Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də görkəmli dövlət xadimi Nəriman Nərimanovun nəşinin Moskvadan Azərbaycana gətirilməsinə münasibət bildirib. Nazir modern.az saytına açıqlamasında bildirib ki, Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi hələ ki, rəsmi Bakının gündəmində deyil. "Belə bir məsələ heç müzakirə də olunmayıb”-deyə Ə.Qarayev vurğulayıb.
Azərbaycan SSR-in ilk dövlət başçısı Nəriman Nərimanovun nəşinin Azərbaycana gətirilməsi gündəmə gələndən bəri məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Moskvadakı Qızıl Meydanda, Kremlin divarları yaxınlığındakı qəbirlər Mıtışi Federal Hərbi Memorial qəbiristanlığa köçürüləcəyi təqdirdə Nərimanovun da cəsədinin həmin ərazidən götürüləcəyi gözlənilir. Ümumən Lenin mavzoleyinin arxasında yerləşən nekropolda 116 nəfər dəfn olunub. Məzarı başqa məkana daşınacaq şəxslər arasında sovet Azərbaycanının ilk rəhbərlərindən biri olmuş Nəriman Nərimanov da var. Artıq bununla bağlı millət vəkilləri də öz fikirlərini bildiriblər. Deputatların əksəriyyəti Nərimanovun məzarının Azərbaycana gətirilməsinin tərəfdarı olduğunu deyib.
Qeyd edək ki, N.Nərimanov Qızıl meydanda dəfn olunmuş ilk və yeganə azərbaycanlı dövlət və siyasət adamıdır. O, sovet Azərbaycanının dövlətçiliyi tarixində özünəməxsus yer tutub. Nəriman Nərimanov təkcə dövlət və siyasət xadimi deyil, eyni zamanda ədəbiyyatçı və maarifçi olub. Azərbaycanda ilk ictimai qiraətxananı o açıb. Əsərləri uzun illər boyu dərsliklərə salınıb. Lakin Nəriman Nərimanovun həyatının son illəri Mərkəzi hökumət tərəfindən daim gözdən salınıb.