- ABŞ-nin Cənubi Qafqaza yönəlik siyasəti Ermənistan və Azərbaycanda da rəğbətlə qarşılanır
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən gərginliyə baxmayaraq, Cənubi Qafqazdakı prosesləri də diqqətdən kənarda saxlamır. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məqalə yazıb.
ABŞ prezidenti isə onun məqaləsini “Truth Social”dakı səhifəsində paylaşıb. Material “Tramp dondurulmuş münaqişəni necə sülh modeli nümunəsinə çevirdi?” başlığı altında yayımlanıb. Məqalədə sülh prosesində Trampın və prezident İlham Əliyevin rolu xüsusi vurğulanıb. Uitkoff həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məsələsinə toxunub. Bu çərçivədə Ermənistan ərazisindən keçəcək “Tramp marşrutu” layihəsinin formalaşdığını da yazıb.
ABŞ prezidentinin Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dair paylaşım etməsi hansı mənaları ehtiva edir?
Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, yazılan məqalə uzunmüddətli münaqişənin qısa zaman kəsiyində ABŞ prezidenti tərəfindən həll olunduğunu bütün dünyaya nümayiş etdirmək istəyidir: 
“Bu yolla Trampın ənənəvi siyasətdən fərqlənən lider olduğunu və sülhə üstünlük verdiyini nümayiş etdirməyə çalışırlar. Məsələ bundadır. Buna görə də Tramp Uitkoffun məqaləsinə ehtiyac duyaraq, onu öz sosial media səhifəsində yenidən paylaşıb. ABŞ baxımından bu, olduqca böyük geosiyasi üstünlük və strateji nailiyyət deməkdir. Çünki Birləşmiş Ştatlar yeni nəqliyyat-kommunikasiya layihəsi vasitəsilə Cənubi Qafqazda həm mövcudluğunu təmin edir, həm də mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. ABŞ-nin Cənubi Qafqaza yönəlik siyasəti Ermənistan və Azərbaycanda da rəğbətlə qarşılanır. ABŞ-nin Gürcüstan hakimiyyətinə münasibəti də tədricən transformasiya olunur. Belə ki, bu ölkəni regional və qlobal proseslərdən təcrid etməyə hesablanmış yanaşma əvəzini konstruktiv əməkdaşlıq xəttinə verir. Bütövlükdə bu tendensiya Cənubi Qafqazda Birləşmiş Ştatların mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməklə yanaşı, mövcud status-kvonun köklü şəkildə dəyişməsinə zəmin yaradır”.
Politoloqun sözlərinə görə, Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsi, Rusiyanın bölgədə təsir rıçaqlarının zəifləməsinə səbəb olacaq:
“Tramp layihəsi əsas adı ilə desək Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini illərdir coğrafi olaraq kənarda qalan Naxçıvanla birbaşa birləşdirir. Bu, çox mühüm məsələdir. Layihə əsasında ən azından Şimali Azərbaycan bütövləşəcək. Eyni zamanda, marşrut vasitəsilə Azərbaycan birbaşa avtomobil və dəmir yolu xətləri vasitəsilə qardaş Türkiyə ilə qırılmaz nəqliyyat bağı qurur. Məsələyə daha geniş geosiyasi çərçivədən yanaşdıqda aydın görünür ki, "Tramp layihəsi" Türkistanı, Cənubi Qafqazı və Anadolunu, bütövlükdə Türkiyəni bir-biri ilə sıx şəkildə birləşdirən qlobal miqyaslı inteqrasiya xətti rolunu oynayır. Başqa sözlə, bu təşəbbüs bütövlükdə Türk dünyasının coğrafi bütövlüyünü təmin edir”.
N. Mirinin fikrincə, TRIPP layihəsinin Ermənistan üçün də həm həlledici geosiyasi, həm də ciddi geoiqtisadi çəkisi mövcuddur:
“Birincisi, kommunikasiya xəttinin işləkliyi Ermənistana Rusiya və digər postsovet ölkələrindən gələn yükləri başqa dövlətlərin ərazisindən dolanbac yollarla daşımaq məcburiyyətindən qurtaracaq. Hazırda yüklər əvvəl Azərbaycandan Gürcüstana, oradan isə Ermənistana daşınır. Bu da əlavə zaman itkisi, və yeni tariflər deməkdir. “Tramp marşrtutu” Ermənistana Azərbaycan üzərindən Rusiya ilə birbaşa dəmir və avtomobil yolu əlaqəsi yaradır. Eyni zamanda, layihə reallaşdıqdan sonra Naxçıvanın Culfa stansiyası üzərindən Ermənistanın İrana birbaşa dəmir yolu çıxışı bərpa olunacaq. Sovet dönəmində də belə bir dəmir yolu sistemi mövcud idi. Bundan başqa, Naxçıvandan keçən xətt Qars üzərindən Türkiyəyə, oradan isə Avropaya, Aralıq dənizinə, Yaxın Şərqə və Körfəz ölkələrinə çıxış açır ki, bu da Ermənistan üçün yeni bazarlar və iqtisadi nəfəslik deməkdir”.