2019-cu ilin buraxılış və qəbul imtahanı fərqli olacaq

Məktəb də, valideynlər də bilir ki, şagirdlər ingilis dili imtahanından üzüağ çıxmayacaqlar
Kamran Əsədov deyir ki, orta məktəblərdə bilik səviyyəsi qismən yüksək olan müəllimlər də öz biliklərini məqsədli şəkildə şagirdlərə vermir


2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. Bu dəyişikliyin labüd olduğunu hesab edən ekspertlərə görə, ölkə təhsili 2008-ci ildə kurikulum standartları ilə tədris prosesinə keçib və həmin şagirdlər 2019-cu ildə XI sinifi bitirirlər. Onların təhsil aldıqları müddətdə ətdə etdikləri bilik və bacarıqları ənənəvi qaydada yoxlamaq, ölçmək mümkün deyildi. Ona görə də qiymətləndirilməyə yeni yanaşma tələb olunurdu.

İkincisi isə Azərbaycan təhsili müasir çağırışlara cavab verməyi, bilik və bacarıqları müasir standartlara cavab verən şagird, şəxsiyyət yetişdirməyi qarşısına hədəf kimi qoyub. Artıq ölkə təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçib.

2019-cu ildə tətbiq edilən yeniliklərin hər birini ayrı-ayrılıqda təhlil etdikdə ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum oldu.

Məlum olduğu kimi, 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə "dinləyib-anlama” bacarıqları da yoxlanılacaq.
Bu günə qədər buraxılış imtahanlarında ingilis dili fənnindən imtahan nəzərdə tutulmadığını vurğulayan təhsil eksperti Kamran Əsədov əlavə edib ki, şagirdlər xarici dildə dinləmə və anlama bacarıqlarına görə sınağa çəkilmirdilər: 

"Amma 2019-cu ilin buraxılış və qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq. Valideynlər də, elə məktəblərdə ingilis dilini tədris edən müəllimlər də yaxşı bilir ki, məzunlar bu imtahandan üzüağ çıxmayacaq. Ona görə də elə indidən çarəni bu fəndən repetitora müraciət etməkdə görürlər. Ali məktəbə qəbul imtahanlarının nəticələrini təhlil etsək görərik ki, ən bərbad nəticə xarici dil, əsasən də ingilis dilindədir. İlk növbədə bu, ümumtəhsil müəssisələrində ingilis dili tədris edən müəllimlərin bilik və bacarıqlarının çox aşağı səviyyədə olması ilə bağlıdır. 

Təhsil Nazirliyinin 2014-cü ildə keçirdiyi müəllimlərin diaqnostik imtahanında 45 faizə qədər ingilis dili müəlliminin bilik səviyyəsinin bu dil üzrə çox aşağı olduğu üzə çıxdı. Müəllimlərin işə qəbul imtahanında heç bir ingilis dili müəllimi maksimum nəticə göstərə bilmədi. Təbii ki, özü maksimum nəticə göstərə bilməyən müəllim qarşısındakına yüksək səviyyədə bilik verə bilməz. 

Əgər dövlət büdcəsindən xarici dilin tədrisi üçün vəsait ayrılırsa, deməli, ingilis dili dərsində müəllim şagirdlərlə ingilis dilində danışmalı, onların bu dildə dinləyib anlama bacarığına yiyələnməsi üçün zəhmət çəkməlidir. Amma ümumtəhsil müəssisələrində ingilis dilinin tədrisi o qədər aşağı səviyyədədir ki, müəllimlər 2019-cu ildə həyata keçiriləcək yeniliyə, buraxılış imtahanında dinləmənin tətbiqinə etiraz etməyə başladılar. Halbuki, indiyə qədər onlar öz şagirdlərinə bu bacarığı aşılamalı idilər. 

Ona görə də diaqnostik qiymətləndirmə zamanı nəticəsi aşağı olan müəllimlər sistemdən uzaqlaşdırılmalı, vakant yer olmadığı üçün iş növbəsi gözləyən, daha müasir standartlara cavab verən, bilik bacarıqları yüksək olan müəllimlər işə gətirilməlidir. Bu gün bizim 4500-ə yaxın ümumtəhsil məktəbimizdə 151 min müəllim çalışır. Onların yarıya qədərinin biliyi öz ixtisasına görə 50 faizdən aşağıdır. Biz onları sistemdən azad etməli, əvəzinə yüksək bal toplamış, amma vakant yer olmadığı üçün işsiz qalan müəllimləri məktəbə işə götürməliyik. Bu gün repetitorluğun kütləvi hal almasının səbəbi orta ümumtəhsil məktəblərində tədrisin səviyyəsinin aşağı olması və hesabatlığın, nəticəyönümlülüyün olmamasıdır”.

K.Əsədovun sözlərinə görə, bu gün orta məktəblərdə bilik səviyyəsi qismən yüksək olan müəllimlər də öz biliklərini məqsədli şəkildə şagirdlərə vermir:

 "Müəllimlərin özləri məktəbdə savadsızlar mühiti formalaşdırır ki, şagirdlər dərsdən sonra ödənişlə onlardan bilik alsınlar”.

Şəymən