaycana qayıtsam, mənim üçün iş varmı? B.Mirzəyev mənə bildirdi ki, "Gürcüstanda mənim Görgiya (+9955 919-26-125) adında bir dostum var. Onun orada güclü, çox yaxşı işi var. Mən sizin telefon nömrənizi Görgiyaya verəcəm və o özü sizinlə əlaqə saxlasın. Daha sonra 2-3 günə mən də gəlirəm ora. Gəlib özüm işlə bağlı bütün məsələləri danışıb həll edəcəm və müqavilələri bağlayacam. B.Mirzəyev bir neçə gündən sonra Gürcüstana gəldi və guya ki, Bakı-

Axalkalaki-Qars Dəmiryolunda "balans” (daş məhsulu) daşımaq üçün işi danışdı. Müqavilə bağlamaq üçün mənimlə maşınlarıma öz adına və həmin şirkətin adına etibarnamə verməyimi istədi. Mən də ona etirazımı bildirdim. Sonra B.Mirzəyev mənə söylədi ki, sənin oğlunun adını qeyd edək bizim şirkətə, işçi kimi rəsmiyyətə salaq və daşınan məhsulun hər hər 1 kubunda mənə 7 tetri (nisbətində gürcü pul vasitəsi) çatacaq. Mən də bununla razılaşdım. Sürücülər texnikaları ilə fəaliyyətə başladılar, oğlum isə onlara nəzarəti həyata keçirirdi. 10 gündən sonra mən həmin şirkətə getdim və gördüm ki, oğlum R.Mehdiyevi rəsmi qeydiyyata salmayıblar və müqaviləsiz işlər davam etdirilir. Mən B.Mirzəyevə zəng edib ona dedim ki, gəlib müqavilə bağlasın. O isə mənə müqavilələri kompüter vasitəsi ilə bağladığını söylədi. Bir müddət sonra yəni, 2016-cı ilin iyun ayında mən Azərbaycana qayıtdım. Oğlum Gürcüstandan mənə zəng edərək xəbər verdi ki, "Yanacaq yoxdur. Şirkət nə yanacaq verir, nə də pul ödəyir ki, özümüz yanacaq alaq”. Sonra Görgiya zəng etdim və məndən xahiş etdi ki, 5-7 min pul göndər, maşınlar dayanmasın. Görgiya ilə tanış edən B.Mirzəyevə dedim ki, bunlar məndən yanacaq üçün pul istəyirlər. B.Mirzəyev mənə bildirdi ki, "mənim pulum yoxdur, övladıma toy edəcəm. Narahat olma, sən göndər, mən cavabdehəm”. Mən belə də etdim. Təxminən iyun ayının ortaları 2016-cı il tarixdə hamısı birlikdə 8.000 ABŞ dolları pulu Görgiya göndərdim. 27.06.2016–cı il tarixdə də özüm Gürcüstana getdim. Görgiya ilə görüşdüm və ona bildirdim ki, bir aydır işçilər işləyir və onların əmək haqları verilməlidir. O isə işçilərin və öz əmək haqlarımızı verə bilmədiklərini vurğuladı. Bildirdi ki, 30.000 kub çınqıl daşıyıb qurtardıqdan sonra əmək haqlarınızı alarsınız. Mən bir daha B.Mirzəyevə zəng edərək ona etirazımı bildirdim və ondan tələb etdim ki, Gürcüstana gəlib işçilərin əmək haqlarının alınıb verilməsini təmin etsin. B.Mirzəyev yenə mənə "narahat olma" deyib, övladının toyu olduğunu, bu səbəbdən gələ bilməyəcəyini söylədi. Qeyd etdi ki, guya, Görgiya ilə danışıb və sonuncu bizim əmək haqlarımızı verəcək. İki gün sonra əmim oğlu Namazov Fətulla Məhəmməd oğlu öz dostları ilə Gürcüstana gəlib Görgiya ilə danışdılar. Görgiya da onlara bildirdi ki, narahat olmayın, bir həftə ərzində 30.000 lari verəcəm, qalan hissəsini də iki həftəyə verib qurtaracam. Bundan sonra əmim oğlu və dostları Azərbaycana qayıtdı".

Şikayətçi diqqətə çatdırıb ki, gürcü sahibkar Görgiya hər gün boş ümidlər verərək, onları 20 gün ərzində məcburi işlədib: "Bu ərəfədə işçilərdən iki nəfərin hüzrü düşdüyü üçün getməli idilər və onlara pul lazım idi. Mən də Görgiyadan pul tələb etdim ki, işçiləri yola sal getsinlər, hüzrləri var. O isə "mən sizə pul verməyəcəm" dedi. Mən də B.Mirzəyevə zəng edərək Görgiyanın bizə pul vermək niyyətinin olmadığını bildirdim. B.Mirzəyev də mənə açıqladı ki, "Görgiyanın pulu yoxdur. Mən toyu edib gələcəm Gürcüstana və pulu alıb sizə verəcəm”. Bundan sonra, mən Görgiyaya zəng edib 900 lt yanacağın talonunu işçilərə verib onları Azərbaycana yola salacağımı vurğuladım. O isə mənə "Özün bilərsən!” sözündən başqa heç bir söz demədi. Maraqlısı odur ki, səhərisi gün məni öz yanına dəvət etdi və mənə "sən mənim yanacağımı niyə satırsan” deyərək məni hədələməyə başladı. Mən də ona dedim ki, "mən sizə satacağımı xəbərdarlıq etmişdim. Mən sizə 15 ton yanacaq almışdım. Həmin 900 lt yanacağı oradan çıxarsınız!”.

S.Mehdiyev bəyan edib ki, "Görgiya, sən Gürcüstan respublikasının qanunlarını bilmirsən” deyərək onu və oğlumu tutdurmaq və ölümlə hədələyib: "15 gün Görgiya bir qəpik pul vermədi və bizə bildirdi ki, Axalkalaki şəhərində əhalinin 100 faizi erməni millətidir, siz hazırda onların əsirisiniz. Bu erməni milləti sizi buradan getməyə qoymayacaq. Sağ qalmaq istəyirsinizsə, bir ay müddətində mənim üçün pulsuz çalışmalısınız. Daha sonra Görgiyanın ortağı Xaço gəlib həmin axşamı bizə bildirdi ki, əgər evinizə sağ-salamat dönmək istəyirsinizsə, Görgiyanın dediklərini edin. Onun sözündən çıxmayın. Bu minvalla onlar bizi 15 gün çalışmadan orada saxladılar. Verdikləri yeməklər isə yalnız makaron və vermişel olub. Həmin günə qədər bir qəpik pul verməyiblər. Əmim oğlu Fətulla və iki gürcü dostu 21.07.2016–cı il tarixdə B.Mirzəyevi Gürcüstana gətirib. Mən B.Mirzəyevə bildirdim ki, 19 nəfər Azərbaycan vətəndaşını burada əsir kimi saxlayıblar. B.Mirzəyev gülərək mənə bildirdi ki, sən əsirə oxşamırsan. Həmin axşam əmim oğlu Fətulla və onun iki dostu Görgiyaya etirazlarını bildirdilər ki, siz Azərbaycan vətəndaşlarına niyə əsir kimi davranırsınız. Görgiya qeyd etdi ki, ya birinci, ya da ki ikinci günü hamısının pullarını verib yola salacam. Həmin gecə əmim oğlu və onunla gələnlər Azərbaycana 
qayıtdılar. Bunu fürsət bilən Xaço və bir neçə erməni vətəndaşı ora gələrək bizim uşaqlara silah göstərib və bizi öldürəcəkləri ilə hədələyiblər. Həmin günün səhəri mən B.Mirzəyevlə Görgiyanın birlikdə qaldığı evə getdim və B.Mirzəyevdən 21 nəfər azərbaycanlının burada əsir saxlandığını və bunları Azərbaycana öz evlərinə yola salmağa köməklik göstərməsini xahiş etdim. B.Mirzəyev mənə bir saata söhbət edərik dedi. Bir saatdan sonra B.Mirzəyev və Görgiya restoranların birində səhər yeməyi yeyirdilər. Mən yenə onların yanına getdim. Görgiyadan bir daha pulumuzu verməsini tələb etdim. O isə mənim üstümə bıçaq çıxararaq hədə-qorxu gəldi. B.Mirzəyev bu vəziyyətə gülürdü. Mən də həmin restoranı tərk edib geri döndüm. Yarım saat keçdikdən sonra B.Mirzəyev mənə zəng edərək bir təklif etdi ki, burdan getməyiniz üçün sənin ekskovatorunu ucuz qiymətə, yəni, 25.000 min ABŞ dollarına ver Görgiyaya, əvəzində isə o, sizi azad buraxsın. Mən də ona bildirdim ki, Görgiyaya deyil, sənə sataram ki, Azərbaycanda pulumu ala bilim. Çünki o, bizim işlədiyimiz pulu vermir. Mən sonra ondan ekskovatorun pulunu necə alaram? B.Mirzəyev də mənə "sən mənə satsan da, mən ekskovatoru Görgiyaya verəcəm" dedi. Mən də özün bilərsən deyərək onun dediklərinə münasibət bildirmədim. Bundan sonra onlar məndən açarı və texpasportu tələb etdilər. Mən də bunlara dedim ki, "açar və tex pasport Rustavi şəhərindədir. Səhər gəlib pulun yarısını verərsiniz, açarı və texpasportu götürərsiniz. Bunlar bizim maşınları oradan çıxartmağımıza razılıq verdilər. 12 ədəd maşını biz sürüb Rustaviyə gətirdik. Görgiya Rustaviyə gələrək texpasport və açarı tələb etdi. Mən də ona "mən B.Mirzəyevə satmışam" dedim. B.Mirzəyev gəlsin, ona verim. O isə mənə B.Mirzəyevin Azərbaycanda olduğunu bildirdi. Mən də ona söylədim ki, B.Mirzəyev gəlməsə, mən sənə nə açar, nə də ki, texpasport verəcəm. O isə mənə dedi ki, sənin Axalkalakidə qalan 5 ədəd maşınını və 1 ədəd ekskovatorunu verməyəcəyəm. Mən B.Mirzəyevə zəng etdim, o mənə bildirdi ki, get nə edirsən et, məni rahat burax zəng etmə birdə mənə, mənlik deyil. Mən və 20 nəfər orada çalışan işçilər iki ay əmək haqlarımızı almadan çox zülm çəkdikdən sonra nəhayət ki, Azərbaycana qayıtdıq.

Şikayətçi onu da əlavə edib ki, B.Mirzəyev azərbaycanlıları min bir fırıldaqla aldadaraq ora aparır, orada onları müvəqqəti erməni əsirliyinə təhvil verərək geri qayıdır: "Ermənilər isə onları əsir kimi bir müddət işlədərək onlara məxsus texnikanı əllərindən alıb ölkəmizə "qovurlar”. Mən bunları orada olan bizim dövlət nömrə nişanlı texnikaları gördükdən sonra yəqin etdim. Məhz bildiklərim məni vadar etdi ki, bu məsələnin dərindən araşdırılması üçün birbaşa mətbuata müraciət edim. Çünki bu gün Azərbaycan insanını aldadıb işlətməyə aparan bir şəxs, sabah ölkəmiz əleyhinə nə desəniz edə bilər. Mən aydın bilirəm ki, ölkəmizin Xüsusi Xidmət Orqanlarının bu olaylardan məlumatı yoxdur. Bu səbəbdən də mən öz vətəndaşlıq mövqeyimi ortaya qoyaraq başıma gələnlər barədə mətbuat vasitəsilə aidiyyəti şəxsləri məlumatlandırıram. Və Azərbaycan hökumətindən öz vətəndaşına sahib çıxmasını istəyirəm. Eyni zamanda bu məsələni mətbuata açıqlamaqda məqsədim odur ki, B.Mirzəyev kimi dələduzlar digər Azərbaycan vətəndaşlarını aldadıb, həmin "cəhənnəm”ə apara bilməsin".

S.Mehdiyev məsələdən xəbər tutan əlaqədar orqanlardan B.Mirzəyevin bu əməlləri barədə lazımi araşdırma aparmalarını xahiş edib: "İstəyirəm ki, əlaqədar qurumlar bizim bu müddət ərzində çəkdiyimiz iztirabların haqqını onlardan alsınlar. Mən bu barədə Gürcüstan Respublikasının da aidiyyəti orqanlarına müraciət etmişəm. İnanıram ki, Azərbaycanın aidiyyəti qurumları məsələyə müdaxilə edib, hüquqlarımızı bərpa edəcək. Çünki dünyanın hansı ölkəsindən olmasından asılı olmayaraq Azərbaycan öz vətəndaşlarına sahib çıxır".

Ayyət Əhməd