“Həzi Aslanov”un yanında yeni stansiya tikilir




Hazırda Xətai rayonunda "Həzi Aslanov” metro stansiyasının yanında yeni stansiya tikilir. Bu barədə Bakı Metropoliteninin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib. Onun sözlərinə görə, indi mövcud olan iki xətt - "Dərnəgül-Xətai” və "İçərişəhər-Həzi Aslanov” stansiyaları eyni səviyyədə metronun "28 May” stansiyasında kəsişirlər: "Lakin yaxın gələcəkdə bu xətlərin ayrılması nəzərdə tutulub və artıq bu istiqamətdə işlər görülür”. APA

R.Bayramov deyib ki, bu istiqamətdə aparılan işlərlə əlaqədar "Dərnəgül” stansiyasından "Nizami” stansiyası, daha sonra "Cəfər Cabbarlı” və "Xətai” stansiyalarından keçməklə hazırda "Həzi Aslanov” metro stansiyasının yanında tikilən və şərti olaraq "Həzi Aslanov-2” adlandırılan stansiyaya doğru qatarların hərəkəti təmin olunacaq: "Yəni "Xətai” və "Həzi Aslanov-2” arasında əlavə olaraq 3 stansiya da tikiləcək. Bu xəttin davamı olaraq "Köhnə Günəşli”, "Yeni Günəşli”, "Qaraçuxur”, "Bakıxanov”, "Koroğlu” stansiyasının yanında yeni bir stansiya tikiləcək və oradan "Dərnəgül” stansiyasından qapanmaqla dairəvi xətt əmələ gələcək”.