2019-cu ildə Qarabağın həllində dönüş olacaq

Rusiya tərəfinin proqnozlarına Azərbaycan ekspertləri də inanır



Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üzrə daha əlverişli atmosfer formalaşdırılacağını deyib:

"Mən dediklərim üçün əsaslar artıq qoyulub. Siz bilirsiniz ki, münaqişə tərəfləri arasında ən yüksək səviyyədə görüşlər keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da görüşlər keçirilib".

Rusiyalı diplomat bu yaxınlarda bu mövzuda Azərbaycan xarici işlər nazirinin məsələ ilə bağlı qiymətləndirməsini eşitdiyini vurğulayıb: "Bilirəm ki, gələn il daha bir görüş planlaşdırılıb". Boçarnikov əlavə edib ki, Rusiya belə bir tendensiyanı dəstəkləyir: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi biz bundan sonra da belə görüşləri dəstəkləyəcəyik".
Dağlıq Qarabağ münaqişəsi ərtafındakı mövcud vəziyyəti və gələn il üçün perspektivləri şərh edən yerli politoloqların da gələn ilə dair müsbət gözləntiləri var.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru bir addım olmadığını deyib: 

"Bu il baş verən yeganə hadisə Ermənistanda baş verən hakimiyyət dəyişikliyidir. Müəyyən mənada bunu nisbi uğur kimi dəyərləndirmək olar. Azərbaycan torpaqlarının işğal edilməsində, Xocalı faciəsinin törədilməsində bilavasitə iştirak edən Qarabağ klanı 20 ildən artıq idi Ermənistanda hakimiyyətdə idi. Ermənistanın yeni rəhbərliyinin isə bu işğal prosesində iştirakı olmayıb. Bu mənada 2019-cu ildə münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının intensivləşməsinə dair müəyyən ümidlər var.
Bundan əlavə danışıqlar prosesində heç bir ciddi proses müşahidə olunmadı. Hər il olduğu kimi formal görüşlər, həmsədrlərin əhəmiyyətsiz səfərləri və s.”.

Hazırda təmas xəttində ciddi atəşkəs pozuntusunun olmadığını vurğulayan politoloqun sözlərinə görə, yeni ilin ilk 3 ayında Paşinyan münaqişənin həlli istiqamətində real addımlar atmasa, cəbhə xəttində yenidən vəziyyətin gərginləşmə ehtimalı var: 

"Hesab edirəm ki, Azərbaycan bu dəfə öz mövqeyini daha sərt formada ortaya qoymalıdır. Paşinyan anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə sülh danışıqlarına getməsə, ölkəsinin gələcəyi olmayacaq. Azərbaycan Ermənistana ultimatum verməlidir ki, əgər 3-6 ay ərzində Qarabağ ətrafındakı rayonları boşaltmasa, nəticəsinə qatlanmaq məcburiyyətində qalacaq”.

Siyasi elmlər namizədi Zaur Məmmədov isə hesab edir ki, 2018-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluğu ilə yadda qalıb: 

"Təəssüflər olsun ki, Ermənistanın daxilində baş verən proseslər münaqişə prosesinə də təsirsiz ötüşmədi. 2019-cu ildə isə problemin həllinə dair ümidlərim daha çoxdur.

Hesab edirəm ki, gələn il Ermənistan üçün məsuliyyətli illərdən biri olacaq. Ermənistan ya ətraf rayonları Azərbaycana qaytarmalıdır, ya da rəsmi Bakı alternativ yollardan istifadə edərək ərazi bütövlüyünün təmin olunması istiqamətində öz mübarizəsini davam etdirəcək”.

Danışıqlar prosesində yeniliklər olacağını proqnozlaşdıran politoloq deyib ki, bu yeniliklər hər iki Cənubi Qafqaz ölkəsində baş verən dəyişikliklərlə bağlıdır: "Gec-tez Ermənistan tərəfi iqtisadi və siyasi inkişafa gedən yolun məhz Dağlıq Qarabağ probleminin nizamlanmasından keçdiyini anlamalıdır”.

Şəymən