"Müharibəyə əl atmalıyıq"- BAYRAM SƏFƏROV




Azərbaycan müharibəyə hazır olmalıdır.

Bunu Sherg.az-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov söyləyib. 

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti cəbhə xəttində təxribatlar törətməklə münaqişənin həllini uzatmağa çalışır

"Azərbaycan ilk növbədə sülh olmasını istəyir, lakin müharibəyə də hazır olmalıyıq. Ermənistanda əhalinin narazılığı artdığına görə, hakimiyyət xalqın diqqətini yayındırmaq üçün cəbhə xəttində təxribatlar həyata keçirir. Atəşkəsin pozulması ilə vaxt qazanmağa çalışır. Lakin bütün dünya ölkələri, o cümlədən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın öz daxilində yürütdüyü siyasətə heç bir dövlət müdaxilə edə bilməz”.

B. Səfərov onu da əlavə edib ki, aprel savaşının təkrarlanması isə cəbhədə baş verən proseslərdən və Azərbaycanın siyasət istiqamətindən asılıdır: "Ali baş komandanın açıqlamaları müzakirə olunmur. Torpaqlarımızın işğaldan azad olunması üçün sülh yolu nəticə vermədikdə, müharibəyə əl atmalıyıq”.
Qeyd edək ki, son günlər cəbhədə atəşkəsin intensif pozulması və separatçı Ermənistanın danışıqlar masasına oturmaması aprel döyüşlərinin təkrarlanacağı ehtimalını gücləndirib.

Ayyət Əhməd