Elxan Şahinoğlu: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və bu istiqamətdə söz haqqını Rusiyanın öhdəçiliyinə verib”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahatdır. C.Uorlik "Amerikanın səsi”nin Ermənistan bölməsinə verdiyi müsahibəsində təmas xəttində gərginlik olduğunu bəyan edib. Həmçinin bildirib ki, ATƏT-in Minsk Qrupunun etmək istədiyi aktiv hərbi əməliyyatların yenidən alovlanmasının qarşısını almaqdan ibarətdir: "Burada müntəzəm olaraq insidentlər baş verir və insanlar həyatlarını itirirlər”.
Regiona səfəri barədə danışan həmsədr bildirib ki, o buradakı vəziyyəti bütün tərəflərdən öyrənmək istəyib. Amerikalı həmsədrin sözlərinə görə, bütün tərəflər əhalisini müharibəyə deyil, sülhə hazırlamalıdır: "Bütün tərəflər təkcə münaqişənin həllini tapmaq üzərində işləməməli, həmçinin gələcəkdə böyük sülhə və firavanlığa gətirib çıxaracaq həll yolu üçün əhalini maarifləndirməlidir”. Münaqişənin aktivləşməsinin nə Azərbaycan, nə də Ermənistan xalqının maraqlarına cavab verdiyini vurğulayan həmsədrin sözlərinə görə, irəliyə getmək üçün tərəflərin siyasi iradəsi vacibdir. Bu isə o deməkdir ki, bütün tərəflər kompromisləri qəbul etməlidir.
Politoloqların qənaətincə, Ceyms Uorlikin təyinatı və bölgəyə səfərləri prosesə müəyyən mənada pozitiv dinamika qata bilər. Amma bununla belə, prosesdə istənilən dəyişiklik həmsədr ölkələrin mövqeyindən asılıdır.
Həmsədrin narahatlığının sadəcə görüntüyə hesablandığını vurğulayan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, onun açıqlamalarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: "Əslində C.Uorlikin Dağlıq Qarabağ və təmas xəttindəki gərginliklə bağlı heç bir narahatlığı yoxdur. Sadəcə, həmsədr özünün fəaliyyətini, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində gördüyü işləri qabartmaq üçün bu cür bəyanatlar yayıb. Əslində fikir versəniz, C.Uorlikin açıqlamaları əvvəlki həmsədrlərin bəyanatlarının eynidir. Hər bir həmsədr yeni təyin olunan zaman özünü göstərir. Sonrası isə hər kəsə bəllidir. Odur ki, C.Uorlikin də bu cür bəyanatlarına, narahatlıqlarını ciddiyə almaq, önəm vermək lazım deyil”.
Həmsədrin buradakı vəziyyəti bütün tərəflərdən öyrənmək istəməsinə toxunan Ə.Oruclu bildirib: "20 ildir öyrənirlər. İndi nəyi öyrənmək istəyirlər? Əgər bu vaxtadək öyrənməyiblərsə, 20 ildə nə iş görüblər? Bu tipik diplomatik vasitədir, tərəfləri yola vermək üçün”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ceyms Uorlikin səmimiliyinə və ABŞ-ın münaqişənin həlli istiqamətində aktivliyini artırmasına inanmadığını deyib: "Yaxın təcrübələr də göstərir ki, Qarabağ münaqişəsini indiki situasiyada həll etmək mümkün deyil”.
C.Uorlikin bəyanatlarını sadəcə yeni həmsədr olaraq özünü göstərməyə hesablandığını vurğulayan E.Şahinoğlu da vurğulayıb ki, onun təmas xəttindəki gərginliklə bağlı narahatlıqları sadəcə görüntü xarakterlidir:
"Yeni həmsədr hər nə qədər açıqlamalar verib, mesajlar göndərsə də, onun bu səfərləri hələ ki, sadəcə kəşfiyyat xarakteri daşıyır. Çünki C.Uorlik bölgəyə bir o qədər də bələd deyil. Açıqlamalarından görünür ki, hələ ki, ehtiyatlı davranır. Əslində isə həmsədrin açıqlamalarının, narahatlıqlarının elə bir önəmi yoxdur. Biz ötən 20 müddətində aktiv həmsədr də görmüşük, passiv olanı da. Bu illər bizə bir şey öyrədib ki, önəmli olan həmsədrlərin fəaliyyəti deyil. Önəmli olan həmsədr dövlətlərin hərəkətə gəlib, münaqişənin həllini sürətləndirməsidir. Əgər böyük dövlətlər hansısa həllə dair bir işarə verməyəcəksə, onları təmsil edən diplomatların da bölgəyə səfərlərindən, fəallığından elə bir ciddi nəticə gözləməyə dəyməz.
Gördüyünüz kimi, o da digər həmsədrlər kimi işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik işarəsi qoydu. Nə qədər ki, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoyulacaq, o zamana qədər kim gəlir-gəlsin, Qarabağ düyünü açılmayacaq. E.Şahinoğlunun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və bu istiqamətdə söz haqqını Rusiyanın öhdəçiliyinə verib: "Şahidi olduq ki, Barak Obama prezidentliyinin ilk dönəmində münaqişənin həllinə dair heç bir aktivlik göstərmədi. Bu müddətdə Dağlıq Qarabağ probleminə dair heç bir görüş keçirilmədi. İkinci dönəmdə də maraq göstərmədiyi göz önündədir. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, ABŞ birmənalı Rusiyanın bölgədəki hökmranlığına göz yumub və onun maraqlarına qarşı çıxmaq istəmir. 2000-ci il Küveyt şəhərindəki görüşündən sonra ABŞ-da heç bir müzakirə aparılmayıb. Həmin vaxtdan üzü bəri Dağlıq Qarabağ probleminin həllində əsas vasitəçi Rusiyadır. Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri səviyyəsində baş tutan görüşlər də məhz bu dövlətin vasitəçiliyi ilə keçirilib. Bu mənada C.Uorlikin narahatlığından ümidlənməyə dəyməz. Faktiki olaraq Vaşinqtonun Qarabağ probleminə "diqqət”i göz önündədir.