5-dən çox uşağı olan analara müavinət veriləcək

Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub



"Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlər veriləcək”. Bunu Modern.az saytına eksklüziv açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Deputatın sözlərinə görə, ölkə başçısı tərəfindən bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. "Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının imzası ilə Milli Məclisə belə bir qanun layihəsi daxil olub. Bu sənədi biz sentyabrın 30-da komitə iclasında müzakirə edəcəyik”. H.Rəcəbli həmçinin qeyd edib ki, "layihədə "Sosial müavinətlər haqqında” qanunun üç maddəsinə dəyişiklik edilib. Bunlar müavinətlərin növləri, müavinətlərin təyin olunma şərtləri və müavinətlərin təyin edilmə müddəti maddələridir. Sənədə əsasən, çoxuşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 5-dən çox uşağı olan analara maliyyə dəstəyi kimi müəyyən müavinətlər verilməsi nəzərdə tutulur”. Deputat onu da qeyd edib ki, sözügedən layihədə 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı 1 yaşına çatdıqda və uşağın 18 yaşı tamam olan ayın sonunadək xüsusi müavinət ödəniləcək. "Maliyyə dəstəyinin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşəcək. Müavinətlər gələn il yanvarın 1-dən ödənilməyə başlanacaq və bu, təxminən hər anaya 50 manata qədər ola bilər. Ölkə üzrə belə anaların sayı bu gün 10 min nəfəri üstələyir.”-deyə komitə sədri bildirib.