Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının birinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın assambleya üzvləri qarşısında NK-nin fəaliyyətinə dair hesabat-çıxışı dinlənilib. Daha sonra erməni nazir assambleya iştirakçılarının suallarına cavab verib.
APA-nın Strasburq müxbirinin xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov nazirə sual ünvanlayaraq onun budəfəki çıxışının nisbətən qərəzsiz olduğunu söyləyib və bunu təqdirəlayiq adlandırıb: "Cənab nazir, bundan əvvəlki qərəzli çıxışınızdan sonra mənim bu haqda AŞPA sədrinə göndərdiyim etiraz məktubumu nəzərə alıb, bu dəfə nisbətən balanslaşdırılmış çıxış etdiyinizə görə çox şadam. AŞ NK-nin sədri olaraq azərbaycanlıların Ermənistan tərəfindən Dağlıq Qarabağdan kütləvi şəkildə zorla çıxarılmasına necə baxırsınız? Sizcə, biz bu məsələni necə həll edə bilərik? Ermənistan tərəfindən heç vaxt bu suala cavab gəlmir, bu məsələ ilə bağlı nə düşünürsünüz?”
E. Nalbandyan bu sualı belə cavablandırıb: "Ötən sessiyadakı çıxışım sizi ona görə narazı saldı ki, mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində yaranmış real vəziyyəti söyləmişəm. Çünki bu məsələdə doğrudan da Azərbaycan və Ermənistanın mövqeləri arasında müəyyən fərqlər var. Bizim mövqeyimiz danışıqlarda vasitəçilik etmək üçün mandatları olan ABŞ, Rusiya və Fransa kimi ölkələrin mövqeyinə tam uyğundur. Onlar bir neçə dəfə, bir çox yerlərdə yüksək səviyyədə, prezidentlər səviyyəsində bəyanatlar verərək, öz mövqelərini bildiriblər. Azərbaycanın mövqeyindən fərqli olaraq, Ermənistan tərəfi bu münaqişəni 3 həmsədr ölkə tərəfindən irəli sürülmüş təkliflərə uyğun olaraq həll edilməsinə hazır olduğunu nümayiş etdirir. Sizin isə burda səsləndirdiyiniz məsələ Azərbaycanın mövqeyidir və bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir”.